ŞƏT iqtisadi güc mərkəzinə çevrilir
Siyasət

ŞƏT iqtisadi güc mərkəzinə çevrilir

Əlaqələrə xüsusi önəm verən Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının fəal dialoq tərəfdaşıdır

İyulun 3-4-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Sammitdə təşkilata üzv dövlətlərin rəhbərləri siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair bir çox aktual məsələləri müzakirə edəcəklər. Müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrin başçılarının iştirakı da nəzərdə tutulur.

Müasir dövrdə beynəlxalq tədbirlərdə aktiv iştirak Azərbaycanın xarici siyasətində son illərdə əsas prioritetlərdən birinə çevrilib. Dövlətimiz müxtəlif mötəbər platformalarda yalnız üzləşdiyimiz deyil, eyni zamanda qlobal miqyaslı problemlərin də həllinə töhfə verməyə çalışır. Azərbaycanın səyləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə dünya arenasında nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələr diqqəti cəlb edir.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvləri Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan və Hindistandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı dialoq tərəfdaşlarıdır. ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirməkdə, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığı əks etdirən memorandum imzalanıb. Trans-Xəzər dəmir yolu dəhlizi vasitəsilə ölkəmiz Mərkəzi Asiya ilə Cənubi Qafqaz, daha geniş mənada Avropa və Asiya qitələri arasında "birləşdirici körpü" rolunu oynayır. Bu baxımdan ölkəmizlə əməkdaşlıq ŞƏT üçün də olduqca cəlbedicidir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit mərkəzinə çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovuşuğunda yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizinin gələcəkdə açılması da nəqliyyat-logistika sahəsində əlavə üstünlüklər yaradacaq. İqtisadi güc mərkəzinə çevrilmək istiqamətində ŞƏT əməli addımlar atır və bu xüsusda böyük potensiala malikdir. Hətta bu müstəvidə ŞƏT-i "Böyük yeddiliyin" alternativi də adlandırırlar.

Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin, təxminən 3,2 hissəsini təşkil edir. Şanxay Əməkdaşlıq Təşkilatının dövlətləri Yer kürəsinin 15 faiz ərazisini tutur, dünya ÜDM-in dörddəbirini və dünya ticarətinin 15 faizdən çoxunu təşkil edir. Dialoq üzrə tərəfdaş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Təşkilatın tarixində ilk dəfə olaraq dialoq üzrə tərəfdaş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Belə ki, 2018-ci ildə qurum Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə nümayəndə heyəti göndərib. Bu, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisidir. Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq aləmdə çox mühüm rol oynadığını qeyd edən Prezident İlham Əliyev təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə töhfə verdiyini, Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməsinin önəmli olduğunu bildirib və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirib.

Bu gün Azərbaycan nəinki regionda, eləcə də dünya miqyasında iqtisadi inkişafa malik olan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verən bir ölkə kimi tanınır. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər hazırlanır. Bakı Beynəlxalq Dəniz Ticarət limanı ildə 25 milyon tona qədər yükdaşıma qabiliyyətinə malikdir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və əsaslı təmir edilib. Azərbaycan 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə çevrilib. 2024-cü ilin sonuna qədər beynəlxalq hava limanlarının sayının 9-a çatması Azərbaycanın hava nəqliyyatına xüsusi diqqət yetirdiyini göstərir. Əlbəttə ki, bütün bunlar, eləcə də Qarabağ münaqişəsinin həlli, düşmən üzərində qazandığımız tarixi qələbə regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və həyata keçirilməsi üçün yeni əlverişli imkanlar yaradıb.

Qeyd edək ki, Özbəkistan 2021-2022-ci illərdə ŞƏT-ə sədrlik edib. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə 2022-ci ilin sentyabrında Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak edib və bir sıra görüşlər keçirib. Sammitin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, bir qismi ilə qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı böyük əhəmiyyətə malikdir. ŞƏT-in Zirvə görüşünə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında böyük nüfuza malik olmasından və ona göstərilən yüksək etimaddan xəbər verir. Bu mötəbər beynəlxalq platformada Azərbaycanın iştirakı və verilən qərarlarda söz sahibi olması baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi hər bir görüş də Azərbaycanın regionda və dünyadakı mövqeyinin ifadəsi, rəsmi Bakının malik olduğu qlobal nüfuzun təsdiqi və ölkəmizə göstərilən beynəlxalq dəstəyin göstəricisi oldu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi, ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Pakistanın Baş naziri ilə görüş isə iki dövlət arasındakı sarsılmaz qardaşlığın növbəti təcəssümü oldu. Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr dostluğa, qarşılıqlı etimada və çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla yüksək inkişaf dinamikası ilə seçilir. Hər iki dövlət həmişə bir-birinin milli maraqlarına qarşılıqlı dəstək nümayiş etdirirlər. Belə ki, Azərbaycan Çinin "Vahid Çin" siyasətini hər zaman dəstəkləyib. Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyib. Çin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsü isə ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb və Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Prezidenti İlham Əliyevin ÇXR Sədri Si Cinpin ilə görüşündə bu məsələlər bir daha diqqətə çatdırılıb. Si Cinpinin Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bəyan etməsi rəsmi Pekinin Bakı ilə münasibətlərə verdiyi böyük önəmin təzahürü idi.

Bütün bunlar hazırkı beynəlxalq münasibətlər sisteminin reallıqları fonunda Azərbaycana göstərilən qlobal dəstəyin ən böyük nümunələrindən biri olmaqla yanaşı, həm də Prezident İlham Əliyevin xarici siyasət kursunun və uğurlu diplomatiyasının nəticəsidir. Azərbaycanın öz siyasətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməsi göstərir ki, dövlətimizin beynəlxalq nüfuzu daha da artacaq, tərəfdaşları çoxalacaq. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Minin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir: "…Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı münasibətlərimizin məzmununu gələcəkdə daha da zənginləşdirəcəyik".

Mustafa KAMAL,

"Respublika".