Azərbaycan qazına ehtiyac artır
İqtisadiyyat

Azərbaycan qazına ehtiyac artır

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Rusiya ilə münasibətlərində soyuqluq hiss edilən Ermənistan Qərblə əməkdaşlığa daha çox önəm verdi. Fransa və Hindistan vasitəsilə silahlanmaya, İrandan isə qaz tədarükü məqsədilə əməkdaşlıq məsələlərini gücləndirməyə çalışdı. Rəsmi İrəvan həm də İran ərazisindən tranzit ölkə kimi istifadə etməklə Türkmənistandan qaz almağa cəhd edir. Lakin hələ ki, Türkmənistan Ermənistanın bu istəyinə müsbət cavab verməyib. Aprelin 25-də Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdəki çıxışı zamanı deyib: "Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır".

Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın gələcəkdə Azərbaycan qazını ala biləcəyini istisna etməyib. Bu barədə ölkə başçımız aprelin 24-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib: "Bu gün biz Gürcüstanın qaza olan tələbatını demək olar ki, 100 faiz ödəyirik. Təchizat həcmi ildən-ilə artır və hesab edirəm ki, 3 milyard kubmetrə çatıb. Potensial olaraq, Gürcüstan üçün qazın qiymətinin əlverişli və güzəştli olduğunu nəzərə alsaq, Ermənistan da Azərbaycan qazını ala biləcək. Yaxınlıq və infrastruktur nəzərə alınarsa, təbii ki, bu cür əməkdaşlıq təbii olardı". Lakin dövlət başçısının fikrincə, bu əməkdaşlıq yalnız Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkün ola bilər.

Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən beynəlxalq səviyyəli layihələrdən kənarda qalıb. Bu səbəbdən də qonşu dövlət vəziyyətdən çıxış üçün alternativ variantlar axtarır. Məsələn, ötən ilin payızında İranın İrəvandakı səfiri Mehdi Sübhani bəyan edib ki, ölkəsi Ermənistan bazarında Rusiya qazını tamamən əvəz etməyə hazırdır. Lakin İrandan Ermənistana qaz ötürən kəmərin maksimum gücü 2 milyard, Rusiyadan isə ildə 2,5 milyard kubmetrdir.

Məlumdur ki, Ermənistan İran qazını mübadilə yolu ilə alır, qarşılığını isə elektrik enerjisi ilə ödəyir. 2009-cu ildən başlanan prosesin 2026-cı ildə bitməsi nəzərdə tutulurdu. Lakin ötən ilin avqustunda bu müddət 2030-cu ilədək uzadılıb. Nəticədə, Ermənistan İrandan aldığı illik 365-400 milyon kubmetr qazın hər kubmetrinə görə 3 kilovat/saat elektrik enerjisi verir. Qonşu dövlət sözügedən həcmi ikiqat artırmaqla bağlı İranla razılıq əldə etsə də, hazırkı məqamda İran qazı Ermənistana Rusiya qazından baha başa gəlir. 2022-ci ildə Ermənistanda İtaliya şirkətinin inşa etdiyi yeni istilik elektrik stansiyası işə salınıb. Bu da ölkədə elektrik enerjisi istehsalını artırmağa imkan yaradır. İrandan alınan qazın 1 kubmetrindən 5 kilovat/saat elektrik enerjisi əldə edən Ermənistan onun 3 kilovat/saatını İrana qaytarır, 2-ni isə satır. Kifayət qədər əlverişli olan bu əməkdaşlığı genişləndirmək üçün Ermənistandan İrana 3-cü yüksəkgərginlikli elektrikötürücü xəttin çəkilişinə başlanılsa da, 8 ildir tikinti işləri yekunlaşmır. Görünür, məsələnin kökündə olduqca ciddi problemlər dayanır.

Yaranmış iqtisadi böhrandan xilas olmağa çalışan İrəvan hakimiyyəti onu da gözəl anlayır ki, ölkəsinin dirçəlişi və inkişafı yalnız Azərbaycanla əməkdaşlıqdan və münasibətlərin sülhə doğru normallaşdırılmasından asılıdır. Bu səbəbdən də son zamanlar Ermənistanın münasibətlərində yumşalma hiss olunur. Yəni İrəvanın Azərbaycandan qaz almaq istəyi getdikcə artır. Hələ 2023-cü ilin oktyabrında Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan çıxışı zamanı bildirmişdi ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazırdır. Bu ilin fevralında isə həmin nazirlik açıqlama yayaraq sovet dövründə Ermənistan və Azərbaycanın qaz nəqli sistemlərini bir-biri ilə əlaqələndirən magistral qaz kəmərləri və onların bərpaya ehtiyac duyulan hissələrini qeyd etmişdi.

Qeyd edək ki, Gürcüstan üzərindən keçən Hacıqabul-Qazax-Saquramo magistral boru kəməri 1978-ci ildə inşa olunub və 1988-ci ilə kimi istismara buraxılıb. 2006-cı ildə magistral boru kəmərində bərpa-təmir işləri aparılıb və yenidən istismara verilib. Ötürmə qabiliyyəti ildə 8,7 milyard kubmetr olan bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstana ildə təqribən 1,300 milyard kubmetr qaz ixrac olunur. Boru kəmərinin uzunluğu 478,4 km təşkil edir, bunun 378,4 km-lik hissəsi Azərbaycanın ərazisinə düşür. Hacıqabul-Qazax-Saquramo magistral qaz boru kəmərinin operatorları SOCAR və Gürcüstanın Qaz Nəqliyyat şirkətidir. Digər tərəfdən, sovet dövründə Azərbaycandan Ermənistana birbaşa  qaz xətti də mövcud olmuşdur.

Ermənistanın Azərbaycanın 4 kəndini geri qaytarması həqiqətən də sülhə yaxınlaşması və regiondakı sabitliyin bərpa edilməsinə hədəflənən məqsəd kimi hesab etmək olar. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğaldan azad olunan ərazilərin qazlaşdırılması üçün müvafiq boru xətlərinin çəkilişini həyata keçirir. Bu kəmərlərin layihələndirilməsi zamanı ərazilərin inkişaf planları, həmçinin Naxçıvana mümkün ixrac həcmləri də nəzərə alınır. Bu isə rəsmi İrəvan üçün də olduqca əlverişli şərait yaradır. Əgər, Ermənistan sülh müqaviləsini tez bir zamanda imzalayarsa, Azərbaycandan qaz alışı istiqamətində istəyinə nail ola bilər.

Ramidə YAQUBQIZI,

"Respublika".