Təbii fəlakətin nəticələri aradan qaldırılır
Bölgələr

Təbii fəlakətin nəticələri aradan qaldırılır

İsmayıllı

Son günlər yağan aramsız yağış nəticəsində rayonun Qoydan kəndi ərazisində torpaq sürüşməsi baş verib. Məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov və müvafiq qurumların əməkdaşları rayon fövqəlada hallar komissiyası ilə birgə kənddə baş vermiş sürüşmə zonasına baş çəkib, dəymiş ziyanla bağlı kənd sakinləri ilə görüşüb.

Hər bir kənd sakini həssaslıqla dinlənilib, problemlərin operativ həlli üçün aidiyyəti dövlət qrumlarına tapşırıqlar verilib.

İlkin məlumata görə, sürüşmə zonasında iki fərdi yaşayış evinə təhlükə yarandığı üçün həmin ailələrin köçürülməsi artıq təmin edilib. Onlar eyni kənddə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirlib.

Kənddaxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Kənd əhalisi İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən ilkin tibbi yardım üçün dərman vasitələri ilə təmin edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən kənd sakinlərinin köçürülməsinə başlanılıb. Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi həyata keçirilir.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçürülür. Qeyd edək ki, bir neçə gündür intensiv yağışlar nəticəsində kənd ərazisində torpaq sürüşməsi baş verib. Təbiət hadisəsi kənd sakinlərinin evlərinə xeyli ziyan vurub, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.

Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi çadırlar verilib, lakin FHN-in əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər.

M.QULUYEV,

"Respublika".