Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Vestnik Kavkaza": Türk Dövlətləri Təşkilatı Şuşada toplanacaq

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısı 2024-cü il 5-6 iyul tarixlərində Azərbaycanın Şuşa şəhərində keçiriləcək.

"Vestnik Kavkaza" xəbər verir ki, Sammitdə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin liderləri və TDT-nin baş katibi də iştirak edəcək.

"Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti ilə Davamlı Gələcəyin qurulması" mövzusunda keçiriləcək Sammit təşkilatın gündəliyi ilə bağlı məsələlərin müzakirəsi üçün platforma rolunu oynayacaq. Sammitdə liderlər mühüm qərarlar qəbul edəcək, müxtəlif CSA layihələri ilə bağlı sənədlər imzalayacaqlar. Sammitin sonunda dövlət başçıları Qarabağ Bəyannaməsini, eləcə də bir sıra digər mühüm sənədləri imzalayacaqlar.

Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurası Şuşada toplanacaq və Qeyri-rəsmi Zirvə toplantısının gündəliyini və dövlət başçılarının imzalayacağı sənədləri müzakirə edəcəklər.

"MENAFN": Azərbaycan Şimal-Cənub Forumunda iştirak edəcək

Azərbaycan iyulun 19-20-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək I Şimal-Cənub Nəqliyyat, Ticarət və İxrac Forumunda iştirak edəcək.

"MENAFN" yazır ki, foruma Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin sədrlik edəcək. Tədbir Nəqliyyat Nazirliyi tərəfindən təşkil olunacaq.

Tədbirdə Azərbaycanla yanaşı, Ermənistan, Əfqanıstan, Belarus, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya, Türkmənistan və digər dövlətlərin işgüzar dairələri, dəmir yolu idarələrinin rəhbərləri, istehsalçılar, ixracatçılar, nəqliyyat, logistika və ayrı-ayrı şirkətlərin nümayəndələri iştirak edəcək. Həmçinin foruma Birləşmiş Ərəb Əmirlikləri də qatılacaq. Forumda Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas iştirakçıları dəmir, avtomobil yollarının və limanların inkişafı kimi aktual məsələlər ətrafında müzakirələr aparacaq.

"Turkic World": Azərbaycanda ilk dəfə Elektrikli Avtomobil Festivalı keçiriləcək

"Turkic World" yazır ki, iyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrikli Avtomobil Festivalı keçiriləcək. Bu tədbir Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, həmçinin COP29 ərəfəsində təşkil olunur, ekoloji nəqliyyat vasitələrinin təbliği və onların üstünlüklərinin nümayişi məqsədini daşıyır. Ekoloji nəqliyyat vasitələrinin əhəmiyyətini vurğulamaq və cəmiyyətə onların üstünlüklərini çatdırmaq üçün böyük imkan yaradacaq bu festival Ağ Şəhərdə başlayacaq. Burada planetimizə zərər vurmayan nəqliyyat vasitələri - "yaşıl" avtomobillər sərgilənəcək. Festivalın əsas məqsədi elektrik avtomobil həvəskarlarını, eləcə də elektrik maşınları ilə bağlı tərəddüd edən insanları bir araya gətirmək və ekoloji təmiz mühitdə yaşamaq üçün elektrik avtomobillərinin əhəmiyyətini göstərməkdir. Qeyd edək ki, elektrik avtomobilləri sıfır emissiya ilə işləyərək karbon dioksid (CO2) və digər zərərli qazların atmosferə buraxılmasının qarşısını alır.

"Respublika".