ELMİ XİDMƏTLƏRİLƏ YAŞAYAN ALİM
Elm

ELMİ XİDMƏTLƏRİLƏ YAŞAYAN ALİM

Ensiklopedik alim Nəsirəddin Məhəmməd Tusinin (1201-1274) yaşayıb yaratdığı XIII əsr Azərbaycan, ümumiyyətlə, Yaxın və Orta Şərq üçün mürəkkəb bir dövrdür. Monqolların qətl-qarətləri, sonra qıpçaqların talançılığı, bunun ardınca Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin Azərbaycanın mühüm şəhərlərini tutub müsibətlər törətməsi - üsyançılara divan tutması və nəhayət, 1231-ci ildə monqolların ölkəni tamamilə işğal etməsi xalqımızın keşməkeşli tarixindən xəbər verir.

Orta əsrlər Şərq aləminin böyük tarixçisi İbn əl-Əsir monqolların Azərbaycana hücumları zamanı şahidi olduğu tarixi faktları "Mükəmməl tarix" əsərində qələmə almışdır. İbn əl-Əsir monqolların hücumlarını İsgəndərin fəthləri ilə müqayisə edərkən "bütün dünyanı zəbt etmiş olan İsgəndər belə bu tezliklə dünyaya malik olmamışdır" fikrini irəli sürmüşdür: "İsgəndər "fəth etdiyi yerlərə on ildə malik ola bilmişdi. Bir nəfəri də öldürməmişdi. Əhalidən yalnız özünə tabe olmayanları tələf edirdi. Bunlar isə bir ilə qədər qısa bir zamanda abad, əxlaqca tərbiyəli və ədalətli olan bir çox gözəl və mədəni yerlərə malik oldular. Bunların keçmədiyi yerlərin əhalisi də qorxusundan yata bilmir və bunların gələcəyini gözləyirdi". İbn əl-Əsir hicri 628-ci (1230-1231) ilin əvvəlində Azərbaycan vilayətlərində yaşayan bütün əhalinin monqollara tabe olduqlarını bildirmişdir. Beləcə, monqollar qətl-qarətlər törədərək öz dövlətlərini yaradıblar.

Monqol xaqanı Münkenin (1251-1259) qardaşı Hülakü xan (1256-1265) 1256-cı ildə İranı və Azərbaycanı ələ keçirib, 1258-ci ildə Bağdad şəhərini tutaraq xəlifə Müstəsimi (1242-1258) öldürdü. Bununla Abbasilər sülaləsinin 500 ildən artıq hökm sürən hakimiyyətinə son qoyuldu. Beləliklə, Hülakülər, yaxud Elxanilər dövləti yarandı.

Monqolların hücumu əsarətə düşmüş xalqların əsrlərdən bəri formalaşmış mədəniyyətinə də ağır zərbə vurdu. Lakin bütün bunlara baxmayaraq, o dövrdə onlar mədəni dəyərlərini qoruya bildilər. Buna görə müsəlman Şərqi ölkələrinin xalqlarının mədəniyyəti yüksək səviyyədə idi. Türkiyənin görkəmli alimi, ord.prof. Hilmi Ziya Ülkən həmin dövrü "XIII əsr monqol istilasına görə bir durğunluq və qaranlıq dövr kimi görünməsinə rəğmən bir tərəfdən də bir çox böyük elm adamlarının və yeni elm mərkəzlərinin qurulduğu əsr" kimi dəyərləndirmişdir.

Köçəri həyat tərzi yaşayan monqollar zaman keçdikcə yerli xalqların mədəniyyətini, mənəvi dəyərlərini mənimsəmişlər. Bu da təbii idi. Alman siyasi xadimi, filosofu, tarixçisi, marksizmin banilərindən biri hesab edilən Fridrix Engels (1820-1895) işğal zamanı yerli xalqla hücum edən xalq arasında qarşılıqlı münasibət məsələsini izah edərkən yazmışdır ki, hər dəfə, az mədəni xalq qalib gəldikdə iqtisadi inkişaf prosesi pozulur və çoxlu miqdarda məhsuldar qüvvə məhv edilir. Lakin işğal uzun sürdükdə az mədəni olan işğalçı ən çox hallarda işğal edilən ölkənin daha yüksək "təsərrüfat vəziyyətinə", onun işğaldan sonrakı şəklinə uyğunlaşır, tabe edilən xalq tərəfindən assimilyasiya və çox zaman hətta onun dilini də qəbul etməyə məcbur olur.

Fridrix Engelsin bu fikri tarixdə monqolların müsəlman Şərqi ölkələrinə hücumu zamanı özünün təsdiqini tapmışdır. Dağıntılar və vəhşiliklər törədən monqollar məhz Şərq alimlərinin və filosoflarının təsiri ilə sonralar elmə və mədəniyyətə diqqət göstərmişlər. Bu mənada, Nəsirəddin Məhəmməd Tusinin başçılığı ilə 1259-cu ildə Marağa şəhərində inşa edilmiş rəsədxana təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqi ölkələrinin elm və mədəniyyət tarixində silinməz iz qoymuşdur.

Tarixçi İbn Şakir Kütübi Nəsirəddin Tusinin Marağa rəsədxanasını təşkil edərkən orada geniş bir guşədə Bağdaddan, Şamdan və Mesopotomiyadan gətirilmiş dörd yüz min cilddən çox kitab olan böyük bir kitabxana yaratdığını qeyd etmişdir.

AMEA-nın müxbir üzvü, professor Zakir Məmmədov bu barədə yazmışdır ki, Nəsirəddin Tusinin "hər bir əyalətdə vəqflərlə məşğul olan, onların üşrünü (desyatinin) yığıb, rəsədxana işçilərinin əmək haqqına və rəsədxanada lazımi işlərə sərf etmək üçün gətirən naibləri vardı".

Marağa rəsədxanasında aparılan elmi tədqiqatların sonrakı əsrlərdə elmin inkişafına böyük təkan verdiyini bildirən professor Həbibulla Məmmədbəyli coğrafi koordinatlar cədvəlinin tərtib edilməsi elmi işinin əhəmiyyətini xüsusi qeyd etmişdir: "Zic Elxani"də 256 şəhərin coğrafi enlik və uzunluq koordinatları verilmişdir. Bu cədvəl XIII əsrdə Azərbaycan alimlərinin coğrafi biliklərinin yüksək səviyyədə olduğunu göstərir. Cədvəlin coğrafiya elminin inkişafında böyük və Amerikanın kəşfində isə müəyyən dərəcədə əhəmiyyəti olmuşdur".

Rəsədxanada çalışan alimlər astronomik müşahidələr aparmaq, rəsədxana işlərində çalışmaqla yanaşı, elmin digər sahələrində də tədqiqatlarla məşğul idilər. Professor Zakir Məmmədov bu barədə yazmışdır ki, 1266-cı ildə Nəsirəddin Tusinin yanına gəlib, Marağa rəsədxanasında işləyən azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Salmasi kağızdan əldə etdiyi xəmirdən alət və cihazlar düzəldirmiş. Zakir Məmmədov faktlar əsasında sübut etmişdir ki, Kəriməddin Salmasi rəsədxanada içiboş Yer kürəsi modelini hazırlamış, onun üzərində iqlimlərin təsvirini vermişdir. Əlbəttə, bu, coğrafi qlobus idi. Halbuki elm aləmində elə hesab edirlər ki, ilk coğrafi qlobusu alman coğrafiyaçısı və səyyahı Martin Böhaym (1459-1507) hazırlamışdır.

Nəsirəddin Tusinin təbiətşünaslıq, astronomiya, riyaziyyat və s. dəqiq elmlərə dair traktatları bütün dünyada məşhurdur. Şərq və Qərb alimləri bu barədə geniş rəy söyləmiş, onun xidmətlərini yüksək qiymətləndirmişlər. Azərbaycan filosofunun fəlsəfə, məntiq, siyasət və etikaya dair traktatlarına gəldikdə, onlar lazımi səviyyədə yayılmasa da, orta əsr fəlsəfə tarixinin qiymətli inciləridir.

Fəlsəfədə ontologiya ilə qnoseologiya vəhdət təşkil edir. Ontologiyada bilavasitə varlığın özü onun mövcudluq formaları və bunlarla bağlı məsələlər araşdırılırsa, qnoseologiyada idrak prosesinin xüsusiyyətləri, idrakda hiss ilə rasionalın əlaqəsi, həqiqətin əldə edilməsi yolları və s. məsələlər öyrənilir. Nəsirəddin Tusinin varlıq təlimi kimi, idrak nəzəriyyəsi də gerçəkliyi, həqiqəti ifadə edirdi. Bu da onun, ümumiyyətlə, peripatetik filosofların, ilk növbədə, bilavasitə maddi aləmin tədqiqində hissi şeylərin əyani surətdə araşdırılması və real şəkildə müəyyənləşdirilməsindən irəli gəlirdi.

Qeyd etmək lazımdır ki, bir sıra fəlsəfi məsələlərin qoyuluşunda və həllində Şərq peripatetikləri Yeni dövr Avropa filosoflarından daha çox elmi mövqe tuturdular. Yeni dövr Avropa filosofları idrakın hissi və əqli mərhələlərinə birtərəfli yanaşır, bunlardan gah birinə, gah da digərinə üstünlük verirdilər.

Yeni dövr Avropa fəlsəfəsi üçün həmin cərəyanların bir-birinə qarşı qoyulub, bu və ya digərinə üstünlük verilməsi demək olar ki, ümumi hal almışdı. Sensualizm (empirizm) ilə rasionalizm arasında belə kəskin hədd qoyulması filosofların tədqiqat mövzularının, öyrəndikləri sahələrin xüsusiyyətləri ilə, araşdırma metodlarının spesifikliyi ilə də müəyyən mənada əlaqədar idi. Sensualistlər bilavasitə təbiət hadisələrini araşdırmaqla məşğul olmuş, maddi aləmin predmetlərinin inikası, onlar haqqında lazımi məlumatlar üçün hissi qavrayışları, empiriklər təcrübəni qənaətbəxş hesab etmişlər. Rasionalistlərin tədqiqatlarında isə riyaziyyat, qismən də metafizika məsələləri başlıca yer tutduğundan abstrakt təfəkkürə üstünlük verilmişdir. Beləliklə, birtərəflilik - sensualizm və ya rasionalizm mövqeyində durmaq Yeni dövr Avropa filosoflarının dünyagörüşləri, fəlsəfi təlimləri üçün səciyyəvi idi. Həmin birtərəfliliyi Şərq peripatetiklərinə aid etmək düzgün olmazdı. İdrakda hiss ilə rasionalın vəhdətini qəbul edən Şərq peripatetikləri bu yerdə XVII-XVIII əsrlərin Qərb metafizik filosoflarından daha irəlidə idilər.

Nəsirəddin Tusi 25 iyun 1274-cü (18 zülhiccə 672) ildə Bağdadda vəfat etmişdir. Öz vəsiyyətinə görə o, Musa Kazım əleyhissəlamın türbəsində, İraqda Bağdad yaxınlığında yerləşən müqəddəs şəhər Kazımeyndə dəfn edilmişdir. Bu yerdə on iki imamdan yeddincisi və doqquzuncusu Musa ibn Cəfər əl-Kazım və onun nəvəsi Məhəmməd dəfn olunduğu üçün Kazımeyn (İki Kazım) adlanmışdır. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur.

Ensiklopedik alim elmi fəaliyyəti ilə böyük nüfuz qazanmaqla yanaşı, özünün davamçılarını da yetirmişdir. Onun Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə təhsil alan şagirdləri müəllimlərinin elmi yolunu davam etdirmişlər.

Nəsirəddin Tusinin yaradıcılıq yolu həm şagirdləri, həm də övladları - Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd tərəfindən də davam etdirilmişdir. Sədrəddin Əli atasının ölümündən sonra Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə deyildiyi kimi, o, farsca poeziya və astronomiyada fəzilətli idi. Əsiləddin Həsən həm elmi fəaliyyət göstərmiş, riyaziyatçı və şair kimi tanınmış, həm də dövlət işlərində çalışmışdır. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama getmiş, sonra Bağdadda mənsəb sahibi olmuşdur. Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasım Əhməd riyaziyyatçı, astronom olmuş, vəqflərin müdiri işləmişdir. O, Abaqa xanın oğlu Arqun xan zamanında xidmət etmiş, 27 avqust 1301-ci (21 zilhiccə 700) ildə Sivasda öldürülmüşdür. Cənazəsi Marağaya gətirilib, qardaşının yanında dəfn olunmuşdur.

Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Əllamə Cəmaləddin Həsən Hilli (1250-1326) və başqaları Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələridir. Yaradıcılığı ensiklopedik səciyyə daşıyan bu şəxsiyyətlər riyaziyyat, təbiətşünaslıq, tibb və başqa dəqiq elmlər üzrə daha çox məşhur olsalar da, fəlsəfənin nəzəri və əməli hissələrinə dair də qiymətli traktatlar yazmışlar.

"Haqlı filosof", "mütləq müdrik", "ən böyük ağa", "həqiqətlərin təzahür yeri", "incəliklərin yaradıcısı", "bəşər ustadı" fəxri adlarını daşıyan Nəsirəddin Tusinin irsi yaradıcı ziyalılar üçün örnək olmuşdur. Bu dəyərli irsin əsasında qələmə alınmış əsərləri əsrlər boyu mədrəsələrdə tədris edilərək geniş yayılmışdır.

Bu il elmi xidmətləri və mükəmməl əsərləri ilə əbədiyyət qazanmış Azərbaycan filosofu Nəsirəddin Məhəmməd Tusinin vəfatının 750 illiyi, onun başçılığı ilə inşa edilmiş Marağa rəsədxanasının yaranmasının 765 illiyi tamam olur.

Aytək MƏMMƏDOVA,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.