ÖLKƏMİZİN YÜKSƏLİŞ MƏRHƏLƏSİNİN MÜƏLLİFİ
Siyasət

ÖLKƏMİZİN YÜKSƏLİŞ MƏRHƏLƏSİNİN MÜƏLLİFİ

Daha bir tarixi hadisənin şahidi olduq. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Soyqırımı Memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçıları cənab Prezidentin çıxışını böyük sevinclə, minnətdarlıq duyğuları ilə qarşıladı. Dövlətimizin başçısı xocalılılara xitabən dedi: "Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra-o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir".

Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunması möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin parlaq təzahürüdür. Masallı rayonunun nüfuzlu ziyalılarından biri, ixtisasca inşaatçı mühəndis, yazıçı-publisist, Prezident təqaüdçüsü Hacı İsrafil Hüseynov ölkə başçısının xocalılılarla görüşündə söylədiyi dəyərli fikirlərin, görüləcək işlərin əhəmiyyətindən söz açaraq dedi:

- Azərbaycan vətəndaşı olaraq çox sevincli, fərəhli, qürurlu günlər yaşayırıq. Vətənimizin həm ağrılı-acılı, həm də uğurlu, qələbə və zəfər dolu günlərinin şahidiyik. Sözsüz ki, vətənimizin bu günü və sabahı hər birimizin vətən sevgisindən, fəal vətəndaş mövqeyindən asılıdır.

Tarixə nəzər salanda görürük ki, əsrlər boyu nankor, namərd qonşularımız havadarlarının köməyilə xalqımıza qarşı terror, soyqırımı, etnik təmizləmə və kütləvi deportasiya siyasəti həyata keçiriblər. Soydaşlarımız dəfələrlə ata-baba yurdlarından zorla çıxarılıb, əzəli torpaqlarımız işğala məruz qalıb. Son iki əsrdə erməni vəhşiliyinin, vandalizminin və soyqırımın nəticəsində itkilərimiz daha çox olub.

2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində xalqımız cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək möhtəşəm qələbəyə imza atdı. Alçaq, nankor düşmən şanlı ordumuzun qarşısında diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur oldu. İgid, qəhrəman övladlarımız ölkəmizin hərb tarixinə parlaq səhifə yazdı. Uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi ərazi bütövlüyümüzün bərpa edilməsi ilə öz həllini tapdı. Şanlı ordumuz Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə xalqımızın nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

2023-cü ilin sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xankəndidə yuva qurmuş silahlı separatçı quldur dəstələrini zərərsizləşdirmək üçün Azərbaycan ordusunun bölmələri antiterror əməliyyatı aparmaq məcburiyyətində qaldı. Cəmi 23 saat ərzində peşəkar ordumuzun dəqiq zərbələri ilə mülki əhaliyə ziyan dəymədən erməni terrorçuları təslim oldular, rəhbərləri isə həbs edildilər. 20 sentyabrda bu diyarın, bu bölgənin tarixinə yeni, parlaq səhifə yazıldı. O gün Xocalının, Xankəndinin azadlıq və bayram günü kimi yaddaşlara həkk olundu. Qarabağın tacı sayılan Şuşa, İbrahimxəlil xanın yadigarı olan Xankəndi neçə-neçə mühüm beynəlxalq tədbirlərin qucaq açdığı məkana çevrilir. Tarixi qələbəmizin, möhtəşəm zəfərimizin bizə bəxş etdiyi xoşbəxt anları, bəxtəvər günləri sevinclə, fəxrlə yaşayırıq. Fevral ayının 7-də ilk dəfə olaraq ölkəmizin bütün ərazisində növbədənkənar prezident seçkiləri keçirildi. Xalqımız böyük coşqu ilə seçkilərdə iştirak etdi. Azərbaycan Prezidentinin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərindəki seçki məntəqəsində səsverməsi dünyaya mühüm mesaj oldu. Seçkilərdə müdriklik göstərən xalqımız cənab İlham Əliyevi 92,12 faiz səs çoxluğu ilə yenidən prezident seçdi. Bu seçki qələbə, zəfər seçkisi kimi tarixə yazıldı. Bu gün müstəqil Azərbaycan inkişaf və tərəqqi yolu ilə inamla sabaha addımlayır. Özü də kənardan heç bir maddi yardım almadan öz daxili imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı tikinti, bərpa, quruculuq işlərini həyata keçirir. "Ağıllı şəhər" və "ağıllı kənd"lər salınır, yeni infrastruktur layihələr icra edilir, soydaşlarımız doğma ata-baba yurdlarına qayıdırlar.

Cənab Prezident xocalılılarla görüşündə növbəti müjdəni verdi: "Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb".

Tarix üçün 20 il çox da böyük zaman deyil, lakin ölkəmiz 20 il ərzində sürətli inkişaf, tərəqqi yolu keçib. Qazandığımız tarixi qələbələr, zəfərlər xoşbəxt, işıqlı gələcəyə ümidləri daha da artırır. Qalib Liderin rəhbərliyi ilə xalqımız əzmlə qurub yaradır, müstəqil Azərbaycanı daha zəngin, çiçəklənən bir diyara çevirir.

Söhbəti yazdı:

Əlisəfa HƏSƏNOV,

"Respublika".