Hesablanmamış
Siyasət

Hesablanmamış "C planı" baş verə bilərmi?!

İran son dövrlərin ən qaynar ilini yaşayır. İlin əvvəlində İsrail ilə aparılan "hibrid" müharibənin ardınca, mayın 19-da sabiq prezident İbrahim Rəisi faciəvi şəkildə helikopter qəzasında həyatını itirdi. Bu hadisə isə növbədənkənar prezident seçkilərini zəruri etdi. Cümə günü keçirilən prezident seçkisində dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilməyib. Nəticədə ölkənin 14-cü hökumətinin 9-cu başçısının kim olacağına iyulun 5-də, ikinci turda aydınlıq gələcək. Seçki prosesinə marağın az olması isə iranlıların seçiləcək şəxsə etimadının elə də yüksək olmadığını göstərir.

İranda Mərkəzi Seçki Komissiyası (MSK) səsvermədə 24 milyon 735 min 185 nəfərin, yaxud qeydiyyata alınan ölkə daxilində seçicilərin 40 faizinin iştirak etdiyini bildirib. Bu isə demək olar ki, İran İslam Respublikası tarixində ən aşağı nəticədir. İlk dəfə İslam İnqilabı Şurasının hakimiyyətdə olduğu İran İnqilabından bir il sonra, 25 yanvar 1980-ci ildə keçirilən prezident seçkilərində 20 milyon 993 min 643 nəfər, yəni 67,42 faiz, bundan öncə son seçkilərin təsadüf etdiyi 2021-ci ildə isə 48 faiz (28 milyon 750 min 736 nəfər) seçici fəallığı müşahidə olunmuşdu. Seçkilərin böyük marağa səbəb olmamasının digər əyani göstəricisi isə seçki prosesinin yekunlaşması üçün 4 saat əlavə vaxt verilərək 20:00-dan 00:00-dək uzadılması oldu. Digər tərəfdən, İran mediası paytaxt Tehranda seçici fəallığının 9 faiz olduğunu bildirmişdi. 4 namizəddən heç birinin minimum 50 faiz səs toplaya bilməməsi nəticəsində seçkilər ikinci tura qaldı.

İkinci tura qalan etnik azərbaycanlı, 69 yaşlı Məsud Pezeşkian islahatçı qanadın yeganə namizədidir. O, Prezident seçiləcəyi təqdirdə, İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına və nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq barədə vədlər verib. Soyadına görə rəqibləri tərəfindən Cənubi Azərbaycanda və ölkəmizdə erməni əsilli olduğu düşünülsə də, bu fikir tamamilə yanlışdır. Belə ki, bu, qədim sasanilərdən qalma şəkilçidir və təəssüf ki, oğru haylar bu soyadı da mənimsəyiblər. Bütün bunlara baxmayaraq, ən yaşlı namizəd olan Məsud Pezeşkianın prezident olacağı təqdirdə, islahatçı vədlərin nə qədər uğurlu olacağı şübhə altındadır. Çünki İran İslam Respublikasının Konstitusiyasına əsasən, prezident ölkədə ikinci şəxs hesab olunur. Ali rəhbər olan Əli Xomeneinin tapşırıqları əsasında idarə olunan İranda Məsud Pezeşkianın görünür elə də böyük rolu və şansı olmayacaq. 45 ildir mühafizəkarlar tərəfindən idarə olunan İran İslam Respublikası üçün bu baxımdan seçki prosesi elə də böyük əhəmiyyət kəsb etmir. İran tarixində Məsud Pezeşkiandan da əvvəl seçkiqabağı vədlər verən islahatçılar olub. Lakin bütün bunlara baxmayaraq, cənub qonşumuzun illərdir ört-basdır etməyə çalışdığı qadın hüquqları problemi bu gün də öz həllini tapmayıb. Buna əyani misal olaraq elə prezident seçkilərini göstərmək olar. Belə ki, indiyə qədər keçirilən bütün seçkilərdən öncə namizədliyinin təsdiqlənməsi üçün müraciət edən qadın namizədlərin hamısının sənədləri geri qaytarılıb. İran Konstitusiyasına əsasən belə bir qadağa mövcud olmasa da, faktiki olaraq, qadınların cəmiyyətdə söz sahibi olmalarına əngəl qoyulur. Bu baxımdan, seçiləcəyi təqdirdə, Məsud Pezeşkianın işi çox çətin görünür. Xatırladaq ki, ötən cümə keçirilən seçkilərdə o, İran əhalisinin təxminən 10 milyonunun səsini qazanmağı bacarıb. Bu isə ilk turun ən böyük nəticəsidir.

Ondan 1 milyon səs geridə olan və ikinci tura yüksələn Səid Cəlili mühafizəkar qanadı təmsil edir. O, 1965-ci ildə ölkənin şimal-şərqində, Məşhəd şəhərində anadan olub, daha sonra Bəsic qüvvələrinə qoşularaq İran-İraq müharibəsində (1980-1988) bir neçə dəfə könüllü kimi iştirak edib. Səid Cəlili döyüşdə yaralanıb və sağ ayağını itirib. İran mediası tərəfindən "ideallara sadiq şəxs" kimi təqdim edilən Səidin bu baxımdan ikinci turda qələbə qazanacağı ehtimalı daha çoxdur.

Seçiləcək yeni prezidentin Azərbaycana münasibətinə gəldikdə isə, qeyd edildiyi kimi, ümumən İranda hakimiyyətin Əli Xomeneinin əlində cəmləşdiyini nəzərə alsaq, hər hansı ciddi bir dəyişikliyi gözləmək sadəlövhlük olar.

İyulun 5-də İranda seçkilərin ikinci turu keçiriləcək. Məsud Pezeşkian və Səid Cəlili arasındakı fərqin az olması ikinci turun nəticələrinin öncədən müşahidə edilməsini çətinləşdirsə də, mümkün iki haldan birinin baş verəcəyi gözlənilir. İlk variant mühafizəkarların 45 illik hakimiyyətlərinin üzərinə yeni bir 4 il də əlavə olunmasıdır. Bu halda İranın bölgəyə və bütün dünyaya verə biləcəyi maksimum töhfə dəyişməz qalacaq. Hesablanmamış "C planı" olacağı təqdirdə, buna demək olar ki, ehtimal verilmir, İran yeni inqilabi dövrə qədəm qoya bilər.

Tacir SADIQOV,

"Respublika".