Növbədənkənar parlament seçkiləri mühüm əhəmiyyət kəsb edir
Siyasət

Növbədənkənar parlament seçkiləri mühüm əhəmiyyət kəsb edir

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər əvvəlkindən fərqli olaraq respublikamızı tam suveren ərazilərini əhatə edəcək. Artıq öz dədə-baba yurdlarına qayıtmış və seçkilərə qədər qayıdacaq insanlarımız Qarabağda, Şərqi Zəngəzurda səs verəcəklər.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə keçirilən seçkilər tam suveren ərazilərimizi əhatə etməyib. Biz bu xoşbəxtliyi ilk dəfə bu ilin fevral ayında növbədənkənar prezident seçkilərində yaşadıq.

İkinci Qarabağ savaşındakı qələbədən sonra yaranmış yeni reallıqlar özündə həm də yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasını ehtiva edirdi. Belə ki, bu tarixi mərhələdə qarşımızda daha ciddi prioritet vəzifələr dayanır. Cənab Prezident seçkilərdən sonra andiçmə mərasimində və eləcə də sonrakı bəyanatlarında qarşımızda duran prioritet vəzifələri ətraflı şəkildə bəyan edib. Məhz bu vəzifələrin həyata keçirilməsi üçün növbədənkənar prezident seçkilərinin ardınca növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruri idi.

Hər bir seçkidə olduğu kimi, Milli Məclisə seçkilər də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində müasir dövrə uyğun daha səmərəli şəkildə iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir.

Bu seçkilər növbəti illərdə bizim millət və dövlət olaraq hədəflərimizin müəyyənləşdirilməsində mühüm rol oynayacaq və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edəcək. Məlumdur ki, ölkəmizi qarşıda bir sıra qlobal səviyyəli tədbirlər gözləyir və belə bir tədbir öncəsi parlamentin tam tərkibdə öz işinə başlaması çox önəmlidir.

Yusif BAĞIRZADƏ,

politoloq.