İqtisadi güc etibarlı gələcəyə təminatdır
İqtisadiyyat

İqtisadi güc etibarlı gələcəyə təminatdır

Regionda söz sahibi olan, dünyada müstəqil xarici siyasət həyata keçirən ölkə kimi tanınan müasir Azərbaycan Cənubi Qafqazın liderinə, siyasi, iqtisadi və mədəni mərkəzinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmişdir. Ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi daha da möhkəmlənmişdir. Yeni tərəqqi və milli inkişaf arxitekturası üzərində möhkəmlənən iqtisadi modelin tətbiqinə başlanmış, yüksək inkişaf proqnozları ilə irəliləyən innovativ və modern iqtisadiyyata malik ölkə kimi inkişaf etmişdir.

İqtisadiyyatın dinamik inkişafı, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, onun şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Məqsədyönlü tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır. Modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. Aqrar sektorda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı bu sahənin inkişafına güclü təkan vermişdir.

Ölkəmizin müəllifliyi ilə həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişmişdir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan trans-nəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur və hazırda milli kosmik sənayeni uğurla inkişaf etdirir. Bu, ölkənin müasir qlobal çağırışlara və tendensiyalara adekvat cavabı, Dördüncü Sənaye İnqilabının müəyyən etdiyi hədəfə doğru irəliləməsidir. Azərbaycanın sahib olduğu və idarə etdiyi peyklər ölkənin informasiya təhlükəsizliyinə, milli dövlətçiliyə xidmət edir. Kosmik peyk layihələrinin reallaşdırılması Azərbaycanın kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldırıb. Ölkəmiz bu sahədə xidmətlərin idxalçısından ixracatçısına çevrilib. Azərkosmos telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri bazarında özünəməxsus mövqe qazanıb. Bu isə Azərbaycan iqtisadiyyatının güclənməsinə, inkişafına xidmət edir. MDB məkanında ilk dəfə olaraq, Azərbaycan 6000-dən çox mütəxəssisin iştirakı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etdi. Bununla da ölkəmiz kosmik sahədə fəaliyyətinin genişləndirilməsiylə bağlı yeni müqavilələrə imza atdı.

Ötən il ərzində ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyaları bir az da artırmaq olar. Qısa zamanda işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində atılan addımlar Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarını nümayiş etdirir. Görülən işlər, həmçinin Azərbaycan xalqının qurucu, torpaqlarına sahib çıxaraq tez bir zamanda dirçəlməsində maraqlı olduğunu təsdiqləyir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb. Son 3 ildə bu istiqamətdə 12 milyard manata yaxın vəsait xərclənib. Çox əhəmiyyətli hava limanları, avtomobil yolları tikilib, energetika sahəsi inkişaf etdirilib, eyni zamanda sözügedən bölgədə reallaşdırılan məşğulluqla bağlı məsələlər və s. bu kimi irihəcmli işlər görülüb.

Dekarbonlaşma, "yaşıl enerji" növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda, "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasına uyğun olaraq həyata keçirilir. Azərbaycan tarixində ilk dəfə böyük gücə malik Qaradağ Günəş elektrik stansiyası istifadəyə verildi. 2024-cü ildə qazın ixracı ilə bağlı Macarıstan və Serbiya ilə konvensiya müqavilələri imzalandı. Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Bununla Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Bu ölkələrin yeddisi Avropa ölkəsidir. İnterkonnektorların fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək. Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, bu hədəfə doğru inamlı addımlar atılır.

Hazırkı dövrdə əsas istiqamətlər işğaldan azad edilmiş ərazilərin bərpası, soydaşlarımızın yurd yerlərinə qayıdışının təmin edilməsi və hərbi gücümüzün artırılmasıdır. Bu gün artıq Azərbaycan bir çox böyük beynəlxalq aktorlar tərəfindən etibarlı tərəfdaş hesab edilir. Müstəqil xarici və daxili siyasətə malik ölkədir, bu siyasət milli maraqlara əsaslanaraq yürüdülür. Xalqın güclü birliyi var. Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Ölkəmiz Avropa təsisatları, eləcə də müsəlman ölkələri ilə münasibət qurub və bu əlaqələr həmrəylik, tərəfdaşlıq nümunəsidir. 2023-cü ildə Bakıda "SPECA Günləri"nin keçirilməsi mühüm əhəmiyyətə malikdir. SPECA-ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqram qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platformadır. Qlobal nəqliyyat layihəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz proqrama üzv ölkələrin mühüm hissəsinin ərazisindən keçir. Azərbaycan bu sahədə fəal iştirak etməklə Orta Dəhliz çərçivəsində səmərəliliyin artırılmasına, ötürücülük imkanlarının genişləndirilməsinə və gömrük prosedurlarının sadələşdirilməsinə xüsusi diqqət ayırır. Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış yol xəritələrində qeyd olunduğu kimi, Orta Dəhlizin ötürücülük imkanlarının 2025-ci ilədək 10 milyon tonadək artırılması üzrə təşəbbüslərlə çıxış edir. Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaratdığı mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir.

Mustafa KAMAL,

"Respublika".