Kosmik sənayenin inkişafına mühüm töhfə
Gündəm

Kosmik sənayenin inkişafına mühüm töhfə

Hər il 6000-dən çox iştirakçını özünə cəlb edən Beynəlxalq Astronavtika Konqresi (IAC) bütün kosmik aktorların bir araya gəldiyi qlobal əhəmiyyətli tədbirdir. Kosmik sənayenin müxtəlif sahələrini və mövzularını əhatə edən IAC ən son kosmik məlumatları, inkişafları, şəbəkə imkanlarını, əlaqələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla potensial tərəfdaşlıq təklif edir.

Xatırladaq ki, konqres 1950-ci ildən etibarən hər il Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyası və Beynəlxalq Kosmik Hüquq İnstitutunun (IISL) dəstəyi ilə baş tutur. Konqresin əsas məqsədi İkinci Dünya müharibəsindən sonrakı dövrdə kosmos sahəsində fəaliyyət göstərən alimlər arasında dialoqun yenidən qurulmasıdır. Həmçinin Beynəlxalq Astronavtika Federasiyası tərəfindən müxtəlif konfrans, texniki sessiya, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin iclası kimi beynəlxalq tədbirlər də təşkil olunur. Respublikamız 2003-cü ildən Federasiyanın üzvüdür. Müasir dövrdə Beynəlxalq Astronavtika Federasiyasının 110 ölkədən 460-dan çox üzvü var. Konqres ilk dəfə səkkiz ölkənin - Avstriya, Argentina, Böyük Britaniya, Danimarka, İspaniya, Fransa, Almaniya, İsveç başçılarının təşəbbüsü ilə keçirilib.

Azərbaycan müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində böyük uğurlar qazanmış ölkələr siyahısındadır. Ölkəmizdə hərtərəfli dövlət dəstəyi ilə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmaqla yanaşı, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb. Bundan başqa, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb, peyk xidmətlərinin ixracına başlanılıb. Hazırda ölkəmizdə mövcud olan peyk şəbəkəsi dövlətimizin suverenliyinin qorunmasına, həmçinin onun sosial-iqtisadi inkişafına da əhəmiyyətli dərəcədə dəstək verir. Müəllifi olduğu uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək böyük nüfuz qazanıb. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ əldə etmişdir. Qeyd etmək lazımdır ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə - 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən evsahibliyi etməsi əlamətdar hadisələrdən hesab olunur. İstər regionda, istərsə də beynəlxalq arenada ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresinin ikinci dəfə ölkəmizdə keçirilməsi Azərbaycanda kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz şərait yaradacaq, bu yöndə yeni cığırlar açacaq. Bunu Prezident İlham Əliyevin dünən işinə başlayan 74-cü Beynəlxalq Astronavtika Konqresindəki çıxışı zamanı səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir.

Dövlətimizin başçısı qeyd edib ki, Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək. Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib".

Nəzrin ELDARQIZI,

"Respublika".