Qürur və iftixarımız, vətən fədailəri
Sosial həyat

Qürur və iftixarımız, vətən fədailəri

2 iyul 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının əsası qoyuldu. Prezident Heydər Əliyevin 6 iyun 1992-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla hər il iyun ayının 6-sı, 24 may 1998-ci ildən isə 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir.

Cümhuriyyət dönəmində hüquq-mühafizə orqanı, Sovet hakimiyyəti illərində milis kimi fəaliyyət göstərən azərbaycanlı polislərimiz ölkəmiz müstəqillik qazanandan sonra uzun və keşməkeşli yol qət etdilər. Qarabağ hadisələrinin ilk günlərindən xalqın yanında olan polislərimizin 1991-ci ildə general Məhəmməd Əsədovun rəhbərliyi ilə Erməni hərbi dəstələrinin silahsızlaşdırılması yönündə Çaykənd əməliyyatı ilk uğur kimi tarixə düşdü. Həmin gün Ermənistanın ən böyük silah anbarı ələ keçirildi, ətraf kəndləri blokadada saxlayan Çaykənd daşnaklardan təmizləndi.

Vətən müharibəsi dönəmində Daxili Qoşunlarımız daim xalqın, vətəndaşın yanında olaraq torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qalxdı. Birinci və İkinci Qarabağ müharibəsində 1800-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 2056 nəfər yaralandı. Şücaət və igidliklərinə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 2833 nəfər isə müxtəlif orden və medallara, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.

Müstəqillik dönəmindən bu yana ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində polislərimiz təqdirəlayiq işlər görüblər. Onların fədakarlıqlarının nəticəsidir ki, xalqın polisinə olan inamı, güvəni günü-gündən yüksəlir. Xalq əmindir ki, Azərbaycan polisi istənilən təxribatın qarşısının alınmasında yüksək peşəkarlığa malikdir.

Polis əməkdaşları təkcə xidmət zamanı deyil, xidmətdən kənarda da vətəndaşı qoruyur. Naxçıvan Muxtar Respublikasının ərazisində, Uzunoba gölündə batanları xilas edən zaman şəhadətə yüksələn polis serjantı Vüsal Quliyevi, Xəzər rayonundakı “Mayak” çimərliyində suda boğulan bir nəfəri xilas etmək üçün özünü dənizə ataraq həyatını itirən Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanovu, xidməti və insani vəzifələrini yerinə yetirərkən canını fəda edən yüzlərlə, sağlamlığını itirən minlərlə polis əməkdaşını xalqımız heç vaxt unutmur.

Son illər internet şəbəkəsində əhatə edən cinayət – kibercinayətlərlə mübarizədə Azərbaycan polisi önəmli addımlar atır. Belə ki, Daxili İşlər Nazirliyinin nəzdində yaradılan Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayətkarları zərərsizləşdirilməsi yönündə və vətəndaşa dəyən ziyanın geri qaytarılması üçün önəmli tədbirlər həyata keçirilir, əhalinin maariflənməsində böyük işlər görülür. Azərbaycan Yol Polisinin ayıq-sayıqlığının nəticəsidir ki, yollarımızda baş verən qəzalar minimal həddədir.

Çox dəyərli, bizim üçün gecəsini gündüzünə qatan, rahatlıq, istirahət nədir bilməyən, ən çətin zamanlarda hamıdan əvvəl köməyimizə yetən polislərimizlə qürur duyuruq.

İradə AYTEL.