“Qoca qitə”nin enerji xəritəsi yenidən cızılır
İqtisadiyyat

“Qoca qitə”nin enerji xəritəsi yenidən cızılır

Azərbaycanın təbii qazının nəql olunduğu Avropa ölkələrinin sayı artmaqdadır

Heç bir ölkədən iqtisadi asılılığı olmayan, öz təbii ehtiyatları hesabına dayanıqlı iqtisadiyyatını təmin edən Azərbaycan artıq dünya ölkələrinin əksəriyyətinin enerji təhlükəsizliyində mühüm rol oynayır.

Zəngin karbohidrogen və enerji potensialına malik Azərbaycan artıq dünya dövlətlərinin diqqətini daha çox cəlb edir. Müstəqil Azərbaycan öz enerji problemlərini uğurla həll edir. Bunun nəticəsidir ki, qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Beləliklə, Azərbaycanın beynəlxalq əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərinin artması daha böyük uğurlar vəd edir. Azərbaycanın iqtisadi qüdrəti ölkəmizə marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlığı da genişləndirir.

"Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır". Bu fikirləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib. Dövlət başçısı qeyd edib ki, keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi. Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi də bir neçə dəfə artıb. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Rusiya-Ukrayna müharibəsinin fəsadları olaraq 2022-ci il aprelin sonundan Bolqarıstan tamamilə Rusiya qazından imtina edən Avropa ölkələri sırasına qatıldı. Bu zaman Bolqarıstanı enerji böhranından xilas edən yeganə qaz təchizatçısı Azərbaycan oldu.

Bu ilin aprelin ayının yekunlarına görə Bolqarıstanın qaz təminatının 51 faizi Azərbaycan qazı hesabına qarşılanıb. Cari ilin yekununa görə Azərbaycan qazının Bolqarıstan bazarında payı 70 faizə qədər yüksələ bilər. Bolqarıstan Prezidenti Rumen Radev isə deyib ki, Azərbaycan ölkəmiz üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib: "Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident ilham Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi".

Son dövrlər Balkan ölkələri, xüsusilə də Bolqarıstanla Azərbaycanın münasibətlərində yüksək dinamizm müşahidə olunur. Bu ölkə ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji, mədəni və digər sahələr üzrə sürətlə inkişaf edir. Enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir. Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə budəfəki səfərinin də nəticələri uğurlu olacaq, ikitərəfli əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Azərbaycan enerji məhsullarını, əsasən də təbii qazı Bolqarıstana ixrac etməyə davam edir. Eyni zamanda Bolqarıstan Azərbaycanda istehsal olunan "yaşıl enerji"nin Gürcüstan vasitəsilə Avropa İttifaqına tədarükü layihəsində də maraqlıdır.

Azərbaycanın Avropa İttifaqı məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Slovakiyadır. Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olundu və perspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlərin müzakirəsi aparıldı, həmçinin təkbətək və geniş tərkibdə görüşlər keçirildi,  mətbuata birgə bəyanatlar verildi. Slovakiya Baş naziri Robert Fitsonun Azərbaycana  səfəri Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi oldu və iki ölkə arasında münasibətlərin dünəni, bugünü və gələcəyi barədə aydın təsəvvür yaratdı. İmzalanan sənədlər əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi.

Qeyd edək ki, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirir. Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq müqavilələrdə uğurlu layihələrə imza atır. Onlardan biri də Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsidir. Azərbaycan bu gün Avropanın inamlı və layiqli enerji tərəfdaşıdır.  Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan 3500 kilometrlik "Cənub Qaz Dəhlizi" üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlandı. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. Cənub Qaz Dəhlizinin icrasında Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, İtaliya, Türkiyə, Yunanıstan iştirak edir.  Həmçinin Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulmaq niyyətindədirlər. Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarında 11,8 milyard kubmetr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişləndirildikdən sonra həcmin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır.

Prezident İlham Əliyev Azərbaycan qazının Slovakiyaya nəql olunması imkanları barədə verdiyi açıqlamalarda bunun əhəmiyyətini qeyd edib. Belə ki, Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkə Slovakiya ola bilər. Məlum olduğu kimi, keçən il aprel ayının 25-də Sofiyada Bolqarıstanın "Bulgartransgaz", Rumıniyanın "Transgaz", Macarıstanın FGSZ və Slovakiyanın "Eustream" və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. "Həmrəylik halqası" ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın "Həmrəylik halqası" adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb. "Həmrəylik halqası" layihəsi isə Azərbaycandan artan qaz həcmlərinin ötürülməsi üçün ən sürətli effektiv həll yoludur. Bu layihə Azərbaycandan gələcəyin enerjisinin - "yaşıl hidrogen"in tədarükü üçün hər cür şəraitə malikdir.

Ümumiyyətlə, enerji siyasəti Azərbaycanın dünyada söz sahibi olan ölkələrdən birinə çevrilməsində çox önəmli bir vasitədir. Bu həm də hərtərəfli inkişafımızın təminatı olacaq məsələlərdən biridir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları  və Avropa İttifaqının 23 ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və Avropanın maliyyə qurumları nümayəndələrinin qatıldığı bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisidir. Müzakirələrin əsas mövzusu Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə nəqlində davamlı artımın təmin edilməsi yollarının müzakirəsi idi. Azərbaycan artıq Aİ ilə mühüm strateji tərəfdaşlıq həyata keçirməyə başlayıb, Avropaya qaz ixracının 46 faiz artmasını təmin edib. Belə bir strategiya ölkənin qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməsinə imkan yaratmaqla yanaşı, həm də dünyanın mövcud enerji təhlükəsizliyinə mühüm töhfə verib. Mübaliğəsiz demək olar ki, Azərbaycan bu gün "köhnə dünya"nın yeni enerji xəritəsini çəkir. Hazırda Azərbaycan etibarlı enerji təchizatını təmin və tranzit infrastrukturunu inkişaf etdirməklə Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır.  

Ölkəmiz beynəlxalq təşkilatlar və şirkətlərlə yanaşı, enerji sektoruna da əhəmiyyətli investisiyalar yatırır və beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya, elektrik enerjisi ixrac edir. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson da qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir. Azərbaycan yaxın gələcəkdə həm də "yaşıl enerji" təchizatçısı olaraq tanınacaq və dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha təsdiq edəcək.

Mustafa KAMAL,

"Respublika".