Azərbaycan dilinin inkişafı ulu öndərin adı ilə bağlıdır
Elm

Azərbaycan dilinin inkişafı ulu öndərin adı ilə bağlıdır

Dil hər bir xalqın varlığını, onun milliyyətini təsdiq edən amildir. Əgər ictimai toplumun, etnik qrupun özünəməxsus dili yoxdursa, onu öz kökünə bağlı, müstəqil xalq və ya millət kimi təsəvvür etmək olmaz.

Azərbaycan xalqı doğma dilinə sədaqətli xalqdır. Tarixin ictimai təlatümlərinə məruz qalan xalqımız şifahi ədəbi dilini qoruyub saxlamış onu inkişaf etdirmiş, eyni zamanda XVII-XVIII əsrlərdə yeni dilin – Azərbaycan ədəbi dilinin formalaşmasına ciddi təsir göstərmişdir. Şah İsmayıl Xətainin hakimiyyəti və Azərbaycan Xalq Cümhuriyyəti dövrlərində Azərbaycan dili rəsmi dil kimi işlədilmişdir. XX əsrin əvvəllərindən ruslaşdırma siyasətinin təsirinə baxmayaraq, Azərbaycan dili dövlət dili olaraq inkişaf etmiş, müstəqillik bərpa edildikdən sonra da ana dilimiz dövlət dili kimi diqqət mərkəzində olmuşdur.

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalarından miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istiqamətində böyük işlər görmüşdür. Sovetlər dövründə respublikamızda Azərbaycan dilinin hakim bir dil olmadığı bir məqamda dilin inkişafı, onun zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə heç bir tədbir görülmürdü.

70-ci illərin ortalarından etibarən SSRİ-nin tərkibindəki respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə ki, rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Bütün bunlara baxmayaraq, o vaxt respublikanın rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük cəsarətlə, qətiyyətlə bildirirdi. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların konstitusiya layihəsinin ümumxalq müzakirəsinə verilməsi məqamından istifadə edərək Azərbaycan dilinin dövlət dili olması barədə maddənin layihəyə salınmasına nail oldu.

Ümumxalq müzakirəsinə çevrilmiş Azərbaycan Respublikası Konstitusiyası layihəsinin 13-cü maddəsində belə qeyd edilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxladı, ana dilinin işlənməsi, inkişaf etdirilməsi məsəlləsinə xüsusi önəm verdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən Azərbaycan dilinin dövlət dili olması Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.

Azərbaycan dilinin qorunması və inkişafı məqsədilə 2001-ci il iyunun 18-də qəbul edilən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman tarixi əhəmiyyət kəsb edir. Belə ki, fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.

2001-ci il avqustun 9-da Prezident yeni “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqında” fərman imzaladı. Fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin”.

Onu da qeyd edək ki, müstəqilliyimizin ilk ilində – 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, qərar icra olunmamışdı. Yalnız ümummilli lider Heydər Əliyevin fərmanından sonra ana dilimizin tətbiqi işi daha da təkmilləşdirildi. Ulu öndərin daxili və xarici siyasətinin davamçısı Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da ictimai-tarixi əhəmiyyətli sənədlərdir. 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı hazırlanıb həyata keçirildi.

Hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq aləmdə diplomatiyaya yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasətinin uğurlu nəticəsidir.

Zümrüd QURBANQIZI,

“Respublika”.