Hayların tasmasını tutan Fransa
Gündəm

Hayların tasmasını tutan Fransa

44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra Fransa regionda birmənalı olaraq ermənipərəst mövqe yürüdür. Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əmin-amanlığın təmin olunmasında deyil, müharibə və münaqişələr üzərində qurulub. Son zamanlarda Fransanın ermənipərəst mövqeyi özünü bir daha təsdiqləyir. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq niyyətindən xəbər verir. Fransa və bəzi digər qərb dairələri Ermənistanı Rusiya ilə mübarizənin növbəti cəbhəsinə çevirməyə çalışırlar.

Bu barədə deputat Aydın Hüseynov bildirir ki, Fransa imperialist siyasətini Cənubi Qafqazda da sürdürmək niyyətini gizlətmir: "Afrikadakı uğursuzluğunu yeni bölgələrdə aparacağı yeni müstəmləkə iddiaları ilə kompensasiya etmək istəyir. Ermənistan Fransa üçün "asan yemdir", bir çox dövlətə "ayı xidməti" göstərən rəsmi İrəvan bunun əvəzinə öz problemlərini həll etməyi düşünür. Dünya erməniləri 200 ildən artıqdır ki, öz ağalarının tapşırığına əsasən Azərbaycanda çirkin işlərlə məşğuldurlar. Müxtəlif yol və üsullarla torpaqlarımızda məskunlaşıblar, imkanlarını bir az da genişləndirərək, daha sonra özlərinə dövlət qurublar. Ermənilərin tasmasını tutanların başında Fransa dayanıb. Qarabağ uğrunda müharibədə Ermənistan ağır məğlubiyyətə düçar olub. Azərbaycan torpaqlarında Ermənistan adlanan qondarma dövlət qurduğu bəs deyilmiş, ikinci erməni dövləti də yaratmaq istədilər, 30 il bunu legitimləşdirməyə çalışdılar. Bu işdə Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi çox əlləşdi, “hüquqi əsaslar” axtardı, amma tapa bilmədi.

Bu gün Azərbaycan öz ərazilərində suveren hüquqlarını bərpa edib. Ermənistan son hadisələrdən öz hesabını götürmüş kimi görsənir, amma Fransa yenə də İrəvanı yeni savaşa təhrik edir. Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Katrin Kolonna mətbuat konfransında bildirib ki, Paris İrəvanla hərbi texnikanın verilməsinə dair müqavilə bağlamağa razıdır. Fransanın XİN başçısı açıq şəkildə bildirib ki, bu müqaviləyə əsasən "özünü müdafiə edə bilməsi üçün Ermənistana hərbi texnika tədarük ediləcək". Bu, birbaşa yeni müharibəyə çağırışdır. Fransanın mövqeyi barədə beynəlxalq təşkilatlara ciddi siqnallar verilməlidir".

Röya RÜSTƏMLİ,

"Respublika".