ÜMUMTÜRK DİLLƏRİ DİALEKT VƏ ŞİVƏLƏRİNİN QARŞILIQLI İNTEQRASİYASININ TƏDQİQİ
Elm

ÜMUMTÜRK DİLLƏRİ DİALEKT VƏ ŞİVƏLƏRİNİN QARŞILIQLI İNTEQRASİYASININ TƏDQİQİ

Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim Mahirə Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası"  monoqrafiyası  nəşr olunmuşdur. Bu fundamental tədqiqatda ciddi elmi əhəmiyyət kəsb edən ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası araşdırılmışdır. Geniş və çoxcəhətli problemləri özündə ehtiva edən əsər  türkologiyamız üçün dəyərli mənbədir.  Əsər türk dillərinin müxtəlif aspektdən tədqiqinə,  nəzəri qənaətlərin və müddəaların formalaşdırılmasına istiqamət verir.

Tədqiqatlar  göstərir ki, türk dilləri dialektlərini bir dilin dialektləri, başqa türk dilləri dialektlərindən təcrid olunmuş şəkildə öyrənmək yüksək elmi nəticələr əldə etməyə imkan vermir. Türk dillərinin tarixini öyrənmək istiqamətində aparılan istənilən tədqiqat bir dilin hüdudlarını müəyyənləşdirməyə,  yəni ya bir dil qrupu, ya ümumən dilin mənsub olduğu və ya da onlardan ən yaxın olan dil qrupları ilə müqayisəli şəkildə öyrənilməsinin zəruriliyini əsaslandırır və tədqiqatların bu istiqamətdə aparılmasını şərtləndirir. Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası məsələləri tədqiq olunarkən bu zərurət nəzərə alınmış, tədqiqatlar həm ümumən dilin mənsub olduğu dil qrupları arasında, həm də konkret olaraq Oğuz və qıpçaq dil ailələrinin qarşılıqlı inteqrasiyası istiqamətində aparılmışdır. Türk dillərinin dialektlərinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir və bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən ak-tual vəzifələrindən biridir. Türk dillərinin dialekt və şivələrinin fonetik, leksik və qrammatik yaxınlığı, oxşar və fərqli cəhətlərinin müəyyənləsdirilməsi türkologiyada ən aktual məsələlərdəndir. Çünki dialektoloji vahidlər hər bir dilin  arxaikləşmiş dil vahidlərini, hətta ən qədim reliktlərini özündə  qoruyub saxlayır. Lakin türk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiya problemi bu günədək türkologiyada, demək olar ki, əsaslı və fundamental şəkildə araşdırılmamışdır. Bu cəhətdən M.Hüseynovanın  "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyasında  Azərbaycan dilçiliyində  türkologiyada aparılan tədqiqatlar sistemli  şəkildə təhlil olunmuşdur. Monoqrafiyada Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələlərindən bəhs edən müəllif keçən əsrin 50-ci illərindən türk dillərinin dialekt və şivələrində burun samitlərinin mövcudluğunu ilk dəfə akademik Məmmədağa Şirəliyevin müşahidə etdiyini, həm Azərbaycan, həm digər türk dillərinin dialekt və şivə materialları üzrə apardığı araşdırmaları, akademik Ağamusa Axundovun dialekt sistemlərinin bir-birinə münasibəti və dialekt sistemlərinin aborigenlərin - ölkənin qədim əhalisinin dil sistemi faktlarına münasibəti, akademik  T.Hacıyevin,  görkəmli türkoloq Fərhad Zeynalovun müstəsna xidmətlərini  qeyd edir. Professor F.Zeynalov "Türkologiyanın əsasları" əsərində ümumtürk dilləri dialekt və şivələrinin əmələ gəlməsi, inkişafı, təsnifi, tədqiqi və onları səciyyələndirən leksik, fonetik, qrammatik əlamətlər barədə məlumat verərək türk dillərinin qəbilə, tayfa, tayfa birlikləri, xalq və milli ədəbi dillərə yüksələnə qədər inkişaf mərhələlərini,  türkdilli xalqların dialekt və şivələrini bir-birindən fərqləndirən spesifik  fonetik, leksik və qrammatik cəhətləri şərh etmişdir.

Monoqrafiyada H.Mirzəyevin Dərələyəz şivələri üçün səciyyəvi olan bir çox fonetik və leksik xüsusiyyətləri üzə çıxarması, onun dialekt və şivələrimiz içərisində yerini, mövqeyini müəyyənləşdirməsi, şivələrdə qohum türk dilləri ilə paralellik təşkil edən sözləri müqayisəli şəkildə araşdırması izlənilmişdir.

Müəllif tədqiqatda professor Elbrus Əzizovun,  dialektoloq Bayram Əhmədovun tədqiqatlarına da xüsusi yer vermişdir. Mahirə Hüseynova "Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri", "Naxçıvan MSSR-in dialekt və şivələri" əsərlərinin də təhlilini vermiş, ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqində dialektoloji lüğətlərin elmi əhəmiyyətini əsaslı nümunələrlə şərh etmişdir. Qeyd edildiyi kimi, keçən əsrdə  həm Azərbaycanda, həm də türkdilli xalqlarda dialektoloji tədqiqatların istiqamətləri genişlənmişdir. Əsərdə bu istiqamətlərin əsas cəhətləri təhlil olunur. Dialekt və şivələrdən yığılmış materiallar fonetik, leksik, qrammatik, struktur-semantik, sintaktik yöndən müqayisəli tarixi metod müstəvilərində araşdırmaya cəlb edilsə də istər Azərbaycan, istərsə  türkologiyada  dialekt və şivələrin qarşılıqlı inteqrasiyası araşdırılmamışdır.  Bu nəzərə alınaraq monoqrafiyada türk dillərinin (Oğuz və qıpçaq qrupu)  dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası, ümumtürk dillərinin nəzəri və praktik məsələləri ilk dəfə müqayisəli, sistemli şəkildə araşdırılmış, eyni zamanda sözlərin  fonetik, qrammatik,  leksik-semantik yöndə tarixi genetik və struktur-funksional xüsusiyyətləri zəngin dialektoloji və türkoloji qaynaqlar əsasında nəzərdən keçirilmişdir. Professor Mahirə Hüseynova monoqrafiyada qohum dillərin dialektlərinin ayrı-ayrılıqda əsas xüsusiyyətlərini müəyyənləşdirməklə bu dialektlərinin ədəbi dilə inteqrasiyasında dominant dili dəqiqləşdirmiş və türk dillərinin dialekt və şivələrinin fonetik, leksik və morfoloji xüsusiyyətləri Oğuz və qıpçaq qrupu dilləri əsasında araşdırılmışdır. 600 səhifədən ibarət olan monoqrafiyada  Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası nəzəri aspektdə tədqiq edilmişdir. Bu baxımdan, monoqrafiyada qoyulan konsepsiya türk dillərinin  tarix boyu dialekt və şivələrinə məxsus  cəhətləri üzə çıxarmağa imkan verir.

"Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" adlı   fəsil dialekt sözlərinin  qohum türk dillərinin leksik vahidləri ilə müqayisəli-tipoloji xüsusiyyətləri, oxşar və fərqli cəhətləri dil faktları ilə izah edilir.  Tədqiqatçı dillərin dialektlərə  bölünməsini, onun təkamülündə meydana çıxan halları müəyyənləşdirmiş, eləcə də konkret bir dilin başqa yaxın qohum dillərlə ortaq və ayrılan xüsusiyyətlərini geniş və hərtərəfli tarixi-dialektoloji  baxımdan tədqiq etmişdir.  "Türkcələrin dialekt bölünməsi" adlı fəsildə türk, Azərbaycan, qırğız, qumuq, dolqan, yakut, kaşqar, krımtatar, özbək, karnim, sor, tosular, tuva, kazan-tatar, başqırd, altay, zakas, çuvaş, türkmən, qaqauz, axıska, qazax, qaraqalpaq, noqay, qaraçay-balkar, uyğur və zalar dillərinin dialektləri təsnif edilərək  onların əsas cəhətləri müəyyənləşdirilir. Xüsusilə,  monoqrafiyada  ümumtürk dillərinin dialekt və şivələrində saitlərin fonematik xüsusiyyətləri, sait səs keçidləri, diftonqlaşma, ahəng qanunu, fonetik hadisələr zəngin dil materialları əsasında şərh olunmuşdur. Türk dillərində saitlərin düşümü, samit səs keçidləri, "n-z" samitləri,  sağır n samitinin bu dillərin  dialektlərdə səslənmə variantları, assimilyasiya, dissimilyasiya və metateza hadisələrinin oxşar və fərqli cəhətləri müəyyənləşdirilir.

Əsərdə türk dillərinin dialekt və şivələrinin leksik xüsusiyyətləri doqquz  bölməyə ayrılaraq şərh olunmuşdur. Bugünkü türk xalqlarının ədəbi dillərinin və ya dialektlərinin, eyni zamanda onların tarixi-etnik-genetik köklərinin dərindən öyrənilməsi üçün də zəngin  leksik vahidlər tədqiqata cəlb edilmiş, ümumtürk dillərinin leksik bazasına söykənməklə qohum dillərin dialekt və şivələrində müşahidə olunan inteqrasiya halları üzə çıxarılmışdır. Müəllif ayrı-ayrı bölmələrdə Azərbaycan dialekt və şivələrində mövcud olan müxtəlif peşələrlə bağlı leksik vahidləri, tayfa, nəsil adlarını, qohumluq münasibəti bildirən sözləri, təsərrüfat terminlərini, toy mərasimi leksikasını, yemək və içki adlarını, xalq danışıq coğrafi terminlərini, atçılıq təsərrüfatına aid sözləri, onomastik vahidləri ümumtürk dillərinin dialekt və şivə materiallarını müqayisə etmiş, diaxronik və sinxronik istiqamətdə  təhlillər apararaq, orijinal elmi nəticələr əldə etmişdir.

Filologiya elmləri doktoru, professor M.Hüseynova  monoqrafiyada dialekt və şivə materiallarını qohum dillərin dialekt materialları ilə  müqayisə etmiş, türk dillərinin  ədəbi dillərində və  dialektlərində fonetik, morfoloji, leksik, qrammatik xüsusiyyətləri sistemli şəkildə  təhlil edərək dialektlərin qarşılıqlı inteqrasiya məsələlərini aydınlaşdırmışdır. Ümumtürk dillərinin dialekt və şivələrinin inkişafını şərtləndirən, eyni zamanda müasir durumuna ciddi təsir göstərən ən önəmli problemlərdən biri kimi  söz yaradıcılığının mühüm cəhətlərini təyin edərək, ümumtürk dilləri dialekt və şivələrinin ayrı-ayrılıqda təsnifi prinsiplərini vermişdir.  "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyası türk dillərinin dialekt və şivələrinin yeni müstəvidə öyrənilməsi baxımından türkologiyamızın nailiyyətidir. Əsərdə  ümumtürk dillərinin dialekt və şivələrinin hər biri ayrı-ayrılıqda  təhlil edilmiş, qədimliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə zənginliyi ilə seçilən  bu dillərin dialektlərinin fonetik, leksik, qrammatik xüsusiyyətləri araşdırılmış,  türk xalqlarının  etnik mənsubiyyətlərinə görə bir-biri ilə bağlılığı,  eyni kökə mənsub olduqları dil faktları ilə  sübut edilmişdir. Ümumtürk dialekt və şivələrin fonetik, leksik və qrammatik yaxınlığı, oxşar və fərqli cəhətləri, onların qarşılıqlı inteqrasiyasında tarixi-etnik-genetik köklərin aydınlaşdırılması üçün zəngin mənbədir. Professor Mahirə Hüseynovanın "Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" adlı monoqrafiyası türk dillərinin və dialektlərinin arasında inteqrasiya proseslərinin tədqiqini aktuallaşdıracaq və bu istiqamətdə tədqiqatların genişlənməsinə zəmin yaradacaqdır.

Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər

Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor.