BMU-da “Məzun günü” keçirilib
Elm və təhsil

BMU-da “Məzun günü” keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ili üzrə “Məzun günü” keçirilib.

"Respublika" xəbər verir ki, bu barədə BMU-dan bildirilib. Mərasim Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri açan BMU-nun rektoru Yaqub Piriyev ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğu dövrə təsadüf edən builki “Məzun günü”ndə ali məktəblə vidalaşan tələbələrin həyatlarının növbəti dövrünə məhz qüdrətli, qalib Azərbaycan vətəndaşları kimi qədəm qoyduqlarını vurğulayıb.

BMU-da qazandıqları bilik və bacarıqların məzunlara gələcək karyeralarında, cəmiyyətin ən yüksək pillələrində savadlı, peşəkar kadrlar kimi layiqli yer tutmaqda kömək edəcəyini deyən rektor Yaqub Piriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını və dövlətimizin başçısının “qara qızıl”ı insan kapitalına çevirməyi hər kəsin qarşısında vəzifə qoyduğunu qeyd edib. Bu baxımdan hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tikinti-quruculuq işlərinin getdiyinə diqqət çəkərək, BMU məzunlarının gənc mühəndislər kimi işğaldan azad olunan torpaqlarımızın yenidən qurulmasına töhfə verəcəklərinə inamını ifadə edib.

Universitetin yaranma tarixi, daxili və beynəlxalq reytinqlərdə artan nüfuzu, maddi-texniki bazası, müasir laboratoriyaları haqqında danışan Yaqub Piriyev builki qəbul planında olan yeniliklər - bakalavriat səviyyəsində açılan ixtisaslar, bakalavriat səviyyəsi üzrə qiyabi təhsil formasının tətbiqi və digər yenilikləri universitetin inkişafının bariz göstəricisi adlandırıb. Ali təhsil ocağının rəhbəri bu il universitetdən ümumilikdə 1118 tələbənin məzun olduğunu diqqətə çatdırıb, müvafiq statistik göstəricilərə toxunub.

BMU məzunlarının işlə təminatı məsələsinə də diqqət çəkən rektor son illərdə onların məşğulluğunun 65 faiz üzərində olduğunu, 72,5 faizinin öz ixtisası üzrə çalışdığını müsbət göstərici kimi xarakterizə edib. Ötən tədris ilində 1287 bakalavr məzundan 50 faizə yaxınının hazırda Azərbaycanda və müxtəlif xarici ölkələrdə magistratura təhsili almasını, soraqları xarici ölkələrin ən nüfuzlu təhsil müəssisələrindən, qabaqcıl şirkətlərindən gələn məzunların uğurlarının qürurverici olduğunu deyib. Eyni zamanda, BMU ilə Koreyanın INHA Universiteti arasında icra olunan ikili diplom proqramı üzrə yaxın günlərdə ilk dəfə məzun olacaq gənclərin Azərbaycanın inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.

Gənclərə tövsiyələrini çatdıran Yaqub Piriyev onları həyatda hər zaman məqsədyönlü, kreativ düşüncəyə sahib olmağa, seçdikləri peşəyə sədaqətli olmağa çağırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məzunların universitetdə aldıqları biliklərin onların qarşısında gözəl perspektivlər açacağını söyləyib. Hərb meydanında sinəsini qabağa verən, torpaqlarımızı erməni əsarətindən qurtaran Azərbaycan gəncliyinin bundan sonra dövlətimizin möhkəmlənməsinə öz bilik və bacarığı ilə xidmət etməli olduğunu vurğulayan Sadiq Qurbanov ölkəmizin elmi uğurlarla da qabağa gedəcəyinə, şöhrətlənəcəyinə əminliyini qeyd edib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında Azərbaycan universitetlərinin bu gün dünya reytinqlərində yer tutmasına, yüksəkixtisaslı kadrlar yetişdirməsinə toxunaraq, gənclərin mükəmməl təhsili üçün dövlət səviyyəsində atılan addımları yüksək qiymətləndirib. Bildirib ki, BMU-nun maddi-texniki bazası, müasir laboratoriyaları, savadlı professor-müəllim heyəti səriştəli, bacarıqlı kadr yetişdirməyə imkan verir və məzunlar gələcək karyeralarında bunun real nəticəsini görə biləcəklər. Fərhad Hacıyev uzun illərdən bəri təhsil müəssisələrində aparılan vətənpərvərlik təbliğatının verdiyi gözəl nəticənin azad Qarabağ olduğuna toxunub, gənclərlə qürur duyduğunu söyləyib.

Milli Məclisin deputatı İltizam Yusifov çıxışında BMU məzunlarının öz ixtisaslarında bacarıqlı mütəxəssislər olacağına inandığını söyləyib.

Sonra 2023-2024-cü tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.

Kompüter mühəndisliyi ixtisasından məzun olan universitet birincisi Mais Şabanov tədbirdə çıxış edərək gənclərin müasir və keyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsinə, ali təhsilin əhəmiyyətli inkişafına xüsusi diqqət ayırdığı üçün ölkə rəhbərliyinə, eyni zamanda, yüksək bilik qazanmasında rolu olan müəllim və valideynlərinə təşəkkürünü bildirib.

Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və musiqili proqramla davam edib.