Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir
Sosial həyat

Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir

1872-1881-ci illərdə Türkiyədə gizli erməni təşkilatı, 1887-ci ildə "Hnçaq", 1890-cı ildə "Daşnaksütyun" partiyası yaradılıb. Ermənistan "böyük Ermənistan" yaratmaq uğrunda Türkiyə və İrana qarşı müharibə aparan Rusiya hökumətinə müxtəlif yollarla kömək edib, Türkiyənin məğlubiyyətinə çalışıb.

1812-ci ildə Krımın ruslar tərəfindən zəbt edilməsində yaxından iştirak edən ermənilər Rusiya hökuməti yanında böyük etimad qazandılar. Rusiya dövləti 1853-1856, 1877-1878-ci illərdə Türkiyə, 1826-1828-ci illərdə isə İranla müharibələrdə ermənilərə söykəndi. Ermənilərin bu xidmətinin əvəzində Rusiya hökuməti 1828-ci ildə İrandan 40 min, 1829-cu ildə Türkiyədən 90 min erməni gətirib İrəvan-Naxçıvan xanlığı ərazisinə yerləşdirdi. Müsəlmanların bayram günü, yəni 20 mart 1828-ci ildə həmin xanlıqların ərazisini erməni vilayəti elan etdi. Halbuki o vaxta qədər bu vilayətdə 1114 kənddən ancaq 62-də erməni yaşayırdı. Qəsdən dağıdılmış, əhalisi qırılmış 359 müsəlman kəndində ermənilər məskunlaşdırıldı. Bunun nəticəsidir ki, 1918-ci ildə bu ərazidə yaşayan ermənilər 775, azərbaycanlılar isə 575 min nəfər təşkil edirdi.

Sayları çoxalan ermənilər müsəlmanları qırıb, qalanlarını da doğma yurdlarından qovmağa başladılar. Müsəlmanlar Qərbi Azərbaycandan İrana, Türkiyəyə qaçmalı oldular.

1905-ci ilin fevralında İrəvanda, Zəngəzurda, Göyçədə və digər ərazilərdə qırğınlar baş verdi. Müsəlmanların pərakəndə qırğınları ilə kifayətlənməyən ermənilər 1917-ci ilin may ayında Qarsda 35 min nəfərlik qoşun korpusu yaradaraq onları üç diviziyaya böldülər. Arisyan İrəvanətrafı rayonları, Silikyan Göyçə gölü ətrafı, Andranik isə Zəngəzuru, Naxçıvanı və sair yerləri zəbt etməli idilər. Çox keçmədən onlar həmin ərazilərdə kəndləri dağıdıb, əhalisini qılınca çəkib qırmağa, damlara doldurub yandırmağa başladılar.

Andranikin diviziyası Naxçıvan və Zəngəzurda bir sıra qanlı cinayətlər törətdi. İrəvan ətrafında olan rayonlarda 150 azərbaycanlı kəndi dağıdılıb, əhalisi qırıldı. Çox sayda insan damlara doldurulub yandırıldı. Qərbi Azərbaycanın Vedi rayonunda 45 kəndi dağıdıb əhalisini qırmaqla kifayətlənməyən ermənilər rayonun Millidərə, Çanaxçıdərə zonalarında 17 kəndin əhalisini damlara doldurub yandırdılar. Göyçə gölü ətrafında olan Basarkeçər, Çəmbərək rayonlarının ərazilərində yaşayan azərbaycanlılara qarşı erməni vandalları misli görünməyən vəhşiliklər törətdilər. Bayazet rayonunun Bığlı, Ağqala, Ağzıbir kəndlərinin müsəlman əhalisi daşnak quldurları tərəfindən işgəncələrə məruz qaldı. Əhalinin xeyli hissəsi qışın boranlı günlərində Göyçə gölünə doldurulub məhv edildi.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi olduğu halda, 1920-ci ilin noyabrında burada ancaq 12 min nəfər azərbaycanlı qalmışdı.

Sovetləşmədən sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımız mərhələ-mərhələ xəyanətlərlə üzləşdilər. Xan, ağa, bəy, molla, millətçi və sair adlarla minlərlə azərbaycanlıya böhtan atıldı. Sağ qalmış soydaşlarımızı Bayazet (Kəvər), Gərni, Əştərək, Qurduqulu, Talin, Cəlaloğlu və s. rayonlarda doğma yurdlarına buraxmadılar. Kəndləri əhatəyə alıb axtarış aparırdılar ki, guya onlar silah gətiriblər. Bu və bu kimi adlarla qayıdanların çoxunu həbs etdilər. 5 rayonu əhatə edən Bayazet (Kəvər) qəzasında böyük həbsxana vardı. 1932-ci ildə bu həbsxanada olan dustaqların 58 faizi azərbaycanlılar idi. Halbuki bu 5 rayonda yaşayan əhalinin cəmi 18-20 faizi azərbaycanlılar idi.

Kollektivləşmə zamanı kolxoza yazılmaqdan boyun qaçırdıqlarına görə və digər bəhanələrlə Basarkeçər rayonundan 25, Vedi rayonundan isə 28 nəfər azərbaycanlı güllələndi. Vedi rayonunun Alməmməd kəndində yaşayan 80 ailə 1932-ci ildə Araz çayı ilə Türkiyəyə qaçarkən əhalinin yarıdan çoxu Araz çayında boğuldu. 1937-ci ildə Basarkeçər rayonundan 157 nəfər adam həbs edildilər kolxozun inkişafına mane olmaqda günahlandırılaraq həbs edildi. Vedi, Zəngibasar və digər rayonlarda da bu cür ədalətsiz həbslər təşkil olundu. 1942-ci ilin oktyabr ayında Basarkeçərin kolxoz bazarında minlərlə əhalinin gözü qarşısında 18 nəfər say-seçmə azərbaycanlı oğulları güllələndi.

Qərbi azərbaycanlılara qarşı törədilmiş bu faciələrə hüquqi-siyasi qiyməti yalnız ümummilli lider Heydər Əliyev vermişdir. Ulu öndər 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı" və 22 avqust 2001-ci ildə "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" fərmanlar imzalamışdır.

1988-ci ildə isə 360 mindən artıq soydaşımız tarixi-etnik torpaqlarından qovulmuş, deportasiyaya məruz qalmışdır.

Artıq 36 ildir ki, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından didərgin düşmüşlər. Yaşlı nəslin nümayəndələri kimi, mən də yurd həsrəti çəkirəm. Həmişə gözlərim önündə Çəmbərək rayonu, onun atlas geyimli dağları, Göyçə gölünün nəğməli sahilləri canlanır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan ziyalılarının bir qrupu ilə görüşmüş və proqram xarakterli nitq söyləmişdir. Ölkə başçısı əminliklə bildirmişdir ki, Qərbi Azərbaycana Qayıdış tarixi zərurətdir. Bu gün əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır.

Məhərrəm QƏLƏNDƏROV,

Əməkdar həkim.