Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Robotlar üçün insan dərisinə bənzər dəri hazırlanıb

Tokio və Harvard Universitetinin alimləri robotlar üçün tamamilə yeni insan dərisinə bənzər dəri hazırlayıblar. Bu dəri, hətta özünü sağaltmaq qabiliyyətinə də malikdir.

Biohibrid robototexnika sahəsi üzrə professor Shoji Takeuchinin rəbərliyi ilə hazırlanan robot dəri komponentlərlə problemsiz şəkildə hərəkət edə bilmə xüsusiyyətinə malikdir. Tədqiqatçıların fikrincə, yeni dəri, robotlara bir sıra əlavə tətbiq sahələri qazandırır. Məsələn, öz-özünə müalicə edə bilmə xüsusiyyətini nümunə kimi göstərmək olar. İnsan dərisini təqlid etdiyi üçün isə kiçik kəsikləri düzəldə, sinirləri və digər dəri orqanlarını birləşdirə, duyğu funksiyalarını aktivləşdirə bilər.

Mütəxəssislər ümid edirlər ki, bu dəri, həmçinin plastik cərrahi üsulların öyrənilməsində inqilabi dəyişiklik edəcək. Komanda dərini gülümsəməyi bacaran kiçik robotun üzünə tətbiq ediblər. Onlar insanabənzər ifadələr yaratmaq üçün mürəkkəb aktuatorların, yaxud əzələlərin robota inteqrasiyasının tələb olunduğunu və realizmə nail olmaq üçün hərəkətin eyni zamanda material qədər də vacib olduğunu bildiriblər.

"WhatsApp"da yeni qadağa

"WhatsApp" messencerinin "iPhone" versiyası istifadəçi profillərinin skrinşot (ekran görüntüsü - kompüterin ekranında olan görüntünü köçürməklə yaradılan şəkil) edilməsinin qarşısını alan yeni funksiyanı təqdim edib.

Məlumata görə, hazırda funksiya "WhatsApp"ın yalnız "iPhone" üçün 24.10.10.70 nömrəsi altında beta versiyasında mövcuddur. Bu versiyanın istifadəçiləri başqasının profilini skrinşot etməyə cəhd edərkən qadağa xəbərdarlığı alırlar: "Skrinşot bloklanıb. "WhatsApp" istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb", - bildirişdə deyilir.

Yenilik kontaktlarını aldatmaq üçün başqalarının profil fotolarından istifadə edən fırıldaqçılara qarşı mübarizə aparmaq məqsədilə nəzərdə tutulub. Bu funksiya skrinşot çəkmə imkanını bloklasa da, kiminsə başqa cihazdan ekran şəklini çəkməsinə heç bir maneə törətmir. Sözügedən funksiyanın tətbiqin bütün versiyalarına yayılacağı gözlənilir. Lakin yerləşdirmənin dəqiq vaxtı hələlik açıqlanmayıb.

"Tesla"nın Roadster modeli artıq uça biləcək

"Tesla" şirkətinin baş icraçı direktoru Elon Musk uzun müddətdir gecikən Tesla Roadster modeli üçün iddialı açıqlamalar verib. Belə ki, o, bu modelin böyük bir yenilənmə ilə uça biləcəyini iddia edib.

Qeyd edək ki, ilk dəfə 2017-ci ildə təqdim edilən sözügedən model indiyə qədər ən yüksək performansa sahib olan Tesla modeli olaraq da tanınır. Elon Musk bildirib ki, elektromobil soyuq qaz təkanları sayəsində havaya qalxa bilir.

Xatırladaq ki, 2021-ci ildə Elon Musk Tesla Roadsterin 0-100 kilometr/saat sürətini 1,1 saniyəyə yığa biləcəyini iddia etmişdi. Avtomobilin ətrafında yerləşdirilən 10-a qədər kiçik raket gücləndiricisini ehtiva edən "SpaceX" opsiya paketi ilə təchiz ediləcəyi də vurğulanmışdı. İndi isə Elon bu kiçik raket gücləndiriciləri ilə elektromobilin uça biləcəyini söyləyir.

Marsın səthindəki zəlzələnin mənbəyi tapılıb

İsveçrəli elm adamları qırmızı planetdə "Mars InSight" seysmoqrafı tərəfindən qeydə alınan daimi zəlzələlərin mənbəyini müəyyən ediblər.

Bildirilir ki, Marsda atmosfer olmasına baxmayaraq, o, Yerdən 100 dəfədən çox nazikdir. Bu isə o deməkdir ki, planetin kosmosdan düşən qayalardan (meteoritlərdən) etibarlı müdafiəsi yoxdur. Bundan əlavə, Mars öz orbiti ilə Yupiter arasında asteroid qurşağına çox yaxındır, ona görə də yaxınlıqda çoxlu meteoritlər var.

Məlumatların təhlili göstərib ki, ildə 280 ilə 360 arasında basketbol topu ölçülü qayalar Marsın səthinə düşür və səkkiz metrdən çox ölçüdə kraterlər yaradır. Ayda bir dəfə isə daha böyük meteorit diametri 30 metr olan krater yaradır. Alimlər qeyd ediblər ki, meteoritlərin təsirindən əldə edilən seysmik məlumatlar Marsın geoloji tarixinin xronologiyasını öyrənmək, həmçinin meteorit yağışları əsasında gələcək missiyaları planlaşdırmaq üçün istifadə edilə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".