DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİL BU AY LİVANDA HƏRBİ ƏMƏLİYYATLARA BAŞLAYA BİLƏR

İsrail ordusu iyulun son həftələrində Livan ərazisində “Hizbullah” hərəkatına qarşı yerüstü hərbi əməliyyatlara başlaya bilər. Bu barədə “Bild” nəşri diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Xəbər verilir ki, İsrailin Milli Təhlükəsizlik və Hərbi Strategiya İnstitutunun analitiki Aşar Feldman vəziyyətin nəzarətdən çıxa biləcəyinə işarə edib. Onun qənaətinə görə, indiki halda diplomatik həll variantının seçilməsi “Hizbullah” silahlılarına vaxt qazandırmaqdan başqa bir şey deyil. Bununla yanaşı, ekspert “Hizbullah”a qarşı yönələcək hərbi hərəkatın İranla birbaşa müharibə riski yarada biləcəyini də vurğulayıb.

“İran vəziyyətdən istifadə edib, özünün nüvə potensialını gücləndirməyə çalışacaq. Belə olan halda isə ABŞ-ın İrana hərbi müdaxiləni dəstəkləyəcəyi sual altındadır. Bu baş verərsə, İsrail İran tərəfinin nüvə proqramına qarşı tədbirlər görülməsi ilə bağlı qərar qəbul etməli olacaq. İran isə vəziyyətdən istifadə edib nəzarətindəki “marionet” qruplaşmalara İsrailə hücum əmri verə bilər. Bu baş verərsə, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq”, - deyə ekspert əlavə edib.

BMT TŞ-DƏ YAXIN ŞƏRQDƏKİ MÜNAQİŞƏ İLƏ BAĞLI İCLAS KEÇİRİLƏCƏK

Rusiyanın BMT-dəki daimi nümayənliyi Təhlükəsizlik Şurasında Yaxın Şərqdə davam edən münaqişəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirəcək. “Report” agentliyinin ABŞ bürosu xəbər verib ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlamasında bəyan edib.

Eyni zamanda, diplomat bildirib ki, iclas xarici işlər nazirləri səviyyəsində keçiriləcək və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək.

“İclasda müzakirələrin mərkəzində Qəzza zolağında davam edən eskalasiya və onun fəlakətli nəticələri olacaq. Toplantı iki gün ərzində - iyulun 16 və 17-i tarixlərində baş tutacaq”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Rusiya BMT Təhlükəsizlik Şurasına iyul ayı ərzində sədrlik edəcək. Vasili Nebenzyanın sözlərinə görə, ölkə sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb. Söhbət daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair açıq müzakirələrdən gedir.

BÖYÜK BRİTANİYA BU İKİ ÖLKƏYƏ SİLAH SATIŞINI DAYANDIRA BİLƏR

Müxalif Leyboristlər Partiyası Böyük Britaniyada keçiriləcək seçkilərdə qalib gələrsə, İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq. “Report” agentliyinin məlumatına görə, bunu Böyük Britaniyanın parlamentə yenidən seçilməyə namizəd İcmalar Palatasının üzvü Fabian Hamilton bəyan edib.

“Silah satışı məsələsinə gəlincə, gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, - deyə siyasətçi bildirib.

Bununla yanaşı, Fabian Hamilton əlavə edib ki, leyboristlər Britaniyanın ən böyük müştərisi olan Səudiyyə Ərəbistanına silah satışını da dayandıracaq.

Xatırladaq ki, daha öncə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron rəsmi Londonun İsrailə silah satışı üçün ixrac lisenziyalarının verilməsini dayandırmaq niyyətində olduğunu açıqlamışdı.

KATALONİYANIN SEPARATÇI LİDERLƏRİ AMNİSTİYADAN KƏNARDA QALDILAR

İspaniyada Ali Məhkəmə Kataloniyanın separatçı liderlərinin amnistiya qanunundan faydalanmasına mane olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, məhkəmə qərarına əsasən, amnistiya qanunu “dövlət vəsaitindən sui-istifadə” cinayətini əhatə etmir. Bu qərarla 2017-ci ilin oktyabrında Belçikaya qaçan Kataloniya Muxtar Hökumətinin keçmiş prezidenti Karles Puçdemonun axtarışı davam etdirilib.

Ali Məhkəmə həmçinin Kataloniya Muxtar Hökumətinin keçmiş üzvləri Toni Komin və Luis Puç barəsində axtarışın qüvvədə qalmasına qərar verib.

Eyni zamanda, xəbər verilir ki, Ali Məhkəmə “dövlətə itaətsizlik” cinayətinin amnistiyaya daxil edilib-edilməməsi ilə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edəcəyini açıqlayıb.

ŞƏT SAMMİTİ İŞTİRAKÇILARI BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT EDƏCƏKLƏR

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammitinin iştirakçıları beynəlxalq ictimaiyyətə müraciət edəcəklər. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məlumat verib. “Sinxua” agentliyinə müsahibəsində dövlət başçısı bildirib ki, sammit iştirakçıları dünyanı dürüst və açıq qlobal dialoqa başlamağa səsləyəcəklər.

Eyni zamanda, Qazaxıstan prezidentinin sözlərinə görə, hazırda söhbət yeni təhlükəsizlik paradiqmasının qəbulundan gedir. Sammit zamanı mövcud çağırışlara və təhdidlərə cavab vermək üçün cari təşəbbüslər təklif olunacaq.

“Biz ŞƏT-in daha da təkmilləşdirilməsi sahəsində qərarların qəbulunu gözləyirik. Ortamüddətli perspektiv üçün qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müəyyən ediləcək”, - deyə Tokayev qeyd edib.

Prezident əlavə edib ki, “Şanxay ruhu” prinsipləri sammitin nəticələrinin sütunu olacaq. Tokayev bildirib ki, onların arasında dostluq, qarşılıqlı etimad və fayda, eləcə də bütün maraqların nəzərə alınması var.

Məlumat üçün qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı sammiti iyulun 3-dən 4-dək Qazaxıstanda keçiriləcək.

ABŞ-IN AVROPADAKI HƏRBI BAZALARI YÜKSƏK HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLİB

ABŞ-ın Avropadakı bir neçə hərbi bazası mümkün terror təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə adları açıqlanmayan iki ABŞ rəsmisi “CNN” telekanalına müsahibəsində bildirib.

Məlumata əsasən, ötən həftə sonu Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqartdakı ABŞ Ordusu Qarnizonu da daxil olmaqla bazaların təhlükəsizliyi ən yüksək (Çarli) səviyyəyə qaldırılıb.

Eyni zamanda, Avropa bazalarından birində yerləşən mənbə “ən azı 10 ildir” belə bir təhlükə görmədiklərini dilə gətirib. Onun sözlərinə görə, bu, adətən “aktiv etibarlı təhlükənin” alınmasını göstərir.

Bununla yanaşı, ABŞ-ın Avropa Komandanlığının sözçüsü Den Dey xüsusi müdafiə səviyyələri ilə bağlı şərh verməyib. Mətbuat katibi yalnız qeyd edib ki, onlar təhlükəsizliyə təsir edən amilləri daim qiymətləndirirlər.

MALDİV PREZİDENTİNƏ “CADU” ETDİRƏN NAZİR HƏBS OLUNDU

Maldiv Respublikasında nazir və onun keçmiş həyat yoldaşı ölkə prezidentinə “qara cadu” etdirdiklərinə görə həbs ediliblər. Bu barədə “Teleqraf.com”un məlumatında qeyd olunur.

Xəbər verilir ki, Maldivin ətraf mühit naziri Fatimə Salim, onun Prezident Aparatında işləyən keçmiş həyat yoldaşı Adam Ramiz və daha iki nəfər prezident Məhəmməd Muizzuya qarşı “qara cadu” etdirdikləri üçün saxlanılıblar.

Hazırki prezident Məhəmməd Muizzu 2012-2018-ci illərdə paytaxt Maldiv adalarının meri olduğu zaman Salim və Ramiz Şəhər Şurasının üzvləri olublar. Hər iki şəxs ona yaxın adamlar kimi tanınıb.

Qeyd edilir ki, ölkənin cinayət qanunvericiliyinə görə, “qara magiya”, sehr və falçılıq kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Lakin ölkədəki şəriət qanunları belə hallarda həmin şəxsə 6 aya qədər həbs cəzası verilməsini nəzərdə tutur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.