Hayastanı fəlakətə sürükləyən Brüssel görüşü
Siyasət

Hayastanı fəlakətə sürükləyən Brüssel görüşü

Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Paşinyan arasında görüş başa çatsa da nəticələri hələ uzun müddət müzakirə olunacaq. Əvvəla, Ermənistanın Belçikadakı səfirliyində keçirilən görüş gözlənildiyinin əksinə olaraq sönük olmaqla yanaşı, beynəlxalq diqqəti özünə cəlb etməyib. Görüşlə bağlı yayılan xəbərlər, səslənən bəyanatlar da bunu deməyə əsas verir. Ermənistan üçün müsbət nəticə sadəcə ayrılacaq növbəti sədəqə ola bilər. Təbii ki, bu da əvəzsiz olmayacaq. Ermənistan çox ciddi və nəticələri fəlakətə gətirib çıxara biləcək ssenarilər yaşaya bilər.

"Keçirilən üçtərəfli görüşün guya siyasi və iqtisadi məsələlərə həsr olunduğu iddia edilsə də, əslində, bəhs olunan toplantının Cənubi Qafqazda sülh prosesinin pozulmasına yönəldiyi açıq-aydın görünür. Amma onlar bir şeyi unudurlar, qarşılarında qüdrətli və torpaqlarını cəmi 44 günə azad edən qüdrətli Azərbaycan dövləti dayanır. Heç bir qüvvə, heç bir dövlət onun nə müstəqilliyini əlindən ala, nə də dövlət-xalq birliyini poza bilməz. Ermənistan isə havadarlarının sözünə baxarsa, 44 günlük müharibədə olduğu kimi, yenə də məğlubiyyətlə üzləşəcək. Budəfəki uğursuzluğu isə əvvəlkilərdən daha biabırçı olacaq". Bu fikri açıqlamasında Kars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri Zekeriya Demiral vurğulayıb. Onun sözlərinə görə, belə toplantılar Avropa İttifaqı, ABŞ və erməni diasporunun 30 ildən artıqdır ki, bölgədə yaratdıqları işğalın aradan qaldırılmasından sonra anti-Türkiyə, anti-Azərbaycan təbliğatının nəticəsidir. Dərnək rəhbəri bildirib ki, Türkiyənin Azərbaycanla sıx koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyi və bu çərçivədə müəyyən müsbət irəliləyişlərə nail olunduğu bir dönəmdə haqqında danışılan üçtərəfli görüşün təşkili təxribatdan başqa bir şey deyil: "Bununla yanaşı, biz açıq şəkildə görürük ki, Paşinyan və onun nümayəndə heyəti sülh prosesinə start vermək üçün Türkiyə rəsmiləri ilə vaxtaşırı görüşlər keçirir. Aparılan danışıqlar çərçivəsində Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatının bərpası və Zəngəzur dəhlizi ilə bağlı bəzi real planların həyata keçirilməsi kimi xoşməramlı addımlar atılıb. Azərbaycan və Türkiyə regionda sabitliyi, inkişafı, sülhü təmin edəcək bu kimi addımlar atdığı halda, bu cür səthi və birtərəfli təşəbbüslərin irəli sürülməsi keçmişdə olduğu kimi, indi də problemli məsələdir. Ona görə də Ermənistan rəhbərliyi özünə gəlməli, ilk növbədə, ikitərəfli sazişin tərəfdarı olan Azərbaycanla danışıqların inkişaf etdirilməsi, daha sonra isə sülh prosesinin irəliləməsi üçün regionda mühüm rol oynayan dövlətlərlə bir araya gəlməlidir. Əks halda, uzaqlardan heç kim Ermənistana sülh və iqtisadi rifah gətirməyəcək.

Üçtərəfli görüşü anti-Rusiya qüvvələrinin triumfu kimi də qiymətləndirmək olar. Bu qüvvələr Ermənistanı öz riyakar və məkrli oyunlarının iştirakçısına çevirməyə müvəffəq olublar. Səslənən bəyanatlar və təşəbbüslərin də əksəriyyəti ancaq buna yönəlib. Düzdür, görüşdə Avropa İttifaqı Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Sözsüz ki, bu vəsait elə-belə ayrılmır. Qarşıdakı dövrdə Ermənistan etimadı doğrultmaq üçün hansı addımları atacaq? Şübhəsiz ki, əsas etibarilə Rusiya əleyhinə addım və qərarların şahidi olacağıq. Bura Metsamor Atom Elektrik Stansiyasının bağlanmasından tutmuş, 102-ci hərbi bazanın çıxarılması, KTMT-ni tərketmə və radikal addımlar daxildir.

Ermənistan anlamalıdır ki, Qərbin ikili standartları dünyanın hələ heç bir ölkəsinə sülh və firavanlıq gətirməyib. Regionu risk altında qoymağa çalışan bəzi dövlətlərin İrəvanda yaratdığı xoş illüziyalar təhlükəli reallıqla sona çatacaq. İtirən isə yalnız Ermənistan olacaq. Davamlı sülh, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə, Qərbin oyununa getmək ölkəni yerlə-yeksan edəcək. Beləliklə, ümid etmək olar ki, Brüssel görüşünün nəticəsi olaraq gələcəkdə regionda müharibəni yenidən alovlandırmağa cəhd olmayacaq. Düzdür, hədəf Rusiya üçün ikinci cəbhə açmaq olsa da, istisnalar da var. Çünki qarşımızda sözünə əməl etməyən Ermənistan dövləti var.

Əvvəllər son hədəf yalnız Rusiya olsa da, hazırda Ermənistan regionda ayaq üstə duran, azad və müstəqil, öz güclü varlığını hər kontekstdə hiss etdirən Azərbaycana və yerləşdiyi regionda lider olan Türkiyəyə qarşı "oyuncaq" olaraq istifadə edilir. Amma güclənməkdə olan Türk dünyasının düzgün prinsiplər üzrə hərəkətindən əldə edilən uğurların qarşısında heç bir bəd niyyət dayana bilməyəcək.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.