Mərakeşli deputat: Həqiqətən də buradakı seçkilərdən öyrəniləcək çox şey var idi
Gündəm

Mərakeşli deputat: Həqiqətən də buradakı seçkilərdən öyrəniləcək çox şey var idi

Fevralın 8-də Mərakeş parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Mərakeş parlamentinin Nümayəndələr Palatasının deputatı Tami Ovazzani Tuhami seçkilərin müstəqil Azərbaycan tarixində ilk dəfə erməni işğalından azad edilmiş ərazilərdə də keçirildiyini bildirib. O deyib ki, müşahidə apardığı 13 məntəqədə şəffaflığın və seçici fəallığının şahidi olub. "Burada hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu, MSK-nın böyük potensialından və bacarığından xəbər verir. Seçkilərdə seçicilər iradələrini sərbəst ifadə edərək istədikləri namizədə səs verə bilirdi", - deyən mərakeşli deputat seçkilərin demokratik prosedurlara və beynəlxalq meyarlara uyğun şəkildə keçirildiyinin şahidi olduğunu bildirib.

O, həmçinin qeyd edib: "MSK seçki prosesinə ciddi yanaşıb və hər şeyi layiqincə həyata keçirib. Ümumiyyətlə, müşahidə apardığımız məntəqələrdə səsvermənin gedişinə təsir edə biləcək hər hansı pozuntu ilə rastlaşmadıq. Seçkilərin bu cür yüksək səviyyədə, gözəl sonluqla başa çatması münasibətilə Azərbaycan xalqını təbrik edirik. Həqiqətən də buradakı seçkilərdən öyrəniləcək çox şey var idi. Seçilən Prezidentə uğurlar, Azərbaycan xalqına rifah, əmin-amanlıq və böyük inkişaf arzu edirəm".