SOCAR-ın prezidenti “Honeywell” şirkətinin nümayəndə heyəti ilə görüşüb
İqtisadiyyat

SOCAR-ın prezidenti “Honeywell” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Honeywell” şirkətinin yüksək artım tempi olan regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüşdə SOCAR ilə “Honeywell” şirkəti arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan, bu xüsusda “Star” neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi layihələrində birgə fəaliyyətdən məmnunluq ifadə edilib. 
Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” siyasəti və ölkəmizdə bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib. 
Görüşdə şirkətlər arasında regionun enerji sənayesinin avtomatlaşdırılması və enerji keçidinin inkişafı məqsədilə Əməkdaşlıq Sazişi imzalanıb. Sənəd enerji sektorunun rəqəmsallaşdırılmasının dəstəklənməsi, emissiyaların azaldılması, təhlükəsizlik, innovativ həllər üzrə əməkdaşlığı nəzərdə tutur.

“Respublika”.