Qlobal nəqliyyat qovşağı                
İqtisadiyyat

Qlobal nəqliyyat qovşağı                

Avropa ilə Asiyanın mərkəzində - əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan son illər mühüm nəqliyyat layihələri və müasir infrastrukturu ilə dünyanın diqqət mərkəzindədir.

İştirakçı ölkələr üçün iqtisadi səmərəsi qədər siyasi əhəmiyyəti də böyük olan Orta Dəhlizin əsas seqmenti kimi Azərbaycan qlobal oyunçulara əlavə biznes imkanları yaradır. Ölkəmizin reallaşmasına mühüm töhfə verdiyi və son zamanlar dünyada böyük dəstək qazanan dəhliz Asiya ilə Avropanı birləşdirən vacib nəqliyyat şəbəkəsinə çevrilməkdədir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin iştirakçısı kimi son illər sürətlə nəqliyyat-logistika infrastrukturunu həm yeniləyir, həm də genişləndirir. Dünyada formalaşan yeni geosiyasi vəziyyət və Azərbaycandan daha çox yüklərin daşınmasına yaranan zərurət nəzərə alınaraq dəniz ticarət limanının da imkanları 15 milyon tondan 25 milyon tona çatdırılacaqdır.

Mərkəzi Asiyadan böyük həcmdə yükdaşımaların istiqamətinin dəyişilməsinin müşahidə edildiyi bir zamanda ölkəmizin beynəlxalq logistika imkanlarını artırması təqdirəlayiq haldır. Orta Dəhlizin nəqliyyat həcmindəki böyük artımı 2022-ci ilin yanvar-mart aylarından 2023-cü ilin I rübünə qədərki dövr ərzində asanlıqla görmək mümkündür. Belə ki, ötən ilin əvvəlində bu marşrutla 266,3 min ton yük daşınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 123 faiz çoxdur. Ümumiyyətlə, Mərkəzi Asiya dedikdə 300 milyon nəfərlik böyük bir coğrafiyanın tranzit ehtiyacından söhbət gedir. Məhz bu prosesdə Azərbaycanın yer alması olduqca əlamətdardır. Xatırladaq ki, tərəfdaş ölkələrlə birgə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edən Azərbaycan ərazilərimizdən daşınan yükün həcminin artdığını nəzərə alaraq, layihəni Qərb istiqamətində genişləndirir. Orta Dəhlizin vacib elementinə çevrilən bu dəmir yolu xəttinin Gürcüstan ərazisinə ötürmək qabiliyyətinin 10 milyon tondan 50 milyon tonadək artırılması üçün ölkəmiz əsaslı işlər görür.

Orta Dəhlizin üstünlüklərindən biri də bu nəhəng layihədə iştirak edən ölkələrin səmimi dostluq və qardaşlıq münasibətlərinin olmasıdır. Xüsusilə də türk dövlətlərinin uğurlu əməkdaşlığı, qarşılıqlı ticarət dövriyyəsini artırması Orta Dəhlizə mühüm töhfələr verir. Artan tranzit yüklərin əksəriyyəti Mərkəzi Asiyadan Avropaya Transxəzər marşrutu vasitəsilə nəql edilir. Sözügedən proses həm də regionda Azərbaycana iqtisadi dividendlər qazandırmaqdadır. Məlumdur ki, qlobal miqyasda da yükdaşımalar üçün əsaslı layihə təklifləri irəli sürülür. Son olaraq Çinin yeni dəmir yolu layihəsi təşəbbüsü ilə çıxış etməsi tranzit imkanlarını Xəzər dənizinə qədər uzatmağa imkan verəcək.

Çoxvektorlu xarici siyasət həyata keçirən Azərbaycan Avrasiyada daha rahat nəqliyyat kommunikasiya imkanlarını yaratmaq üçün Baltikyanı ölkələrlə də yeni hədəflər müəyyənləşdirib. Bu çərçivədə Litva ilə əməkdaşlıq daha çox mənfəət qazandırır. Belə ki, Litva da öz regionunda mühüm daşımalar qovşağı kimi tanınır. Bu da öz növbəsində Xəzər və Baltik regionları arasında şəbəkə qurmaq üçün önəmli nüansdır. Digər tərəfdən, İstanbuldan Bolqarıstanla sərhədə yüksək sürətli dəmir yolu bağlantısının bir hissəsi olan Halkalı-Kapikule dəmir yolu layihəsinin başa çatdırılması Orta Dəhlizdə dayanıqlı, sürətli və səmərəli daşımaların asanlaşdırılmasında mühüm rol oynayacaq. Dəhlizin Cənubi Avropadan keçən hissəsinin optimallaşdırılması məqsədilə Türkiyə, Bolqarıstan, Serbiya və Macarıstan arasında yeni yaradılmış dördtərəfli koordinasiya Şurasının birgə sərmayə qoyuluşu, yükdaşıma qabiliyyətinin və infrastrukturun yaxşılaşdırılması istiqamətindəki addımları da nəqliyyat sahəsinə yeni nəfəs gətirəcək. Cənub istiqamətində isə nəqliyyat imkanları olduqca genişlənir. Belə ki, Azərbaycan ilə İran arasında Rəşt-Astara dəmir yolu dəhlizinin tikintisinə başlanılması bu prosesə təkan verəcək. Vurğulamaq lazımdır ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.

Qeyd edək ki, nəqliyyat kommunikasiyalarının qurulmasında əsas layihələrdən biri də uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoludur (Zəngəzur dəhlizi). Sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Tikinti işlərinin əsas hissəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır. Zəngəzur dəhlizinin açılması nəticəsində il ərzində 400 milyard dollardan çox yüklərin transportasiyası gerçəkləşə bilər. Buna görə də bir çox oyunçular üçün bu proses də olduqca maraqlıdır.

Məhz bu çərçivədə, yanvarın 29-30-da Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyasının təşkilatçılığı ilə Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat bağlantıları üzrə "Global Gateway Investors Forum" keçirildi. Regionda müşayiət olunan geosiyasi problemlər fonunda yenidən formalaşan qlobal təchizat yollarında Avropa ilə Asiya arasında etibarlı ticarət bağlantısı kimi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının daha əlverişli olması bir daha vurğulandı. Bununla yanaşı, Çin-Qazaxıstan sərhədindən başlayaraq 15 gün ərzində daşımaların həyata keçirilməsi potensialı olan bu dəhlizin Avropa və Mərkəzi Asiyanı birləşdirən ən müasir, multimodal və səmərəli marşruta çevrilməsi üçün zəruri olan infrastruktur və əməliyyat təkmilləşdirmə prosesləri, onların icrası üçün tələb olunan investisiyalar da müzakirə mövzusu idi.

Nurlan ABDALOV,

"Respublika".