Qarabağ ermənilərinə reinteqrasiya şansı
Gündəm

Qarabağ ermənilərinə reinteqrasiya şansı

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun ərazidəki erməni nümayəndələri ilə görüşü baş tutub. Bundan öncə ilk görüş sentyabrın 21-də Yevlaxda keçirilib. Həmin görüş çərçivəsində Qarabağda yaşayan erməni sakinlərə reinteqrasiya üzrə planlar təqdim edilib, onların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiyası ilə bağlı dialoq aparılıb.

Bundan başqa, əhalinin infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri də görüş çərçivəsində müzakirə olunub. Bu təmaslardan sonra ölkəmiz tərəfindən Xankəndiyə humanitar yardımlar və yanacaq göndərilib. Həmçinin bölgəyə elektrik enerjisi də verilib. Bütün bunlar bir daha Azərbaycanın humanist mövqeyindən, eləcə də ölkəmizin Qarabağda yaşayan ermənilərin taleyi barədə narahatlığından xəbər verir. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər ölkəmizin onlara təqdim etdiyi bu tarixi şansı lazımi səviyyədə dəyərləndirməlidirlər. Çünki bu, onların Azərbaycan qanunları çərçivəsində öz hüquqlarından yararlanmaq imkanları əldə etmələri ilə yanaşı, regionda yeni iqtisadi inkişaf dövrünün başladılması baxımından da xüsusi əhəmiyyətə malikdir. Paşinyan hakimiyyəti nə qədər Qarabağdakı mülki erməni əhalisinin problemlərinin gündən-günə artdığını gizlətməyə çalışsa da, reallıq özünü göstərir.

Xatırladaq ki, Qarabağın erməni icmasının nümayəndələri bu il martın 13-də baş tutan birinci Xocalı görüşündən sonra iki dəfə danışıqlar üçün paytaxt Bakıya dəvət edilsələr də, separatçılar buna əngəl törətmişdilər. Bütün bunlara baxmayaraq, Yevlax və Xocalı görüşlərinin baş tutması Azərbaycanın Qarabağdakı erməniləri öz vətəndaşları kimi qəbul etməyə, onların problemlərinin həlli istiqamətində müzakirələr aparmağa və konkret addımlar atmağa hazır olduğunu göstərir.

Sözügedən danışıqlar fonunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Reuters"ə verdiyi açıqlama da diqqət çəkir. Belə ki, Hikmət Hacıyev rəsmi Bakının silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanlarını nəzərdən keçirdiyini bildirib: "Keçmiş döyüşçülərə münasibətdə belə, əgər onları bu şəkildə təsnif etmək olarsa, biz amnistiya ehtimalını nəzərdən keçiririk. Bakı silahlarını təhvil verən "Qarabağ silahlı birləşmələri"nin üzvlərinə ölkəni tərk etməyə icazə verəcək". Bu isə bir daha Azərbaycanın Qarabağdakı ermənilərin şəraitini yaxşılaşdırmaq üçün mühüm təşəbbüslər irəli sürdüyünü bir daha göz önünə sərir. Son zamanlar cərəyan edən hadisələrə nəzər salsaq görərik ki, artıq Ermənistan hakimiyyəti ilə yanaşı, antiterror tədbirləri nəticəsində darmadağın olunan separatçılar da Azərbaycanın tələblərinin yerinə yetirilməsinin zərurət olduğunu dərk edirlər. Bu cür şəraitdə ölkəmizin Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirməsi, həmçinin Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi tolerantlığımızın təzahürüdür. Qarabağın erməni əhalisi həm də başa düşməlidir ki, reinteqrasiya onlara Azərbaycanın bütün digər vətəndaşları kimi sülh və əmin-amanlıq şəraitində yaşamaq imkanı da yaradacaq. Qeyd edək ki, reinteqrasiya ilə bağlı yol xəritəsi artıq hazırdır və Qarabağ ermənilərinə təqdim olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".