Zəngəzur dəhlizi qlobal iqtisadi əhəmiyyətə malikdir
İqtisadiyyat

Zəngəzur dəhlizi qlobal iqtisadi əhəmiyyətə malikdir

İkinci Qarabağ savaşında Azərbaycanın düşmən üzərində tarixi qələbəsi, ötən ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri Cənubi Qafqazda yeni geosiyasi vəziyyətə gətirib çıxardı. Zəfərimizin əyani sübutu olan və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat qarşı tərəfin məğlubiyyətini təsdiqləməklə yanaşı, onu bir sıra öhdəlikləri üzərinə götürməyə məcbur etdi. Həmin sənədin 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi reallığa çevrilməli, bütün kommunikasiyalar bərpa edilməli idi.

Əfsuslar olsun ki, bu gün Ermənistan sözügedən istiqamətdə nəinki müsbət addım atır, hətta regiondakı sabitliyi pozmağa çalışır. Rəsmi İrəvan məhz bu səbəbdən hazırda bir sıra böyük layihələrdən təcrid olunmuş vəziyyətdədir. Halbuki Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya və Avropanın inteqrasiyası, iqtisadi dividendlərin əldə edilməsi üçün olduqca mühüm hesab olunur. Paşinyan hakimiyyəti ölkənin acınacaqlı iqtisadi vəziyyətini, geniş vüsət alan aksiyaları gözardı edir. Ermənistanın siyasi elitası bütün türk dünyasının, eyni zamanda qlobal güclərin marağında olan Zəngəzur dəhlizinin açılmasını istəmir.

Müasir dövrün dəyişən tələbləri Zəngəzur dəhlizinin regional layihədən beynəlxalq əhəmiyyətli layihəyə çevrilməsinə səbəb olub. Zəngəzur dəhlizi respublikamızın cənub-qərb rayonlarını, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətlərini bir-birilə bağlayacaq.

Bu isə hər üç ölkənin iqtisadi tərəqqisinə ciddi töhfə olacaq. Layihənin həyata keçirilməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Naxçıvan Muxtar Respublikası ilə alternativ keçidin də yaradılmasına imkan verəcək. Eyni zamanda Zəngəzur dəhlizinin Rusiya və Türkiyə arasında yerləşməklə Gürcüstandan yan keçən yeni yolu layihənin qlobal müstəvidəki əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizi, həmçinin Çindən gələn məhsulların birbaşa Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazı vasitəsilə Avropaya daşınmasına da şərait yaradacaq. Bununla layihə yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyasında Avropa və Asiya qitələri arasında mühüm əhəmiyyət kəsb edən ticarət marşrutu kimi formalaşacaq.

Hazırda Zəngəzur dəhlizinin bir parçası olacaq dəmir yolu və avtomobil yolunun inşası istiqamətində mühüm işlər görülür. Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası da nəzərdə tutulub. Belə olduqda ölkəmizin ərazisindən illik təxminən 35 milyon ton yük daşına bilər. Ötən ilin göstəricilərinə nəzər yetirsək, görərik ki, Azərbaycandan daşınan yüklərin həcmində xeyli artım qeydə alınıb. Bu da Cənubi Qafqaza, eləcə də ölkəmizə olan marağın artmasının əyani sübutudur. Hazırda Cənubi Qafqaz nəqliyyat habına çevrilib və Azərbaycan burada lider dövlətdir. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi respublikamızın beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsinə səbəb olacaq.

Hazırda Zəngəzur dəhlizi "Aşqabad müqaviləsi"nə qoşulan ölkələrin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər vəd edir. Həmin müqavilə Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı istiqamətində mühüm əhəmiyyətə malikdir. Bu müqavilə, həmçinin digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanmışdır. Adıçəkilən ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi ilə Avrasiya bazarlarına çatdırılması, Qarabağ regionunun iqtisadi potensialının artırılması da mümkündür. Zəngəzur dəhlizinin açılması ilə formalaşan yeni iqtisadi qovşaq Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi rol oynayacaq. Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlərin cari il ərzində tamamlanacağı və yeni nəqliyyat dəhlizinin yaranacağı proqnozlaşdırılıb.

Əfsuslar olsun ki, Zəngəzur dəhlizi hazırda Ermənistan cəmiyyətini ən çox narahat edən mövzulardan biridir.  Paşinyan hakimiyyəti Zəngəzur dəhlizi açılarsa, ölkənin cənub bölgəsinin Azərbaycan və Türkiyənin maliyyə-iqtisadi nəzarəti altına keçə biləcəyindən narahatdır. Hətta ölkə daxilində Paşinyan hakimiyyətinə Zəngəzur dəhlizinin açılmaması ilə bağlı müəyyən təzyiqlər də göstərilir.

Nəzrin ELDARQIZI,

"Respublika".