Türkiyənin vitse-prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və
Gündəm

Türkiyənin vitse-prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və "Türk şəhidliyi" ziyarət edib

Dekabrın 20-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

AZƏRTAC xəbər verir ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

***

Dekabrın 20-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən Bakıda Şəhidlər xiyabanı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra Bakıdakı "Türk şəhidliyi" abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.