İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımızın uğurlu çıxışı

Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir. Koreş idman növü üzrə ölkəmizi təmsil edən idmançılarımızdan Ariz Hüseynov (60 kiloqram) və Mehdi Həciyev (80 kiloqram) gümüş, Abdulla Şərif (90 kiloqram) və Cəsur Mehdiyev (70 kiloqram) isə bürünc medal qazanıblar. Cüdoçularımızdan Südabə Ağayeva (70 kiloqram), Hüseyn Allahyarov (60 kiloqram) və Rəşad Yelkiyev (66 kiloqram) bürünc medala sahib olublar. Qılıncoynatmanın sablya növü üzrə qadın idmançılarımız komanda hesabında bürünc medala yiyələniblər.

Ağırlıqqaldıranımız 3 medal əldə edib

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında keçirilən Avropa çempionatında təmsilçimiz Muhəmmədəli Məmmədzadə 3 medal qazanıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 96 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Birdənqaldırma hərəkətində 120 kiloqramı ram edərək bürünc medala, təkanla qaldırma hərəkətində isə 146 kiloqramı başı üzərinə qaldıraraq gümüş medala sahib olub. Ümumi nəticədə 266 kiloqram (120+146) nəticə ilə 3-cü olub.

Bədii gimnastlarımız turnirdə 13 medal qazanıblar

İtaliyanın Parma şəhərində keçirilən bədii gimnastika üzrə ənənəvi beynəlxalq turnir yığmamız üçün uğurlu olub. Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılarımız müxtəlif yaş qruplarında, ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar. 15 yaşlı gimnastlar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.

Avarçəkənimiz birinci olub

Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və "beach sprint" üzrə Avropa çempionatında iştirak edən avarçəkənimiz Diana Dımçenko qızıl medal qazanıb. Milli komandanın lideri bir nəfərlik qayıqda təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak hüququ əldə edib. Final mərhələsində də qalib gələn təmsilçimiz fəxri kürsünün birinci pilləsinə yüksəlib. İki nəfərlik qayıqda Murad Sadıqov-Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb və yekunda 6-cı yeri tutub.

Nərgiz İSMAYILOVA,

"Respublika".