Delimitasiya BMT tərəfindən tanınan sərhədlər çərçivəsində aparılmalıdır 
Siyasət

Delimitasiya BMT tərəfindən tanınan sərhədlər çərçivəsində aparılmalıdır 

"Müstəqil Azərbaycan Respublikasının dövlət sərhədləri respublikamız dövlət müstəqilliyini əldə etdiyi, Azərbaycanın beynəlxalq təşkilatlar, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındığı və qəbul olunduğu andan müəyyən edilibdir. Bu, SSRİ dağılarkən Sovetlər İttifaqının tərkibində olan Azərbaycan Respublikasının sərhədləridir. O vaxt bizim xalqımız, dövlətimiz bu sərhədləri öz müstəqil dövlətinin sərhədləri kimi qəbul edib və beynəlxalq təşkilatlar da, dünya birliyi də bu sərhədləri tanıyıblar".

Heydər ƏLİYEV,

Ümummilli lider.

1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında Konstitusiya Aktı" qəbul edildikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin il dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" qanun qəbul etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı. 1992-ci ilin oktyabrında DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməyə başladı.

1992-1993-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarlar yerinə yetirilmədi. Səriştəsizlik, xarici qüvvələrin dağıdıcılıq fəaliyyəti Sərhəd Qoşunlarının formalaşması prosesinə maneə yaradırdı. Dövlət sərhəd zolağının bəzi yerlərində keçilməz tikanlı məftillər sökülmüş, strateji malların sərhəddən kənara çıxarılması adi hal almışdı. Həmin dövrdə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğuların bir hissəsi dağıdılmış, hərbi texnika yararsız hala salınmışdı. Ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 km sahəsinə nəzarət etmək qeyri-mümkün olmuşdu.

Ulu öndər Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvana rəhbərlik etdiyi çətin dövrlərdə sərhədlərin, vətənin hüdudlarının milli sərhədçilərimiz tərəfindən mühafizə olunmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar tarixi qərarlar qəbul etdi. 1993-cü ilin iyununda dahi öndər Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra dövlət sərhədinin mühafizəsində də mühüm dəyişikliklər baş verdi. 2002-ci il iyul ayının 31-də Prezidentin Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin yaradılması sayəsində Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan ulu öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını qayğı ilə əhatə etdi: "Mən Sərhəd Qoşunlarının inkişafına böyük önəm verirəm", - deyən dövlət başçısı sərhədçilərimizə güvəndiyini də bildirdi. Dövlət sərhədlərində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəraitində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilər Ali Baş Komandana sədaqətini isə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində, 44 günlük Vətən müharibəsində nümayiş etdirdi.

2020-ci il oktyabrın 16-da Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı" və "Mahmudlu" sərhəd zastavaları üzərində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Dövlət Bayrağımız ucaldıldı. Bu münasibətlə keçirilən tədbirdə 1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunduğu bildirildi.

Oktyabrın 30-da isə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki "Soltanlı", "Xələfli", "Xudafərin" və "Qumlaq" sərhəd zastavaları üzərində üçrəngli bayrağımız ucaldıldı və həmin sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başladı. Beləliklə, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində nəzarətimiz tam bərpa edildi və bu, çox  önəmli hadisə idi. Dövlət başçısı, Ali Baş Komandan oktyabrın 19-da Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və oktyabrın 22-də isə Azərbaycan-İran sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətilə xalqımızı təbrik etdi.

Noyabrın 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayon ərazisində Mincivan qəsəbəsində sərhəd zastavasının açılışı oldu. 2021-ci il aprelin 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başladı. Ümumiyyətlə, 2021-ci ilin aprel-may aylarında 16 yeni hərbi hissənin açılışı oldu və bu, sonrakı illərdə də davam etdirildi.

Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyanatda sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də öz əksini tapıb. 2022-ci il mayın 23-də, yəni Brüsseldə Aİ Şurasının sədri Şarl Mişellə üçtərəfli görüşdən bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəd delimitasiyası üzrə komissiyaların yaradıldığı barədə Sərəncam imzaladılar. Azərbaycan tərəfdən komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən Baş nazirin müavini Mher Qriqoryan təyin edildilər. Komissiya rəhbərlərinin ilk görüşü 2022-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində oldu. Bundan sonra komissiyaların fəaliyyətində fasilə yarandı. Qərbin prosesə müdaxilə etməsi, Ermənistana boş vədlər verilməsi sülh danışıqlarını da yarıda qoydu.

2023-cü il aprelin 23-də sərhədlərimizlə bağlı daha bir əlamətdar hadisə baş verdi. Həkəri çayı üzərində sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycanın dövlət sərhədləri tam bərpa olundu. Sentyabrın 19-20-də Qarabağda həyata keçirilən antiterror tədbirləri uzun illərdən bəri bölgədə kök salmış separatizmə son qoydu, Ermənistan silahlı qüvvələrinin buradakı tör-töküntüləri tərk-silah edildi.

Son vaxtlar Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın işi bərpa edilib. Komissiyanın 2024-cü il 19 aprel tarixli görüşünün Protokoluna uyğun olaraq Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın nəzarətinə verilməsi barədə qərar qəbul edilib. Mayın 15-də baş tutan doqquzuncu görüşdə isə geri qaytarılan yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ Sərhəd Qoşunları Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş protokol təsviri razılaşdırılıb və imzalanıb.

Hazırda işğaldan azad edilmiş kəndlərin sərhədində mövcud qaydalara uyğun olaraq dirəklər basdırılır. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi SSRİ dağılarkən Sovet İttifaqının tərkibində olan Azərbaycan Respublikasının BMT tərəfindən tanınan sərhədləri çərçivəsində həyata keçirilməlidir.

Zümrüd QURBANQIZI,

"Respublika".