Yaşıl iqtisadiyyat və sosial-ekoloji hesabatlılıq
İqtisadiyyat

Yaşıl iqtisadiyyat və sosial-ekoloji hesabatlılıq

Ətraf mühitin deqradasiyası və təbii resurslardan təbiət qanunlarına məhəl qoymadan, gələcək nəsillərin və digər regionların maraqları nəzərə alınmadan və yalnız iqtisadi mənafe baxımından yanaşmaqla amansızcasına istifadə beynəlxalq ictimaiyyətin davamlı inkişaf və sosial məsuliyyət anlayışlarına marağının artmasına səbəb olmuşdur. Məhz bu baxımdan daha məsuliyyətli və dayanıqlı iqtisadiyyatın bir hissəsi olaraq yaşıl iqtisadiyyatın tətbiqinə zərurətin güclənməsi inkaredilməz bir zərurətə çevrilmişdir.

Ətraf mühitə və təbii ehtiyatlara qəsbkar münasibətin çoxsaylı nəticələrindən biri hesab edilən iqlim dəyişikliyi bütün ölkələrin həyatı və o cümlədən iqtisadiyyatı üçün arzuolunmazdır. Bəzi ölkələr üçün isə bu ziyan daha böyükdür. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən 55 ölkənin birgə hazırladıqları məruzədə göstərilir ki, son iyirmi ildə onların ümumi itkiləri ildə 525 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da onların ÜDM-nin 20%-i həddindədir. Hesablamalara görə əməli tədbirlər görülməsə belə itkilərin həcmi 2030-cu ildə 580 milyard ABŞ dolları qədər arta bilər.

Dünya təcrübəsi göstərir ki, ekoloji və sosialyönümlü tədbirlər şirkətlərə pula qənaət etməyə və mənfəəti artırmaq üçün yeni imkanlar yaratmağa dəstək verir. Hesablanmışdır ki, sosial və ekoloji monitorinqlərdən keçmiş şirkətlər 6 aydan 3 ilə qədər müddət ərzində öz xərclərindən 6-12 dəfə çox gəlir əldə ediblər. Sosial və ekoloji şəffaflıq, eyni zamanda şirkətin imicini yaxşılaşdırır. Hətta şirkətlərin məhsullarının və ya xidmətlərinin keyfiyyəti, qiymətləri kimi rəqabət amilləri digər şirkətlərdəkinə bərabər olduğu hallarda belə, "yaxşı" reputasiya şirkətlərə rəqabət üstünlüyü verir.

Sosial və ekoloji monitorinqlər təşkilatın sosial, ətraf mühit və etik fəaliyyətinin şəffaf və sistemli şəkildə nəzərdən keçirilməsini təmin etməklə hesabatlılığı və şəffaflığı artırır.

Buna görə də sosial-ekoloji hesabatlılıqlar təşkilatlara maliyyə göstəricilərindən kənara çıxmaq, onların cəmiyyətə və ətraf mühitə təsirini qiymətləndirməyə imkan yaratmaqla hesabatlılığı, maraqlı tərəflərin cəlb olunmasını, risklərin idarə edilməsini, reputasiyanı və ümumi davamlılığı təşviq edir.

Azərbaycan Respublikasının indiki inkişaf mərhələsində ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid kimi vacib problemlərin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olması beynəlxalq aləmə də yaxşı bəllidir. Ölkəmizdə bu sahədə əldə edilən uğurlardan və nəzərdə tutulan prioritetlərdən biri də ekologiya və ətraf mühitə səmərəli nəzarət mexanizminin qurulmasıdır.

Bu mənada, hələ 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan və ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirən "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu xüsusi əhəmiyyət kəsb edir.

Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid üzrə nəzarət sisteminin təşkili inkişaf etmiş ölkələrdə daha geniş yayılmışdır, bu sistemin inkişafında ekoaudit və ekomenecment fəaliyyəti özünü daha çox doğruldur. Xüsusilə ABŞ, Kanada, Qərbi Avropa ölkələrində, Yaponiyada ekoloji auditin inkişafı ilə bağlı normativ-hüquqi baza daha yüksək səviyyədədir və bu istiqamətdə fəaliyyət dövlət səviyyəsində tənzimlənir. 1995-ci il ilin aprelində Avropa Birliyi tərəfindən üzv ölkələr üzrə ekoloji auditor və ekoloji menecment fəaliyyətinin tənzimlənməsi isə bağlı normativ-hüquqi sənədlər paketi qəbul olunmuşdur.

Ekoloji auditor fəaliyyəti idarəetmə elementi kimi, 1970-ci ildən etibarən inkişaf etmişdir. Hazırda Böyük Britaniyada, Hollandiyada, ABŞ, İsveç, Almaniya və başqa ölkələrdə inkişaf etmiş firmaların özləri səmərəli ekoloji audit proqramları hazırlayaraq həyata keçirirlər. ABŞ-da 1984-cü ildən etibarən Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlik Federal agentliklər üzrə ekoloji auditlə bağlı konsepsiya hazırlayır. ABŞ-ın Müdafiə Nazirliyi öz hərbi-hava qüvvələri bazalarının, ətraf mühitə zərərli təsir edə biləcək bu təmayüllü müəssisələrinin ekoloji auditini keçirir.

Qısa dövr ərzində Azərbaycanda ekoloji mühafizənin mühüm inkişaf konsepsiyası və istifadə edilməsi proqramları, bir çox təşkilati-hüquqi mexanizmlərin həyata keçirilməsi sahəsində beynəlxalq təcrübəyə cavab verən vacib materiallar hazırlanmış və tətbiq edilir. Ekoloji auditor fəaliyyətinin aparılması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərara uyğun olaraq ekoloji auditin obyektləri ətraf mühitin təbiət istifadəçiləri tərəfindən istifadə olunan bütün komponentləri (atmosfer havası, su obyektləri, bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü), ətraf mühitə zərərli təsir edən müəssisələr və fərdi fəaliyyət nəticəsində ətraf mühitə vurulan zərərli təsir sahələridir. Nəzərə almaq lazımdır ki, ətraf mühitin qorunmasının, ekoloji tarazlığın gözlənilməsinin yalnız dövlət strukturları, müvafiq icra orqanları tərəfindən həyata keçiriləcəyini düşünmək sadəlövhlükdür. Yaşadığımız cəmiyyətin hər bir üzvü bu mühüm məsələnin həllində öz məsuliyyətini dərk etməli və həmin prosesin iştirakçısı kimi çıxış etməlidir. Hər bir ölkə vətəndaşı özünün və yaxın ailə üzvlərinin sağlamlığını təmin edəcək zəruri informasiyanın alınmasında, ekoloji sahədə qanunvericiliyin gözlənilməsində və qorunmasında, ekoloji tarazlığın pozulması ilə əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənməsinin təmin olunmasında, müvafiq ekoloji müzakirələrin, monitorinqlərin, ekspertizaların keçirilməsində maraqlı tərəf kimi çıxış etməlidir.

2001-ci il iyun ayında Bakı Dövlət Universitetinin, Beynəlxalq Ekoenergetika Akademiyasının, Auditorlar Palatasının təşkilatçılığı ilə "Azərbaycan Respublikasında ekoloji auditor fəaliyyətinin təşkili və tənzimlənməsini təmin edən normativ sənədlərin hazırlanması" mövzusunda seminar keçirilmişdir. Ekoloji auditin tətbiqi "Ətraf mühitin mühafizəsi haqqında" Qanunda təsbit olunmuşdur. Qanunun 75-ci maddəsində göstərilir ki: "Ekoloji audit - təbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla, təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin, ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətinin müstəqil yoxlanılmasıdır".

Ekoloji auditin əsas mahiyyəti - təbiətdən istifadəçilərin fəaliyyətinin düzgün və səmərəli qurulmasına zəruri kömək göstərməklə yanaşı, dövlətin ekoloji siyasət sahəsində qəbul etdiyi tələblərin tam həyata keçirilməsinə şərait yaratmaq, ölkənin təbii resurslarının, ətraf mühitin, mövcud ekoloji tarazlığın istər müasir dövr, istərsə də cəmiyyətin gələcəyi baxımından qorunmasının səmərəli istiqamətlərini müəyyən etməkdir. Ekoloji monitorinqin məqsədi ətraf mühitin, ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə təbiətdən istifadəçilərin fəaliyyətinin mövcud qanunvericiliyə, ekoloji norma və standartlara uyğunluğunu müstəqil yoxlamaq, onlara fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətin düzgün müəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək, kömək göstərməklə, ümumilikdə dövlətin ekoloji siyasətinin həyata keçirilməsinə şərait yaratmaqdır. Ekoloji auditi aparmağa səlahiyyətli şəxslər müəssisənin gərgin ekoloji sahələrində aparılan tədbirlərin yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə zərərli təsirin mümkün qədər azaldılmasına nail olmalıdır. Eyni zamanda onlar müəssisə rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər verməli, bu məsləhətlər müəssisənin gələcək ekoloji siyasətində öz əksini tapmalıdır.

Bütün bunlar vətəndaşların təmiz və texnogen təhlükəsiz ətraf mühitə hüquqlarının, bu mühitin vəziyyəti haqqında səhih məlumatların əldə edilməsinin təmin edilməsində bazar iqtisadiyyatının əsas mexanizmlərindən biri kimi qəbul olunan sosial-ekoloji hesabatlılığın əhəmiyyətini və zəruriliyinin bir daha nəzərə çarpdırır. Mövcud problemlemlərdən danışarkən ilk növbədə ekoloji auditin təşkili sahəsində öz təxirəsalınmaz həllini gözləyən məsələlərdən biri ekoloji auditin hansı hallarda məcburi, hansı hallarda isə könüllü olmasını müəyyənləşdirməkdir. Yeni dövrün çağırışları nəzərə alınmaqla, sosial və ekoloji nəzarət sisteminin təşkilini və inkişafını tənzimləyən normativ-hüquqi sənədlərin hazırlanması, bu sahə üzrə vahid informasiya bankının (bazasının) yaradılması, sosial və ekoloji auditor fəaliyyəti ilə məşğul olacaq kadrların hazırlanması, onların peşə-ixtisas səviyyəsinin daim təkmilləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən biridir.

Tam yəqinliklə demək olar ki, yaşıl iqtisadiyyat və bütövlükdə yaşıl dünya ilə dayanıqlı inkişaf bir-biri ilə üzvü surətdə bağlıdır və biri digərinin mövcudluğunu zəruri edir və bəlkə də özlüyündə ehtiva edir. Dayanıqlı inkişaf iqtisadi artımı, ətraf mühitin mühafizəsini və sosial tərəqqini birləşdirən konseptual çərçivədir. Dayanıqlı inkişaf konsepsiyası ətraf mühitin, cəmiyyətin və iqtisadiyyatın qarşılıqlı əlaqəsini qəbul edir və inkişafa balanslaşdırılmış və uzunmüddətli yanaşmanın zəruriliyini vurğulayır. İqtisadi mənfəətin dərhal əldə edilməsi üçün qeyri-məhdud resursların istifadəsi haqqında ənənəvi fikir gələcək nəsillər və bütövlükdə planet üçün mənfi nəticələrinə görə artıq məqbul hesab edilmir.

Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün resursların səmərəli şəkildə bölüşdürülməsi və ətraf mühitə mənfi təsir göstərməyən, sosial baxımdan inklüziv olan və aşağı karbonlu iqtisadiyyatı təşviq edən layihələrə investisiya qoymaq çox vacibdir. Dünyanın üzləşdiyi problemlər və onların həllinə yönəlik çağırışlar daha geniş perspektivləri, dayanıqlı məqsədləri və inklüziv inkişafı əhatə edən innovativ maliyyə alətləri və konsepsiyalarının işlənib hazırlanmasına təkan vermişdir. İnvestisiya məqsədlərinin diqqət mərkəzi az mənfəətin maksimumlaşdırılmasından ekoloji, sosial və korporativ idarəetmə (ESİ) aspektləri daxil olmaqla dayanıqlılığın əhatə edilməsinə keçmişdir. Belə keçid uzunmüddətli dəyər yaratmağın və investisiyaların planetə və cəmiyyətə təsirinin nəzərə alınmasının vacibliyini qəbul edir. Güman edirik ki, bu problemlərin həlli yolları bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 tədbirində əsas müzakirə obyektlərindən biri olmağa layiqdir.

Yeni dövr özlərinə xas olan heterogenliyi ehtiva edən və ESİ amillərini inteqrasiya edən yeni biznes modellərinin qəbul edilməsini tələb edir. İqtisadi sabitliyi artırmaq və qlobal iqtisadiyyatı xarici şoklardan qorumaq üçün təkmil hesabatlılığa alternativ iqtisadi modellər işlənib hazırlanmalıdır. Bu cür modellər dayanıqlı inkişaf istiqamətində birgə çalışmaq üçün hökumətlər, qeyri-kommersiya təşkilatları və kommersiya təşkilatları da daxil olmaqla bütün maraqlı tərəflərin iştirak etməyə təşviqini ön plana çəkir.

Bütün bunlar isə öz növbəsində dayanıqlı maliyyə, uzunmüddətli dəyər yaratmaq məqsədilə ekoloji, sosial və korporativ idarəetmə amillərini nəzərə alan investisiya qərarlarının qəbulu prosesinə keçidi zəruri edir. Bu baxımdan, kapitalın verilməsi ilə məşğul olan hökumətlər, banklar və digər maliyyə institutları ESİ meyarları əsasında hər bir layihəni diqqətlə qiymətləndirməlidirlər. Bu, qərar qəbul etmə meyarlarının dayanıqlı maliyyə məqsədlərinə uyğun olub-olmadığının hərtərəfli yenidən nəzərdən keçirilməsini əhatə edə bilər.

İnvestorlar üçün əsas problemlərdən biri ESİ məlumatlarında şirkətlərarası müqayisəliliyinə imkan verə bilən ESİ məlumatları üzrə standart hesabatlılığın yaradılmasıdır. Hazırda ardıcıl hesabatlılıq standartlarının olmaması investorlar üçün şirkətlərin ESİ göstəricilərinin dəqiq qiymətləndirilməsini çətinləşdirir. Digər problem ESİ məlumatlarının kəmiyyətinin müəyyən edilməsidir. Bir çox investorlar hesab edir ki, mövcud ESİ məlumatları mürəkkəb və saysız-hesabsızdır, bu da investisiya qərarlarının qəbulu üçün məna kəsb edən fikirlərin çıxarılmasını qəlizləşdirir. ESİ məlumatları ilə bağlı problemlər baxımından hesabatlılıq çərçivələrinin daha çox uyğunlaşdırılmasına və standartlaşdırılmasına ehtiyac var. Müxtəlif ölkələrdə normativ tələblərin fərqli olduğuna görə ESİ amillərini ölçmək üçün istifadə olunan metodologiya və parametrlər haqqında fikir birliyi yoxdur.

Bundan əlavə, ESİ məlumatlarının keyfiyyətinin yaxşılaşdırılması və əlçatanlığının artırılması çox vacibdir. Bu, məlumatların toplanması üsullarının təkmilləşdirilməsi, məlumatların şəffaflığının artırılması və hesabata daxil edilmiş məlumatların etibarlılığının təmin edilməsini əhatə edir. Şirkətlər, tənzimləyici orqanlar və standart qəbul edən təşkilatların birgə səyləri dayanıqlı maliyyədə bu problemlərin həll edilməsi və keyfiyyətli ESİ məlumatların istifadə edilməsinin təşviq edilməsi üçün vacibdir.

Əsas problemlərdən biri də dayanıqlı maliyyəni tənzimləyən standartlaşdırılmış təlimat və normativlərin olmamasıdır. Maliyyə institutları, həmçinin ESİ təhlili və risklərin qiymətləndirilməsi sahəsində səriştə və biliklərini artırmalıdırlar. Təşkilat daxilində potensialın yaradılması və ESİ amillərini başa düşmək və qiymətləndirmək üçün işçi heyətinə təlimlərin keçirilməsi dayanıqlı maliyyə təcrübələrinin effektiv inteqrasiyası üçün çox vacibdir. Bu problemlərin öhdəsindən gəlmək üçün müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın qurulması mühüm əhəmiyyət kəsb edir. Dayanıqlı maliyyə sahəsində ümumi standartlar yaratmaq, məlumatların müqayisəliliyini və şəffaflığını artırmaq, bilik mübadiləsini və qabaqcıl təcrübələri təşviq etmək üçün hökumətlər, tənzimləyici orqanlar, maliyyə institutları, investorlar və reytinq agentlikləri birlikdə işləməlidirlər.

Dayanıqlı maliyyə sahəsində mühasibat uçotunun üzləşdiyi problemlərə maliyyə və mühasibat uçotu mütəxəssislərinin vəzifə və öhdəliklərinə dəyişiklik ehtiyacı daxildir. Onlar hazırda bir sıra ölkələrdə müvafiq parametrlərin müəyyən edilməsini, ölçmə metodlarının işlənib hazırlanmasını və nəzarət və yoxlama proseslərinin təşkil edilməsini ehtiva edən ESİ məlumatları üzrə hesabatlılığa görə cavabdehdirlər. Məsələn, Hindistan üçün ESİ üzrə hesabatlılığa dair tələblər müəyyən edilmişdir və məcburi uyğunluq üçün yol xəritəsi nəzərdə tutulmuşdur ki, bu da təşkilatlara hazırlaşmaq, hesabat vermək və təminat üçün yetərli vaxt verir.

Mövcud çərçivələr arasında uyğunsuzluqları azaltmaqdan ötrü qlobal miqyasda bir çox standartlar və çərçivələr standartlaşdırılır, habelə təlimatlar işlənib hazırlanır. Bunu həll etmək məqsədilə ESİ üzrə hesabatlılıq parametrləri üçün standartlaşdırılmış çərçivənin hazırlanması məqsədilə tənzimləyici orqanlar, sahə üzrə ekspertlər və hökumət qurumları arasında əməkdaşlıq lazımdır. Mühasibat uçotu və nəzarət mütəxəssisləri, həmçinin ESİ parametrlərini dəqiq ölçmək üçün təşkilat daxilində qeyri-maliyyə məlumatların toplanması məsələsi ilə üzləşirlər ki, bu da təkmil qeyri-maliyyə hesabatlılığının hazırlanmasını zəruri edir. Yaşıl maliyyə ekoloji mülahizələrin maliyyə qərarlarının qəbul edilməsinə inteqrasiyasını nəzərdə tutur. O, dayanıqlı və ətraf mühitə zərər vurmayan investisiyaları təşviq edən geniş çeşidli maliyyə alətləri, institutları və təşəbbüsləri əhatə edir.

Yaşıl istiqrazlar yaşıl maliyyədə istifadə olunan maliyyə alətinin bir nümunəsidir. Bunlar, bərpaolunan enerji layihələri, enerjiyə qənaət edən binalar və ya dayanıqlı nəqliyyat infrastrukturu kimi ətraf mühitə faydaları olan layihələri maliyyələşdirmək üçün xüsusi olaraq buraxılmış istiqrazlardır. Yaşıl istiqrazlar investorlara ekoloji cəhətdən dayanıqlı təşəbbüsləri dəstəkləmək və eyni zamanda maliyyə gəlirləri əldə etmək imkanı verir.

Xüsusi vurğulamaq lazımdır ki, maliyyə institutları yaşıl maliyyədə mühüm rol oynayır. Yaşıl banklar, məsələn, ekoloji cəhətdən təmiz layihələr və biznesləri maliyyələşdirən və dəstəkləyən ixtisaslaşmış qurumlardır. Onlar bərpaolunan enerji layihələrini, enerji səmərəliliyi təşəbbüslərini və digər dayanıqlı təşəbbüsləri maliyyələşdirmək üçün uyğunlaşdırılmış kreditlər, qrantlar və digər maliyyə məhsulları təklif edirlər. Dayanıqlı investisiya fondları və ya ekoloji fondlar kimi də tanınan yaşıl fondlar, xüsusi ekoloji meyarlara cavab verən şirkətlərə, layihələrə və aktivlərə investisiya etmək üçün müxtəlif investorlardan pul toplayan investisiya mexanizmləridir. Bu fondlar öz investisiya qərarlarında həm maliyyə gəlirləri, həm də ətraf mühitə müsbət təsirlər yaratmağı hədəfləyən ekoloji, sosial və korporativ idarəetmə (ESİ) amillərini nəzərə alırlar. Bütövlükdə, yaşıl maliyyə iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, təmiz enerjiyə keçid və digər ekoloji problemləri həll edərək maliyyə resurslarını dayanıqlı inkişaf yolunda səfərbər etməyi hədəfləyir. O, maliyyə fəaliyyətinin həm iqtisadi artıma, həm də ətraf mühitin qorunmasına töhfə verə biləcəyi anlayışını təbliğ edir. Azərbaycan hökuməti yaşıl iqtisadiyyata doğru irəliləyişində əlverişli mühiti təmin edən normativ bazanın hazırlanması üçün təşəbbüslər göstərir və bunların praktik nəticələri vardır. Ölkəmizdə yaşıl enerjinin inkişaf tempinin sürətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin "yaşıl enerji" və iqtisadiyyat diyarına çevrilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər də 2024-cü ilin yaşıl dünya üçün həmrəyliyi zərurətinə dəlalət edir.

Təbii ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" adlandırılması beynəlxalq birliyin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsidir. Tam əminliklə demək olar ki, son illərdə ölkəmizin uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə öz möhtəşəmliyi, əhatəliliyi, bəşəriliyi ilə fərqlənən yeni bir dünyəvi tədbirin şahidi olacağıq. Bunun əsasında "bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir" bütün dünyaya bəyan edən Prezident İlham Əliyevin göstərdiyi diqqəti, zəngin təcrübəsi, beynəlxalq arenadakı şəxsi nüfuzu, ölkə ictimaiyyətini öz ətrafında tarixi missiyaların reallaşdırılması dövründə bir yumruq kimi birləşdirmək istedadı durur. Müstəqil Azərbaycanımızın dünya çapında önəmli bir rol oynamağa yönəlik COP29-un uğurla keçirilməsində biz hər birimiz cənab Prezidentin yanında olmalı, hər bir kəs əlindən gələni etməlidir.

Yekunda COP29 barədə Prezidentimizin bu günlərdə söylədiyi fikri vurğulamaq istərdim: "COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Praktiki nöqteyi-nəzərdən isə bu, bizim üçün həmrəyliyə töhfə vermək fürsəti olacaq. Çünki bizim 4 illik sədrliyimiz nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Yəni biz müxtəlif ölkələri bir araya gətirmək imkanına malikik və bu gün iqlim məsələlərinin həll edilməsi üçün məhz buna ehtiyac var".

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor.