SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Gilasın hansı rəngi daha xeyirlidir?

Gilas tərkibinə görə sağlamlıq üçün vacib olan bir çox faydalı maddələrlə zəngindir. Bazar piştaxtalarında bir neçə növünə rast gəldiyimiz bu meyvənin hansı rənginin daha faydalı olduğunu bilirsinizmi?

Həm qırmızı, həm də ağ gilasın kimyəvi tərkibi oxşardır. Lakin bəzi maddələrə görə qırmızı gilas daha faydalı hesab edilir. Belə ki, qırmızı gilasın tərkibində antosian maddələri var. Bu maddələr kapilyar və damarların divarlarını möhkəmləndirir, ürək-damar sistemi xəstəliklərindən qoruyur, xərçəngin inkişafı riskini azaldır, orqanizmi cavanlaşdırır. Gilasın rəngi nə qədər tünddürsə, onun tərkibində olan antosianlar da bir o qədər çoxdur.

Qırmızı gilasın turş növləri daha faydalı sayılır. Onların tərkibində sağlamlıq üçün vacib olan orqanik turşular daha çoxdur. Bundan əlavə, o, dəmirlə zəngin oluğu üçün ağ gilasla müqayisədə daha faydalıdır. Ağ gilasın qırmızı gilasla müqayisədə yeganə üstünlüyü isə allergiyaya daha az səbəb olmasıdır. Allergiyaya meyilli olan insanlar bunu mütləq nəzərə almalıdırlar.

Plastik qablarla diabet arasında əlaqə tapıldı

Amerikalı alimlər plastik qablarla diabet arasında əlaqə tapıblar. Araşdırmalar zamanı plastik qablardakı BPA-nın (Bisfenol A-müxtəlif plastiklərin istehsalında istifadə edilən kimyəvi birləşmə) insulinin müqavimətini artıraraq 2-ci tip diabetə səbəb olduğu ortaya çıxıb.

Sınaqlara cəlb edilən insanlara Amerika Ətraf Mühit Agentliyi tərəfindən "təhlükəsiz miqdarda" təyin olunan BPA verilib. Hər kiloqram bədən çəkisi üçün 50 mikroqram BPA verilən subyektlərdə cəmi dörd gün ərzində insulinin müqaviməti artıb. "Diabetes" tibb jurnalında dərc olunan araşdırmaların nəticələri göstərib ki, sözügedən maddə insan orqanizminə daxil olaraq insulin mübadiləsini pozur. Qeyd edək ki, bu maddəyə bütün plastik qablarda, hətta kofe aparatlarında da rast gəlinir.

Araşdırmanın nəticələri yaxın müddətdə Amerika Diabet Assosiasiyasının iclasında müzakirəyə çıxarılacaq. Alimlər plastik qabların istehsalında istifadə olunan BPA-nın miqdarının məhdudlaşdırılması ilə bağlı çağırış ediblər.

Yayın ən faydalı içkisi bu imiş

Almanın insan orqanizmi üçün ən faydalı meyvələrdən biri olduğu hər kəsə məlumdur. Alimlər bu qiymətli meyvənin şirəsinin yay üçün ən uyğun içki olduğunu söyləyirlər. Buna səbəb isə onun ürək və beyin sağlamlığını qorumaqla yanaşı, çəkini də normada saxlamasıdır.

Araşdırmalar göstərir ki, ürək-damar sistemindən əziyyət çəkən insanların risk altında olduğu qızmar havalarda ürəyi qorumaq üçün ən faydalı içki alma şirəsidir. Çünki alma şirəsi ürək xəstəliklərindən qoruya biləcək antioksidantlar ehtiva edir. Amma bu, onu istehlak etmək üçün yeganə səbəb deyil. Bu şirə həm də, çəki nəzarətinə kömək edir. Alma şirəsi həmçinin uşaqlarda astmanın inkişaf riskini azaltmağa da köməklik göstərir. Müntəzəm olaraq istifadəsi sinir hüceyrələrinə qoruyucu təsir göstərərək beyin sağlamlığını yaxşılaşdırır və Alzheimer xəstəliyi riskini azaldır. Bundan əlavə, iltihabı azaldan alma şirəsi diabet zamanı da çox faydalıdır.

Kimlərə qarğıdalı yemək olmaz?

Yay mövsümünün ən dadlı təamlarından biri də qarğıdalıdır. Tərkibi A, B, C vitaminləri, fosfor, maqnezium, dəmir, potasium kimi minerallar və proteinlə zəngin olan bişmiş qarğıdalı çoxsaylı faydalarına baxmayaraq, bəzi xəstəliklər zamanı problemlər yarada bilər.

Qarğıdalının çox miqdarda istehlakı qanın qatılaşmasına gətirib çıxarır. Bu səbəbdən qan laxtalanması problemləri olan, tromblaşmaya meyilli, tromboflebitdən (damarların iltihabı) əziyyət çəkən insanlar onun istehlakını minimuma endirməlidirlər. Köp, həzmsizlik və qəbizliyə meyilli olanlar da bu qidanın istehlakını məhdudlaşdırmalıdır.

Kifayət qədər kalorili məhsul olan qarğıdalı artıq çəki və piylənmədən əziyyət çəkənlər üçün də zərərli hesab edilir. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi zamanı (kəskinləşmə dövründə) da bu qidanın istehlakı məsləhət görülmür. Bundan əlavə, südverən analar qarğıdalı qəbulundan imtina etməlidir. Çünki körpələrdə köp və qarın ağrılarına səbəb ola bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".