“Şəhərdən Kəndə
İqtisadiyyat

“Şəhərdən Kəndə" layihəsi: aqroturizm təsərrüfatlarına növbəti infotur

Aqroturizm təsərrüfatlarının təşkili respublikamız üçün yeni təcrübədir. Bu baxımdan onun ölkədə tanıdılması, təbliği vacibdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq"in dəstəyi ilə həyata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Nar vadisi", "Tofiqoğlu bal", "Hope Lake", "EKO Zaqatala", "Biogarden" aqroturizm təsərrüflarına infotur da bu məqsədlə təşkil olunub.

Nazirliyin mətbuat xidməti bildirir ki, infoturda Azərbaycanda fəaliyyət göstərən 23 turizm şirkətindən 25 nümayəndə iştirak edib. İki günlük infoturun birinci günündə nümayəndələr əvvəlcə Göyçayın Qaraməryəm kəndində yerləşən "Nar vadisi" təsərrüfatında nar yığımında iştirak ediblər. Qonaqlar daha sonra Qəbələdə yerləşən "Tofiqoğlu bal" təsərrüfatında balın toplanması və süzülməsi prosesində iştirak edib, müxtəlif arı məhsullarının hazırlanması və faydaları barədə məlumat əldə ediblər.

Turizm şirkətinin əməkdaşları infoturun ikinci günü Zaqatalanın "Hope Lake" və "Eko Zaqatala" təsərrüfatlarında olublar. Təsərrüfatlara səfər zamanı qonaqlar quşçuluq, maldarlıq, üzümçülük, arıçılıq və digər təsərrüfat sahələri barədə məlumat əldə edib, milli mətbəxin təamlarının bişirilmə prosesində iştirak ediblər.

Sonda Şəki şəhərində yerləşən "Biogarden" təsərrüfatında olan qonaqlar həm yerli, həm də xaricdə yetişdirilən bitkilərlə tanış olub, mövsümi meyvələrin yığımında iştirak ediblər. Həmçinin onlar qırqovul, ördək və toyuq kimi ev quşlarının müxtəlif cinsləri, Kaliforniyadan gətirilmiş dovşan və digər növlərlə yaxından tanış olublar.

Nəriman CAVADOV,

"Respublika".