Zəmilərin bərəkəti
İqtisadiyyat

Zəmilərin bərəkəti

Ölkəmizdə taxılçılığın inkişafı, ilk növbədə, əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Ağdam rayonunda da uğurla icra olunur.

Dövlət başçısının 2022-ci il iyulun 19-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə güclü təkan verəcək. Mühüm dövlət sənədində qeyd olunur ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini daha da yüksəldəcək. Ölkə başçısı İlham Əliyev strateji məhsul haqqında bildirib: "Azərbaycanda ərzaqlıq buğda istehsalı üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə başlanıldı və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. ...Dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Bu il işğaldan azad edilən ərazilərin 70 min hektarından çox ərazidə taxıl biçilir".

Bir güllə atılmadan işğaldan azad edilən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam vaxtilə ölkəmizin ən iri kənd təsərrüfatı rayonu kimi məşhur olub. Rayonda taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq, bağçılıq və heyvandarlıq inkişaf etdirilib. İşğal illərində ağdamlılar əlimizdə qalan ərazilərdə kənd təsərrüfatı məhsulları istehsal edərək keçmiş ənənəni yaşadıblar. 2020-ci ilin payızında rayon ərazisində gərgin döyüşlərin getdiyi bir vaxtda yerli fermerlər düşmənin aramsız atəşi altında taxıl biçini aparıblar. Sözün həqiqi mənasında, taxılçılar böyük fədakarlıq göstərərək bir dənin belə itkisinə yol verməyiblər. Həmin mövsümdə Ağdamda 37 min tondan artıq buğda istehsal olunub. Hər hektarın məhsuldarlığı 40,9 sentnerə çatdırılıb. Arpa biçilən sahələrdə isə hektarın məhsuldarlığı 36,7 sentner təşkil edib. Ergi düzündə, Əhmədağalı, Təzəkənd və Əfətli, Qaradağlı kəndlərində daha çox taxıl əldə olunub. Halbuki, adları çəkilən ərazilərə demək olar ki, hər gün düşmənin atdığı mərmilər düşürdü, buna baxmayaraq, ağdamlılar bu çətinliyə mərdliklə sinə gərdilər. Müharibə ağrıları yaşamış torpaqda bol məhsul yetişib. Uzaqdan baxanda dəniz kimi dalğalanan taxıl zəmilərində qızğın iş gedir. Biçin aparan kombaynların aramsız səsi ətrafa yayılıb. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib. Taxılçılığa dövlət dəstəyinin genişləndirilməsi sayəsində fermerlər yüksək məhsuldarlığa nail olurlar. Ağdamda ən məsuliyyətli bir dövr, taxıl biçini uğurla davam etdirilir. Biçinin yüksək səviyyədə aparılması texnikanın düzgün dislokasiyasından, kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsindən çox asılıdır. Bu məqsədlə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilib, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl olunmasının vacibliyi haqqında tövsiyələr, çağırışlar edilib.

Qarabağda torpaqlar münbitdir, su ehtiyatları çoxdur. Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkün olacaq. Tədqiqatlar nəticəsində inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması proqnozlaşdırılır. Son 50 ilin məlumatlarına görə, Ağdamda ildə günəşli günlərin sayı 273-ə çatır. Əkinçilik həm də su mənbələrindən asılıdır. Rayonun bir hissəsi Suqovuşan su anbarından gələn suyun hesabına suvarılır. Əsas su mənbəyi isə təxminən 23 milyon kubmetrlik iritutumlu Xaçınçay su anbarıdır. Bu mövsümdə havaların yağıntılı keçməsi nəticəsində Xaçınçay su anbarına nəzərdə tutulduğundan artıq su yığılıb. Anbardakı suatan qurğu vasitəsilə mövcud kanallara buraxılır və rayonun aşağı hissəsində əkinçilər bol sudan istifadə edirlər. Artıq həmin yerlərdə subartezian quyularına ehtiyac qalmır. Bundan başqa, Ağdamda 10-50 hektar sahədə 200 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Dövlət torpaqlarının qalan hissəsində 50-100 hektar sahədə 50 müasir təsərrüfat yaradılacaq. Yeri gəlmişkən, artıq Ağdamda iqtisadi aktivlik nəzərə çarpır. İşğaldan azad edilən ərazilərdə ilk iri müəssisələr əkin sahələrinin boş qalmaması üçün səpin işləri aparır və məhsul istehsal edirlər.

Rayonun taxılçıları dövlət dəstəyindən yararlanaraq ölkənin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyalarının tətbiqi ilə hər hektarın məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını ilbəil artırırlar. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, hazırda rayonda 24 taxılyığan kombayn vasitəsilə biçin operativ şəkildə aparılır. Rayon üzrə 2024-cü ilin məhsulu üçün cəmi 22490 hektar sahədə taxıl bitkiləri əkilib, 17947 hektarda buğda, 4543 hektarda isə arpa yetişdirilib. Hazırda həmin sahələrdən 1022 hektar buğda, 2729 hektar arpa olmaqla cəmi 3751 hektar sahədə biçin işləri aparılaraq 14793 ton məhsul əldə edilib. Cəmi əkinlər üzrə orta məhsuldarlıq 39.4 sentnerdir. Bu günə qədər biçilmiş sahələr isə zəmilərin 16.6 faizini təşkil edir. Qaradağlı kəndindən olan fermer Rima Haqverdiyeva uzun illərdir ki, taxılçılıqla məşğuldur. Doğma kəndlərində taxılçılıqda yaxşı ənənə yaranıb, təcrübəli təsərrüfatçılar çoxdur, vaxtilə keçmiş təmas xəttində yaşasalar da əkin-biçindən əlləri soyumayıb, çətinliklər onları qorxutmayıb. Çünki dövlət dəstəyi fermerlərin üzləşdiyi çətinlikləri həll etməyə yaxından kömək edir. Fermer deyir ki, kəndimiz uzun illər ərzində erməni hərbi birləşmələrinin atəşi altında olub. Həmin ağır vaxtlarda belə əlimiz işdən soyumayıb. Vətən müharibəsindəki şanlı qələbəmiz bizi daha da ruhlandırıb. Yaxşı bilirik ki, biçdiyimiz buğda ailələrə sevinc gətirəcək. Qeyd edək ki, fermer bu il 50 hektarda buğda yetişdirib, zəmilərdə biçin aparılır. İlk günlərin nəticələri sevindiricidir, hər hektarın məhsuldarlığı 40 sentnerdən çoxdur. Fermerlər Xəqani Əliyev, Tiflis Abışov və başqaları da dövlət dəstəyindən ruhlanaraq zəmilərdə bol məhsul yetişdiriblər. Kövşənlərdə kombaynların səsi qaş qaralana kimi kəsilmir, biçilən "sarı kəhrəba" xırmanlara daşınır...

Salman ALIOĞLU,

"Respublika".