ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
CƏMİYYƏT

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ukraynanın ölkəmizdəki səfiri Yuri Husyev ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, görüşün məqsədi hər iki ölkə üçün prioritet sahələrdən biri olan mina təhlükəsi ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olub.

Azərbaycanın humanitar minatəmizləmə sahəsində yardım məqsədilə Ukraynaya təqdim etdiyi “Revival P” mexaniki minatəmizləmə maşınına görə təşəkkürünü bildirən səfir mexaniki vasitənin ərazilərin piyada əleyhinə minalardan təmizlənməsində səmərəli və effektiv nəticə göstərdiyini qeyd edib.

Görüş zamanı tərəflər humanitar minatəmizləmə sahəsində Agentlik tərəfindən Ukrayna mütəxəssislərinə müvafiq təlimlərin keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.