Milli neft strategiyasında mühüm mərhələ
İqtisadiyyat

Milli neft strategiyasında mühüm mərhələ

29 dekabr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı gündür

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının bir hissəsini ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi.

Bu məqsədlə ulu öndər Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olundu. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır.

"Mən bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclasını çağırmışam. Fondun yaradılması Azərbaycanın 1994-cü ildən həyata keçirdiyi neft strategiyası nəticəsində mümkün olmuşdur. Biz bu strategiyanı həyata keçirməyə başlayarkən qarşımıza əsas bir məqsəd qoymuşuq: neft-qaz yataqlarının xarici şirkətlərlə işlənilməsini, hasilatı təmin etmək və Azərbaycanın mənafelərinin təmin olmasına yönəltmək. Burada bir çox məsələlər var. Ancaq birinci yerdə iqtisadiyyatın inkişaf etdirilməsi, sosial problemlərin həll olunması dayanır". Bu sözləri Prezident Heydər Əliyevin sədrliyi ilə 2002-ci il iyulun 17-də keçirilən Dövlət Neft Fondu Müşahidə Şurasının ilk iclasında ulu öndər deyib. Bununla milli neft strategiyasında yeni mərhələ başlandı.

Neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən fond, eyni zamanda ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılmış xüsusi məqsədli dövlət qurumudur. Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir.

Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsindən və s. ibarətdir.

Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. Qısa müddətdə beynəlxalq səviyyədə tanınan quruma  çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondu siyahısında yer alır.  Dövlət Neft Fondundan ayrılan ilk vəsait Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş, müvəqqəti olaraq çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllinə yönəldilib. Bu prosesin davamı olaraq, Prezident İlham Əliyevin 2003-cü ildə söz verdiyi kimi bir neçə ilə çadır şəhərcikləri tamamilə ləğv edildi, orada yaşayan insanlar üçün lazımi infrastrukturla təchiz edilmiş yeni qəsəbələr salındı. Ölkəmiz üçün çox mühüm iqtisadi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, "Star" neft emalı kompleksinin, o cümlədən Azərbaycan  Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti"nin tikintisi layihələri, Cənub Qaz Dəhlizi QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi də ARDNF tərəfindən həyata keçirilib.

Hazırda Dövlət Neft Fondu təkcə birjada kotirovka olunan səhm yatırımları hesabına dünyanın 1600-dən çox ən iri şirkətlərində səhmdardır. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən ARDNF-ə BMT-nin "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafatı təqdim edilib. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında sözügedən mükafata layiq görülən birinci dövlət qurumudur.

ARDNF-in istər neft gəlirlərinin ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqamətində qazandığı böyük uğurlar dünyanın neft ölkələrinə nümunə ola bilər. Yarandığı gündən Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən fondun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə əsas verir.

Röya RÜSTƏMLİ,

"Respublika".