Asayiş və təhlükəsizlik peşəkarlıqla qorunur
Siyasət

Asayiş və təhlükəsizlik peşəkarlıqla qorunur

Tarixən bütün dövrlərdə cəmiyyətlərdə mövcud olan problemlər həmin zamana müvafiq hüquqla tənzimlənib. Çünki dövlət mükəmməl hüquqa əsaslananda güclənir, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla təmin olunanda azad olur. Azərbaycan dövlətçilik tarixində də bu amillər əsas götürülmüşdür. Hüquq-mühafizə sistemində polisin rolu həmişə xüsusi əhəmiyyət kəsb edib. Bu gün yarandığı vaxtdan indiyədək çətin və şərəfli yol keçmiş, müstəqil dövlətimizin əsas sütunlarından olan Azərbaycan polisinin 106-cı ildönümü qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətin inkişafına və xalqın rifahına əsaslanan mütərəqqi siyasət kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin müəyyən etdiyi strateji hədəflər, qarşıya qoydugu vəzifələr gerçəkləşir. Azərbaycan hazırda hər sahədə dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunan səviyyəyə çatıb. Respublikanın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş və müasirləşmiş, sosial problemlər həllini tapmış, xalqın rifahı yüksəlmişdir. 30 ildən çox müddətdə Azərbaycan Respublikasının başı üzərindən Domokl qılıncı kimi asılı qalan keçmiş Dağlıq Qarabağ problemi Azərbaycan Prezidentinin müdrik siyasəti və Azərbaycan Ordusunun şücaəti sayəsində həll edilmiş, respublikamızın ərazi bütövlüyü təmin olunmuşdur.

Dövlət başçısının tövsiyə və göstərişlərini gündəlik fəaliyyətində əsas tutan Daxili İşlər Nazirliyi bu gün dünyanın inkişaf etmiş ölkələrinin aidiyyəti qurumları ilə geniş əlaqələr qurur, təcrübə mübadiləsi aparır. Hazırda Azərbaycan polisi bir vaxtlar yalnız xarici filmlərdə gördüyümüz, qabaqcıl dünya ölkələrinin polislərinin istifadə etdiyi müasir texnika, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilmişdir. Daxili işlər orqanlarına qəbul müsabiqə əsasında, tam şəffaf şəraitdə həyata keçirilir.

Prezident İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsi, texniki təchizatı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşlarının mütəmadi olaraq artırılması, öz əməyi, nümunəvi xidməti ilə seçilənlərin irəli çəkilməsi, mükafatlandırılması, onlara xüsusi rütbələrin verilməsi bu ali diqqətin, qayğının nəticəsidir.

Dövlətini, dövlətçiliyini qoruyan Azərbaycan polisi bu müqəddəs amal uğrunda hətta şəhidlik zirvəsinə yüksəlir. Qanlı 20 Yanvar faciəsində ilk şəhid polis əməkdaşı Telman Bağırov olub. 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın zamanı 4 nəfəri xilas edən baş serjant Orxan Əzimin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində "Qəhrəman polis" altyazısı ilə dərc olundu.

Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində DİN-in Daxili Qoşunları şücaətlər göstərib, düşmənə heç vaxt unutmayacağı sarsıdıcı zərbələr endirib. Həmin döyüşlər zamanı DİN-in "Pələng" və "Şahin" xüsusi təyinatlı dəstələrinin qəhrəmanlığı müqəddəs savaşın tarixinə qızıl hərflərlə yazılıb. Bu savaşda Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb, 4 hərbçi isə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal antiterror tədbirlərində də Daxili Qoşunların 12 hərbi qulluqçusu tariximizə yeni qəhrəmanlıq səhifəsi yazaraq, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası ilə nəticələnən şanlı salnaməyə öz qanları ilə imza atıblar.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərlə nəticələnən Vətən müharibəsi günlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə hərbi vəziyyət rejimini etibarlı şəkildə təmin etdi, hazırda isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir. Belə ki, işğaldan azad edilmiş rayonlarda polis şöbələrinin fəaliyyəti bərpa edilib, şəxsi heyətin öz vəzifələrini lazımi qaydada yerinə yetirməsi üçün zəruri texniki-məişət şəraiti yaradılıb.

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən daxili işlər orqanları ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda vətəndaşların mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Nurəngiz ADİLQIZI,

"Respublika".