Sülh prosesi: haylar üçün zaman daralır
Siyasət

Sülh prosesi: haylar üçün zaman daralır

"Sülh müqaviləsi istiqamətində danışıqlarda bəlli fasilə yaranmışdı. Buna baxmayaraq, mətn üzərində işlər davam etdirilirdi". Bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Nazir qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilmiş görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar qəbul olunub. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi nəzərdə tutulur. Sülh prosesinin növbəti raundunda tərəflər bir daha ikitərəfli qaydada həll yollarını müzakirə edəcək.

Ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası anti-Azərbaycan blokunda müəyyən qıcıqlanmalar yaratdı. Xüsusilə, lokal antiterror tədbirlərindəki qələbəmizdən sonra rəsmi İrəvan konstruktiv danışıqlardan bir müddət uzaqlaşdı. Sözsüz ki, kollektiv qərbin diktəsi ilə daxili və xarici siyasətini formalaşdıran hayların bu addımı da müəyyən direktivlər əsasında reallaşdı. Nəticə etibarı ilə Avropa İttifaqı, Fransa və ABŞ-nin sərgilədiyi son davranışlar nəticəsində Brüssel və Vaşinqtonun sülh gündəliyindəki "vasitəçilik" rolu öz aktuallığını itirdi. Qeyd edək ki, uzun illər ikiüzlü yanaşmalar fonunda Yelisey sarayının vasitəçidən çox təəssübkeş olması və buna rəğmən sülh prosesindəki danışıqlarda iştirak etməsi heç bir məntiqə uyğun deyil. Elə rəsmi Vaşinqtonun da bu qəbildən davranışları kənar aktorların sülh müqaviləsinin imzalanmasında müsbət təsir göstərməyəcəyini bir daha sübut etdi. Nəzərə almaq lazımdır ki, 30 il boyunca sözügedən qlobal oyunçular bu prosesin guya bir parçası idilər. Lakin erməni havadarlığının ön planda olduğu zaman ərzində heç bir nəticə əldə edilmədi. Qüdrətli Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad olundu.

Yaranan yeni reallıqlar fonunda aydın görünür ki, Ermənistanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırmasında birbaşa Qərbin əli var. Rusiyaya qarşı Cənubi Qafqazda yeni cəbhə açılması planı, bunun qarşılığında haylara vəd edilən dividendlər sülh prosesini ləngidir. Məlumdur ki, sülh və sabitliyin hökm sürdüyü regiona qlobal güclər təzyiq göstərə bilməz. Amma regionda Ermənistan kimi psevdodövlətin varlığı gələcək perspektivdə hadisələrin hansı xətt üzrə cərəyan edəcəyini sual altına alır. Bir məqamı da qeyd etmək istərdik ki, sülh prosesi çərçivəsində aparılan danışıqlarda kənar aktorların iştirakı ilə baş tutan görüşlərin nəticəsi müsbət irəliləyiş baxımından heç bir dəyişikliklə yadda qalmayıb. Yalnız ikitərəfli qayda da aparılan danışaqların sülh müqaviləsinin imzalanması çərçivəsində müsbət gediş olmasını vurğulanmalıdır. Bir növ qərb blokunun iştirakı hayları konstruktivlikdən uzaqlaşdırır və öz kirli planlarının icrası üçün Nikol Paşinyandan istifadə edilir. Ötən il sentyabrın 20-də xalqa müraciəti zamanı ölkə başçımız İlham Əliyev bu barədə qeyd etmişdir ki, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.

Qeyd edək ki, bu günə qədər ikitərəfli qaydada keçirilən danışıqların pozitivliyi yaxın zamanda baş tutacaq növbəti görüş üçün də müsbət imic formalaşdırıb. İki ölkənin sərhədində yerləşən Qazax rayonunda 32 erməni əsgərin öz ölkəsinə təhvil verilməsi, Ermənistanın 2 Azərbaycan əsgərini qaytarması müəyyən addımların başlanğıcı oldu. Ardınca Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanata əsasən COP29-un keçirilməsi üçün Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsi tərəflərin ikitərəfli qaydada daha səmərəli danışıqlar apardığını sübut edir.

Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə görüşü baş tutub. Vurğulanmalıdır ki, bu tədbirə rəsmi Berlin vasitəçi deyil, yalnız ev sahibi kimi təşkilatçılıq edib. Bununla bir daha Azərbaycanın irəli sürdüyü "vasitəçi lazım deyil" şərtinə beynəlxalq tədbirlər çərçivəsində də əməl edildiyi görünür. Qeyd edək ki, məhz görüşdən sonra münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri barədə xarici işlər nazirliklərinə təlimat verilib.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin bərpa edilməsi ikitərəfli qayda da aparılan danışıqlardan birbaşa asılıdır. Bununla yanaşı, sülh gündəliyinə sadiqlik əsas prinsip olaraq müəyyən edilməlidir. Hərçənd bu Ermənistan üçün son 3 ildir ki, belə deyil, lakin artıq haylar üçün çəmbər daralır. Regional müstəvidə müsbət qonşuluq əlaqələri olmayan, bütün qlobal layihələrdən demək olar ki, kənarda qalan bir ölkə kimi Ermənistan konstruktivliyə meyillənməlidir. Əks halda, ölkədaxili çaxnaşmalar Paşinyan rejiminin sonunu gətirəcək və daxili sabitliyin bərpası uzun zaman mümkün olmayacaq. 

Nurlan ABDALOV,

"Respublika".