Piyada keçidlərindəki problemlər
Sosial həyat

Piyada keçidlərindəki problemlər

Paytaxtın nəqliyyat strukturunun tənzimlənməsi və piyadaların təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədilə bir sıra işlər görülüb. Nəzərə alsaq ki, şəhərdə əhalinin sıxlığı hər ötən gün bir az da artır, bu baxımdan, onların rahatlığını təmin etmək üçün yeraltı və yerüstü piyada keçidləri inşa edilib. Həmin keçidlərin əksəriyyətində pilləkənlə bərabər, eskalatorlar da quraşdırılıb ki, bu da yaşlı və fiziki qüsurlu insanların keçidlərdən istifadəsini asanlaşdırır.

Soyuq havalarda piyadalara çətinlik yaranmaması üçün keçidlərin əksəriyyəti üstüörtülü inşa edilib. Lakin zaman keçdikcə keçidlərdə də bir çox problemlər yaranır. Bəzən piyadalar keçidlərdən istifadə etməməkdə günahlandırılır. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə sakinlərin onlardan niyə istifadə etmədikləri aydın olur. Keçidlər qaranlıq və natəmiz olduğu üçün insanlar ondan istifadə etmir. Problem təkcə bu deyil, işıqlandırma da bərbad vəziyyətdədir. Doğrudur, keçidlərin belə vəziyyətdə olmasında insanların da günahı var. Lakin aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq təmizlik işinə baxılmır. Dövlət tərəfindən insanların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş yerüstü və yeraltı piyada keçidlərinin inşasına milyonlarla manat xərclənir. Lakin baxımsızlıq səbəbindən çoxsaylı problemlər yaranır.

Məsələn, qeyd etdiyimiz keçidlərdə quraşdırılan eskalatorlar bir müddətdən sonra işləmir. Bu da piyadaların vəziyyətini çətinləşdirir. İnsanlar uzun pilləkənləri qalxa bilmədiyindən keçidlərdən deyil, məcbur qalıb nəqliyyat vasitələrinin sıx olduğu yollardan istifadə edirlər. Sözsüz ki, bu da təhlükəsizlik qaydalarına zidd olmaqla yanaşı, xoşagəlməz hadisələrin, bəzən də ölümlə nəticələnən qəzaların yaranmasına səbəb olur. Həmin hadisələrin baş verdiyi zaman isə günahı ya piyadalarda, çox hallarda da sürücülərdə görürlər. Nəticədə, bəzən kimlərsə haqlı ikən haqsız duruma düşür. Maraqlıdır, belə hadisələr baş verən zaman günahkar kimdir? Həyatını itirən piyada, insan ölümünə səbəb olan sürücü və ya bu sahəyə nəzarət edən qurumlar?

Ölümlə nəticələnən hadisələrin də müxtəlif səbəbləri var. Əlbəttə ki, burada da istisnalar mövcuddur. Məsələn, bəzi hallarda ərazidə piyada keçidi olduğu halda vətəndaş sürət həddi çox olan yoldan istifadə edir. Digərləri isə qarşıdan-qarşıya keçmək üçün bir dənə də olsun piyada keçidi tapa bilmir və sürət həddi yüksək olan yolu keçmək məcburiyyətində qalır. Bu kimi hadisələr əsasən şəhərətrafı qəsəbə yollarında baş verir. Başqa bir narahatlıq doğuran məsələlərdən biri də şəhərətrafı ərazilərdə tikilən yerüstü piyada keçidləri ilə bağlıdır. Çünki həmin keçidlər lazım olan məntəqələrdən olduqca uzaq məsafədə tikilir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Binəqədi rayonu, Çiçək qəsəbəsi, Sülh küçəsində inşa edilən piyada keçidindən sakinlər istifadə etmək üçün 2-3 kilometr yol qət edirlər. Qəsəbə sakini Şəfəq Əliyeva yaranmış vəziyyətdən çox əziyyət çəkdiklərini bildirdi: "Yaşlı insanlarıq, piyada keçidi çox uzaq məsafədə tikilib, isti havalarda yaşlılar, uşaqlar və əlillər həmin məsafəni gedə bilmirlər. Məcbur qalıb, qanunsuz olaraq yolu qarşı tərəfə keçməyə məcbur oluruq. Burada tez-tez qəza hadisələri baş verir. Bəzən ölümlə də nəticələnir, insanlar həyatlarını itirirlər. Yaxşı olardı ki, həmin piyada keçidi yaxın ərazidə inşa edilsin. Biz də bütün qaydalara əməl edərək keçiddən lazımınca istifadə edərdik".

Yolda işıqforların və işıqlandırma sisteminin olmaması əsasən gecələr sürücü və piyadalar üçün çətinlik yaradır.

Məsələnin aktuallığını nəzərə alıb, nəqliyyat eksperti Ərşad Hüseynovun fikirlərini oxucularla bölüşürük: "Dünyanın hər yerində qəbul edilmiş qayda var. Yaşayış yerlərindən kənarda nəqliyyatın hərəkət sürəti daha yüksək olur. Saatda 70, 80, bəzən 90 kilometr. Bu da nəqliyyat arterialarıdır. Yəni şəhərdən yan keçməklə nəqliyyat axınları rahat hərəkət edə bilsinlər. Xüsusilə, belə yollar eyni istiqamətdə 3 və 5 zolaq olmaqla çoxzolaqlı olur. Həmin yollarda piyadaların keçməsi əsla mümkün deyil. Buna cəhd edildiyi zaman da qəza hadisələri baş verir. Bu problemləri həll etmək üçün fərqli piyada keçidləri inşa etmək olar. Fərqli dedikdə, yəni yolaltı və yolüstü piyada keçidləri nəzərdə tutulur. Bununla da piyadaların yollardan istifadəsi daha rahat və təhlükəsiz şəkildə təmin edilər. Həmin keçidləri inşa edərkən aydın yanaşmalar olmalıdır. Əvvəla, keçidlər ehtiyac olan yerlərdə tikilməli, təhlükəsiz və əlçatan olmalıdır. Nəzərə almaq lazımdır ki, əlil, yaşlı, ağır yük daşıyan, körpə uşaqlı insanlar bu piyada keçidlərindən ən çox istifadə edən şəxslərdir".

Onu da qeyd edək ki, belə piyada keçidləri təkcə Binəqədi ərazisində deyil. Məsələn, Nobel prospektində də bir neçə yerüstü piyada keçidi var ki, insanlar ondan istifadə edə bilmirlər. Məsələyə aydınlıq gətirmək və problemlə bağlı açıqlama almaq məqsədilə dəfələrlə Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlasaq da, heç bir sualımıza cavab ala bilmədik. Güman edirik ki, yaxın zamanlarda problemin həlli istiqamətində ciddi addımlar atılacaq və vətəndaş məmnunluğu təmin ediləcək.

Ramidə YAQUBQIZI,

"Respublika".