Davamlı inkişafa, rifaha xidmət edən neft strategiyası
İqtisadiyyat

Davamlı inkişafa, rifaha xidmət edən neft strategiyası

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Heydər ƏLİYEV,

Ümummilli lider.

"Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə bildirib.

1994-cü il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində" Fərmanı verdi. 1994-cü il sentyabrın 20-də isə Bakıda dünyanın 8 ölkəsinin 13 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və hasilatın pay bölgüsünə dair Saziş imzalandı. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a.s, LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK, PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A. O., YUNOKAL XƏZƏR LTD arasında imzalanan Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Təxminən, 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. "Əsrin müqaviləsi" nin imzalanması ilə "Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsinə başlanıldı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

İlkin hesablamalara görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun çıxarıla bilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü. "Əsrin müqaviləsi"nin imzalandığı ilk günlərindən etibarən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi. "Çıraq" yatağından ilk neft 1997-ci il noyabrın 7-də hasil edildi. "Əsrin müqaviləsi" respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb oldu və müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və təbii qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri layihəsinin reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur. 1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində (1999-cu il 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, 13 oktyabrda isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilmişdir. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə verilib. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ulu öndərin bu layihənin gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinə onun adı verilmişdir.

14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni mərhələnin əsası qoyulub.

"Əsrin müqaviləsi" Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Müqavilənin qüvvəyə minməsi Azərbaycanı dünya arenasında aparıcı mövqeyə çıxarıb, bu müqavilə həm də Azərbaycanın enerji təhlükəsizliyinin əsasını qoyub. "Əsrin kontraktı"nın imzalanması nəticəsində tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlayıb, on minlərlə yeni iş yeri yaradılıb. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Bu gün ölkəmiz Avropanın enerji xəritəsinin dəyişməsində mühüm rola malikdir. Azərbaycanın liderliyi ilə bir çox enerji layihələri gerçəkləşib, Azərbaycan qazının Avropaya çatdırılması üçün əhəmiyyətli addımlar atılıb.

Azərbaycan Prezidenti Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" kimi qeyd edilir. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə olunur. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

Mustafa KAMAL,

"Respublika".