Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoyulmalıdır
İqtisadiyyat

Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoyulmalıdır

Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi dünyada Azərbaycanın hərbi-siyasi gücünə münasibəti köklü şəkildə dəyişdi, şanlı Qələbə işğalın dondurulmasında maraqlı olan ermənipərəst dövlətlərin niyyətini puça çıxardı. Müzəffər ordumuzun qəhrəmanlığı, Vətən sevgisi, qisas və düşmənə nifrət hissi, döyüş peşəkarlığı erməni təəssübkeşlərinin yuxusunu qaçırtdı, bu qələbəni, uğuru, zəfəri həzm edə bilmirlər. Torpaqlarımızın azad edilməsi üçün ölümün gözünə dik baxan oğulların hünəri, igidliyi düşmənlərimizi sözün əsl mənasında şoka saldı. Hələ də küpəgirən qarılar kimi deyinirlər. Üç ildir Qarabağ və Şərqi Zəngəzurun bərpası və gələcək inkişafı üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. 2021-ci ilin əvvəlindən Qarabağda və Şərqi Zəngəzurda başlanan işlərin xronologiyasına nəzər salanda yaxşı mənada adamı heyrət bürüyür, nəhəng infrastruktur layihələrin icra edilməsi əsl möcüzəni xatırladır. Doğrudan da son illər böyük tarixi hadisələrin şahidi olur, qürur hissi ilə deyirik ki, bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir, ölkəmizin iqtisadi qüdrətinin artması, müstəqil siyasət yeritməsi, işğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, sözün əsl mənasında hər birimizdə qanuni iftixar hissi yaradır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi-minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması Azərbaycan dövlətinin gücünü, niyyətini, iradəsini göstərir. Özü də beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən yardım istəmədən Azərbaycan bütün bu quruculuq işlərini təkbaşına həyata keçirir. Ən çətin təbii relyefi olan Laçın və Kəlbəcər rayonlarının inkişafı ilə bağlı işlərin miqyası ölçüyəgəlməzdir, təbii şəraitin mürəkkəbliyinə və çətinliyinə baxmayaraq, hər iki rayonda bütün infrastruktur layihələri uğurla icra edilir, bərpaolunan enerji növlərinin həcminin artırılması üçün əhəmiyyətli tədbirlər görülür. Eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda yollar çəkilir, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Əlbəttə, bu adi rəqəmlərin arxasında çox güclü maliyyə vəsaiti, işçi qüvvəsi, lazımi avadanlıqlar, çoxsaylı texnikalar, iqtisadi resurslar dayanır.

Təbii ki, qalib ölkənin ictimai-siyasi həyatı yeni, həm də çox vacib bir mərhələyə qədəm qoyub. 30 ildir doğma yurdlarına həsrət qalan keçmiş məcburi köçkünlər "Böyük Qayıdış"a dair I Dövlət Proqramının icrasına uyğun olaraq öz dədə-baba yurdlarına qayıdırlar, düşmənin ölü zonaya çevirdiyi torpaqlarda indi uşaqların şən səsləri, yurd sevinci yaşayan insanların şükranlıq duaları eşidilir. Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla bağlı bəzi vacib məqamlar haqqında danışıb və bildirib ki, mən çox şadam və bir daha özəl sektora müraciət edərək onlara çağırış etmək istəyirəm ki, Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoysunlar. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir. Hər iki bölgədə məskunlaşma haqqında fikirlərini bölüşən Prezident deyib ki, keçmiş məcburi köçkünlərin öz yurduna qayıtması və orada daimi yaşaması üçün dövlət öz üzərinə düşən vəzifəni icra edəcək. Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın. Yəni onun üçün dövlət, təbii ki, heç bir ev tikən deyil.

Qarabağ və Şərqi Zəngəzurda orada yaşayacaq keçmiş məcburi köçkünlər üçün evlər tikilir. Dövlət başçısı bununla bağlı bütün aidiyyəti qurumlara tapşırıq verildiyini bildirib və dəyişməz mövqeyini ifadə edərək deyib ki, ora bağ evi deyil, yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir. Əgər kimsə oraya, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir. Ona görə özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək. Müsahibəsində dövlətimizin başçısı sahibkarlara, özəl inşaat şirkətlərinə, tikinti biznesi ilə məşğul olanlara çağırış edərək bildirib ki, ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o, iqtisadi cəhətdən də səmərəli və eyni zamanda biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır. Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər istifadəyə verilir.

Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma sürətlə aparılır, qarşıya qoyulan hədəflərə çatmaq üçün böyük bir mücadilə aparılır. İndi söz sahibkarların, biznesmenlərindir, azad edilən torpaqlara töhfə verməyin zamanı çatıb. Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoymaq həm də vətəndaşlıq borcudur, ən əsası isə dövlətin himayəsi altında öz biznesini quranlara yaşıl işıq yandırılır. Dostlara güvən, düşmənlərə gözdağı olan Qarabağın və Şərqi Zəngəzurun xoşbəxt gələcəyində sizin də payınız olsun.

Salman ALIOĞLU,

"Respublika".