XXXII GÜN. RETROSPEKTİV
Tarix

XXXII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 6 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 iyun

  • Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
  • Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilib.

2 iyun                  

  • Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq "Challenge" turniri başa çatıb.

3 iyun

  • Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.
  • Azərbaycanın Qeyri-hökumət təşkilatları (QHT) 26 ABŞ konqresmeninə açıq məktub ünvanlayıblar.
  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib.

4 iyun

  • Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.

"Yaşıl" enerji prioritetdir

Beynəlxalq səviyyədə keçirilən müxtəlif tədbirlərin ev sahibi kimi ad qazanmış Azərbaycan öz nüfuzunu daim genişləndirir. İyunun 4-də Bakıda qlobal enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimi baş tutdu. Cənab Prezident İlham Əliyev də tədbirdə çıxış edərək bir sıra önəmli mesajlar verdi. Qeyd edək ki, 30-dan çox ölkədən 300-dək şirkət Bakı Enerji Həftəsində iştirak edib. İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, bu tədbirə qatılıblar.

  • "SOCAR və "Masdar" arasında üç bərpaolunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb.
  • Azərbaycan və Türkiyə "Şahdəniz" yatağının işlənməsinin 1-ci mərhələsi çərçivəsində Azərbaycan qazının tədarükünün uzadılmasına dair saziş imzalayıb.

5 iyun

  • Azərbaycan Prezidenti İlham Əliyev ilə İranın Prezidenti vəzifəsini icra edən Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə mətbuat konfransı keçirib.

6 iyun

  • Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib.
  • Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Türkiyədən Azərbaycana keçib.

7 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfər edib.
  • Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib. Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.

8 iyun

  • Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan-Misir əlaqələri regional və beynəlxalq siyasətdə mühüm rol oynayacaq

Prezident İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfərini ölkələrimiz arasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək mümkündür. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycanın və Misirin dövlət başçılarının görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb.

9 iyun

  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"nə dair bəyanat yayıb.

10 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.

Qardaş birliyi güclənir

Görüşdə ölkələr arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi və Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi qeyd olunub. Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşünün əhəmiyyəti vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi zirvə görüşündə iştirak edəcəyini bildirib və COP-29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan dövlət başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib. Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul etdiyini söyləyib. Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
  • Gürcüstan və Azərbaycanın müdafiə nazirləri təkbətək görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

11 iyun

  • Xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
  • Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb.

12 iyun

  • Xocalı aeroportunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb.
  • Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.
  • Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.
  • Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

13 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonu ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.
  • Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub.

14 iyun

  • Prezident İlham Əliyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
  • Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.

15 iyun

  • 15 İyun Azərbaycanda Milli Qurtuluş günüdür.
  • Prezident İlham Əliyev Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.

16 iyun

  • Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib.
  • Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub.

17 iyun

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
  • Macarıstan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki və qrupun üzvü İstvan Apati Milli Məclisdə olublar.

18 iyun

  • Müdafiə Nazirliyi Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturasının daşıyacağını bildirib.
  • Qərbi Azərbaycan İcması Fransanın Ermənistana silah satışı ilə bağlı bəyanat yayıb.

19 iyun

  • Prezident İlham Əliyev Bakıda "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına məktub ünvanlayıb.

Bərpaolunan enerji mənbələri yaşıl dünyaya töhfədir

"Hazırda iki layihə işlənilməkdədir - onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanılacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir". Bu fikirləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu "Caspian Oil&Gas" və 12-ci "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində bildirib.

İyunun 19-da Bakıda "COP29-a aparan yol: dayanıqlı və davamlı gələcək" mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində panel iclaslar keçirilib. "Çağırışın statusunun icmalı", "Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq" və "İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri" kimi müxtəlif mövzular əhatə olunub. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biridir.

  • Hikmət Hacıyev: Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir.
  • Avropa İttifaqı Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanatını yayıb.

20 iyun

  • ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.

21 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.
  • Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.

22 iyun

  • "Euronews" televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb.

"Yaşıl gündəliyini" dünyaya nümayiş etdirən Azərbaycan

İyunun 21-də "Euronews" telekanalında Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərindən reportaj yayımlanıb.

Reportajda Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi də yer alıb və dövlətimizin başçısı "Masdar", "ACWA Power" şirkətləri ilə böyük tərəfdaşlıq münasibətlərindən də bəhs edib.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə Səhmdarlar Sazişi imzalanıb.

23 iyun

  • Azərbaycanda dövlət qulluqçularının peşə bayramı qeyd olunub.

24 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.
  • Azad olunan ərazilərdə iyunun 17-23-də 108 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 204 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

25 iyun

  • Azərbaycan Prezidenti İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
  • Şəhid Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

26 iyun

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilib, Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib.
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.

27 iyun

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

28 iyun

  • Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynı qəbul edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Parlamentdə yeni dönəmin başlanğıcı

Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Parlament seçkilərinin COP29-la eyni vaxta düşməsi seçki kampaniyasının keyfiyyətinə mənfi təsir göstərə bilərdi. Seçkilərin vaxtından tez keçirilməsi yeni parlamentin vaxtında formalaşmasını və COP29 zamanı tam fəaliyyət göstərməsini təmin edəcək.

29 iyun

  • Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

30 iyun

  • Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmana düzəliş edilib.

"Respublika".