“İblisin kilsəsi”-nin sirri açıldı
Maraqlı

“İblisin kilsəsi”-nin sirri açıldı

Finlandiyada alimlər Koli Milli Parkındakı məşhur Pirunkirkko mağarasının sirrini açıblar və bu mağara ziyarətçilərə qəribə təsirinə görə “İblisin kilsəsi” adını alıb.

"Respublika" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, Pirunkirkkoda olmuş insanlara çox vaxt elə gəlir ki, onlar yerin altında ruhlar dünyası ilə təmasa girir və hətta iblislə söhbət edə bilirlər. Fin folklorunda bu mağaranı qədim zamanlarda müdriklərin adi dünyadan kənara baxmaq üçün toplaşdığı yer adlandırırdılar.

“Folklora görə, (həkim) Kinolaynen xəstələri bu “kilsəyə” aparırdı ki, iblislə onların xəstəliklərinin səbəbləri barədə danışsın. Bu müalicəvi rituala yüksək səslə qışqırma, ayaq tappıltısı, atəş açma və zərbələr daxil idi”, - deyə Şərqi Finlandiya Universitetindən Riitta Raynio söyləyib.

İndi tədqiqatçılar müəyyən ediblər ki, ruhlar aləmi ilə təmas hissi bəzi yerlərdə mağaranın hamar, paralel divarlarının 231 Hz tezliyində səslərlə rezonans yaratmağa başlaması və daimi dalğa effekti yaratması səbəbindən yaranır. Bu, ilkin səslə əks olunan səsin toqquşması və bir-biri ilə qarşılıqlı əlaqədə olmasıdır. Səsdən sonra rezonans təxminən bir saniyə davam edir. Bu effektə çox vaxt təbii qurğularda rast gəlinir, lakin təbii mağaralarda bu hal nadirdir. Araşdırma zamanı alimlər, xüsusən də “İblisin kilsəsi”nə nağara çalmağa gələn şamanları qeydə alıblar. Məlum olub ki, alətlər əksər hallarda 231 Hz tezlikli səslər çıxarır, bu səslər mağaranın damı tərəfindən gücləndirilir və başqa varlığın yaxınlıqda olması hissi yaradır.

Nəzrin ELDARQIZI,

"Respublika".