MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Fuji TV

Yaponiyada ən böyük özəl televiziya şirkətinin binası süni Odaiba adasında inşa edilib. Fuji TV adlandırılan televiziya şirkəti 1997-ci ildə tikilib. Qeyri-adi binanı Xirosimanın yenidən qurulması layihəsi ilə məşhurlaşan yapon memarı Kenzo Tanged layihələndirib. Tikinti işləri təxminən 3 il çəkib. Belə genişmiqyaslı layihə üçün fərqli futuristik üslub seçən memar Qərb və Şərq mədəniyyətinin birləşdirilməsi ideyasını irəli sürüb və kompleksin qurulmasında mürəkkəb elemetlərdən istifadə edib. Beləliklə, ortaya maraqlı və eyni zamanda qüsursuz layihə çıxıb.

Müasir memarlığın parlaq nümunələrindən olan Fuji TV "gələcəyin şəhəri" olan Odaibanın əsas simvollarından biridir. Paytaxt Tokionun qeyri-adi binaları arasında Fuji TV binası xüsusilə diqqətəlayiqdir. Hündürlüyü 125 metr olan kompleksin dizaynında ən çox diqqəti cəlb edən element nəhəng kürədir. Yerdə hissə-hissə yığılan və sonradan 25-ci mərtəbəyə qaldırılan titan kürənin diametri 38 metrdir. Ofislərlə yanaşı, burada televiziya şirkətinə həsr olunmuş muzey də var. Ən müasir texnologiyalarla təchiz edilmiş kürənin içərisində rəsədxana və müşahidə göyərtəsindən Tokio körfəzinin mənzərəsini izləmək mümkündür.

Novodeviçi monastırı

XVI əsrə aid Novodeviçi monastırı 1524-cü ildə Böyük knyaz III Vasili tərəfindən Smolenskin ələ keçirilməsinin şərəfinə təsis edilib. Dini kompleks Lujniki rayonu yaxınlığında tarixi Preçistenkanın hazırkı Bolşaya Piroqovskaya küçəsində tikilib. Oktyabr inqilabından sonra monastır faktiki olaraq ləğv edilib. 1930-1934-cü illərdə isə burada "Qadınların Azadlığı Muzeyi" yerləşdirilib. 1934-cü ildə kompleksdə Dövlət Tarix Muzeyinin filialı açılıb. Novodeviçi monastırının 480 yaşı ərəfəsində abidə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və bütün bəşəriyyətin mülkiyyəti elan edilib. 2010-cu ildən Rus Provoslav Kilsəsinin Moskva Yeparxiyasına verilib və kilsə muzeyi adını alıb. Barokko memarlığının bariz nümunəsi olan monastır Rusiyanın ən qədim və gözəl memarlıq ansambllarından biridir. Bir çox məşhur insanın dəfn olunduğu monastır 2021-ci ilə qədər Krutitski və Kolomna mitropolitinin iqamətgahı olub.

Novodeviçi monastırı ilə bağlı çoxlu əfsanələr dolaşır. Deyilənə görə, monastırı ziyarət edən insanlar Sofiya qülləsinə toxunur və arzu tutur. Bir vaxtlar monastırda qalan şahzadə Sofiya köməyə çatır və onların arzusu mütləq həyata keçir.

"Aanischaaukamikw" Kri Mədəniyyət İnstitutu

"Aanischaaukamikw" Kri Mədəniyyət İnstitutunun təntənəli açılış mərasimi 8 iyun 2012-ci ildə baş tutub. Kri hindularının mədəni irsini qorumağa xidmət edən yeni mərkəz Şimali Kanadanın Kvebek əyalətindəki Uje-Buqumu kəndində inşa olunub. Mərkəz "Rubin & Rotman" memarlıq bürosunun dizaynerləri və məşhur memar Duqlas Kardinal tərəfindən layihələndirilib. Binanın tikintisi üçün 25 milyon dollardan çox vəsait xərclənib. "Aanischaaukamikw" Mədəniyyət Mərkəzi konfrans, yaradıcılıq gecələri, rəqs dərsləri və konsertlər üçün nəzərdə tutulub. Burada həmçinin qədim hindu xalqlarının tarixini əks etdirən muzey yaradılıb. Bundan əlavə, kitabxana, tədris şöbəsi, interaktiv heykəllər və vizualizasiyalar üçün xüsusi otaqlar ayrılıb.

2800 kvadratmetr ərazidə yerləşən və bütün beynəlxalq standartlara cavab verən kompleksin tikintisində yalnız ağac və şüşədən istifadə olunub. İki hissədən ibarət mərkəzin əsas binasında 1970-1976-cı illərdə Vaskaqaniş Kvebek Kri qəbiləsinin başçısı, 1974-cü ildən 1984-cü ilə qədər Kri Böyük Şurasının Böyük Rəisi və "Air Creebec"i quran uğurlu iş adamı Bill Diamondun xatirəsinə həsr olunan sərgi salonu yaradılıb. Digər kiçik zallar isə qəbilənin Ağsaqqallar Şurası üçün ayrılıb.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".