Separatçı, terrorçu, qatı cinayətkarların aqibəti
Gündəm

Separatçı, terrorçu, qatı cinayətkarların aqibəti

Payızın gəlişi üç il əvvəl yaşadığımız oktyabr günlərini yada salır. Erməni işğalçılarına qarşı aparılan əks-hücum əməliyyatlarının ən şiddətli dövrü okyabr ayının birinci həftəsində baş verdi. Torpaqlarımızı etnik nifrət zəminində işğal edən Ermənistan 30 il əsarətdə saxladığı ərazilərdə möhkəmlənmiş, havadarlarının dəstəyi ilə bu yerləri başdan-başa minalarla çirkləndirmişdi. Döyüş sursatı anbarlarına demək olar ki, hər addımda rast gəlinirdi. Düşmən ciddi müqavimət göstərsə də, hər qarış torpaq uğrunda qəhrəman silahlı qüvvələrimizin bölmələri rəşadətlə və inamla döyüşür, bəzən də səngərlərdə əlbəyaxa savaşırdılar. O taylı, bu taylı bütün Azərbaycan xalqı ayaqda idi, cəbhədən gələn xəbərləri həyəcanla izləyirdi. Şəhidlərimizin qanı bahasına azad edilən ərazilərdən, döyüş mövqelərindən yalnız xoş xəbərlər gəlirdi, torpaqlarımız kənd-kənd işğaldan azad edilirdi.

Döyüş mövqelərində uduzan Ermənistan və Xankəndidəki separatçı xunta rejimi Azərbaycanın dinc yaşayış məntəqələrini bombalamağa başlamışdı. Ermənistan faşizminin eybəcər sifəti, alçaq hərəkətləri cəbhə xəttindən yüz kilometrlərlə uzaqda olan yaşayış məntəqələrində dinc əhali arasında qanla, ölümlə özünü göstərirdi. Dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist ermənilərə aid ola bilərdi. Həmin günlərdə Ermənistanın əsas hədəfi yaşayış məntəqələri idi. Düşmən ordusu Gəncəni, Bərdəni, Tərtəri, Ağcabədini, Mingəçeviri, Ağdamı, Beyləqanı gecə-gündüz artilleriya atəşinə məruz qoyurdu. Azərbaycan vətəndaşları həmin günlərdə böyük cəsarət göstərdilər, şəhidlərini dəfn etdilər, yaralarını sararaq hər kəs öz yerində möhkəm dayandı, düşmən mərmisi ilə uçurulan evlərinin qalıqları arasından ayrılmadılar, ordumuza, dövlətimizə hər an dəstək oldular, heç kəs ruhdan düşmədi.

Vətən müharibəsi gedən günlərdə xalqımız sarsılmaz birlik nümayiş etdirərək Prezidentimizin və ordumuzun arxasında dayandı. İkinci Qarabağ müharibəsi şanlı qələbə ilə başa çatdı, 8 şəhər və 300-dən çox kənd qəhrəman silahlı qüvvələrimizin bölmələri tərəfindən işğaldan azad edildi. Dünya erməniliyinin və onların havadarlarının düyünə saldıqları və dondurmaq istədikləri işğala Qalib Ali Baş Komandanımız İlham Əliyevin yaratdığı və yetişdirdiyi ordusu düşməni ağ bayraq qaldırmağa məcbur etdi. Yaralarımız ağır olsa da qələbənin gətirdiyi bənzərsiz ovqat onlara məlhəm oldu. Şəhidlərimizə uca Allahdan rəhmət diləyirik, onların əziz xatirəsini ehtiramla yad edirik, qazilərimizə sonsuz minnətdarlıq bildiririk. Əyilən qəddimiz düzəlib, başımız ucalıb, yerə dikilən gözlərimiz nura bələnib, əlbəttə, bizə sonsuz sevinc yaşadanlara bir ömür borcluyuq. Vətən müharibəsində Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın Qarabağın üzərinə bulud kimi çökmüş qara niyyətli, işğalçı, qəsbkar, yadelli düşməni əzərək məhv etdi, bir vaxtlar öz ordusu ilə lovğalanan erməni generalları və zabitləri əsgərlərini darda qoyaraq "dovşan kimi" qaçdılar, dilənib-dolanıb yığdıqları hərbi texnikaların külü göyə sovruldu, bir çoxu da qənimət kimi götürüldü, lap sonda isə düşmənin beli qırıldı, başı əzildi. İgid oğullarımızın qanı-canı bahasına işğaldan azad edilən torpaqlarımızda indi üçrəngli bayrağımız qürurla dalğalanır, bu yerlərə yeni həyat qayıdır, düşmənin xarabalığa çevirdiyi torpaqlarda dirçəliş başlayıb, quruculuq işləri sürətlə aparılır, yollar çəkilir, hava limanları inşa olunur, "ağıllı şəhər" və "ağıllı kənd"lər qurulur.

Qalib Ali Baş Komandan, dövlətimizin başçısı İlham Əliyev məlum üçtərəfli Bəyanatdan sonra Xankəndidə və ətraf ərazilərdə qalmış separatçı rejimin qondarma rəhbərliyinə qarşı humanistlik göstərərək onları amnistiyadan yararlanmaq barədə xəbərdarlıq etdi. Lakin onlar bu humanistlikdən də yararlanmadılar. Üç il separatçılar Rusiya sülhməramlılarının arxasında gizlənərək Azərbaycanla təhdid dilində danışdılar, onlara uzadılan barış əlini geri itələdilər. Anlamadılar, ona görə də anlamazları cəmi 23 saata başa saldıq, aparılan antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Sonra separatçı rejimin qondarma rəhbərliyi, əlləri xalqımızın qanına bulaşmış hərbi canilər törətdikləri cinayətlərin bədəlini ödəməli oldular, qolları qandallanaraq həbs edildilər. Bir daha qeyd edək ki, onların çoxu Azərbaycan əhalisinə qarşı hərbi cinayət, qətliam törətmiş şəxslərdir. Azərbaycan xalqının qanına əli batmış şəxslərin hamısı ədalət məhkəməsinə cəlb olunacaq. Həqiqətən biz bu gün tarixi anlar yaşayırıq, təsəvvür edə bilmədiyimiz hadisələrin şahidi oluruq. Azərbaycan dövlətinin gücü və Qalib Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bizə bu günləri görməyi nəsib etdi.

Cinayət heç zaman cəzasız qalmır. Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma "Dağlıq Qarabağ respublikasının prezidenti" və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr yaranıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində həmçinin Arayik Harutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Arayik Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Cari il oktyabrın 3-də Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona cinayət məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilmişdir.

Bir daha xatırladaq ki, son iki yüz ildən artıq bir dövrdə azərbaycanlılara qarşı erməni soyqırımı, deportasiyası, torpaq işğalı dəfələrlə baş verib. Tarixin bu qanlı-qadalı səhifələri dinc azərbaycanlıların qanı ilə yazılıb, onlar deportasiya və qaçqınlıq, köçkünlük ağrıları yaşayıblar, doğma torpaqları erməni işğalına məruz qalıb. Hərbi canilərin həbs edilməsi bəşəriyyətə təhdid olan erməni faşizminin çöküşündən və məhv edilməsindən xəbər verir.

Salman ALIOĞLU,

"Respublika".