Qarabağla bütövləşən qüdrətli Azərbaycan
Siyasət

Qarabağla bütövləşən qüdrətli Azərbaycan

Bu tarixi reallığı heç bir qüvvə dəyişdirə bilməz

sentyabr 2020-ci il tarixdə Zəfər yürüşünə başlayan Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi Qələbə şanlı tariximizin ən şərəfli səhifəsinə çevrildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Bütünlüklə Azərbaycanın maraqlarına cavab verən üçtərəfli Bəyanat faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu sənəd böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Ordumuzun yenilməz gücü və xalqımızın sarsılmaz birliyi Ermənistanı özünün kapitulyasiya aktı olan bu sənədi imzalamağa məcbur etdi.

"İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. Ölkə başçısı qeyd edib ki, beləliklə, biz bunu rəsmiləşdirməli idik və bu, baş verdi. Praqa görüşünün komunikesinə baxsanız, görərsiniz ki, Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdı və bu, həm də Azərbaycanın Qarabağ üzərində suverenliyi deməkdir. Həmçinin Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz.

Vətən müharibəsində ölkəmizin qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, birmənalı olaraq Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla, arqumentlərlə və əks-arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması, Ermənistanın və havadarlarının, erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatın yüksək natiqlik və diplomatik məharətlə alt-üst edilməsi, Azərbaycanın maraqlarının beynəlxalq və ikitərəfli münasibətlər müstəvisində müdafiə olunması istiqamətində nümayiş etdirilən qətiyyətli mövqe bugünkü reallıqların ortaya çıxmasına zəmin yaradıb.

Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini mühüm beynəlxalq tədbirlərdə dəfələrlə ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə, Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı. Belə ki, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Bu isə ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin, dövlət başçısının prinsipial mövqeyinin və diplomatik fəaliyyətinin nəticəsi idi və münaqişənin həlli üçün əsas amillərdən biri hesab olundu. Azərbaycanın qazandığı ədalətli qələbə nəticəsində bölgədə yaranan reallığın regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı istisnasız olaraq qəbul edildi.

Ermənistanın torpaqlarımızı 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib.

"Qarabağ münaqişəsi artıq tarixdir". Bunu Prezident İlham Əliyev Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə ikitərəfli görüşündə deyib. Dövlət başçısı bildirib ki, biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi 2 il əvvəl həll edilib, iki il öncə üçtərəfli Bəyanat imzalanıb və çoxillik münaqişəyə son qoyulub. Belə olan halda isə bu kontekstdə praktiki olaraq müzakirə olunacaq nəsə yoxdur. Dövlət başçısının sözlərinə görə, indi isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışmaq və addımlar atmaq zamanı gəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması siyasi, iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha göstərir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmaq gücünə qadirdir.

Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımamışdı. Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik. Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Cənab İlham Əliyev bildirib ki, Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur: "Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir". Bununla Prezident bu məsələyə nöqtə qoyur ki, Qarabağ mövzusu müzakirə predmeti ola bilməz.

Mustafa KAMAL,

"Respbublika".