YÜKSƏKİXTİSASLI KADR HAZIRLIĞI DÖVRÜN TƏLƏBİDİR
İqtisadiyyat

YÜKSƏKİXTİSASLI KADR HAZIRLIĞI DÖVRÜN TƏLƏBİDİR

Ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafında yüksəkixtisaslı kadrların köməyilə aqrar elm və innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu inkişafın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu öndərin strateji xəttini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısının göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial texnologiyalar öz bəhrəsini verməkdədir. Bir əsrdən çox şərəfli yol keçən, zəngin ənənələri və elmi irsə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti son illərdə Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində müasir infrastrukturu, zəngin elmi, maddi-texniki bazası, çoxşaxəli beynəlxalq əlaqələri, müasir tədris və təlim mühiti, peşəkar, ixtisaslı kadrları, akademik heyəti ilə bölgədə ali ixtisaslı aqrar kadrlar hazırlayan ən böyük universitetə çevrilmişdir. Burada yaradılan elmi-tədqiqat mərkəzləri, müasir laboratoriyalar, eksperimental heyvandarlıq kompleksi, baytarlıq klinikası və bitki klinikası da tədrisin səmərəliliyinin və keyfiyyətinin artırılmasına zəmin yaratmışdır. Bütün tədris korpusları dünya standartlarına uyğun təmir olunmuş, auditoriyalar yüksək sürətli internet şəbəkəsi, kompüterlər və digər texniki vasitələrlə lazımi səviyyədə təmin edilmişdir.

Bu gün aqrar sahənin inkişafı göz önündədir. Ölkə başçısı aqrar sahədə günün tələbləri səviyyəsində innovasiyaların, müasir texnologiyaların tətbiqi və bununla uzlaşan gənc kadrların hazırlanması məsələlərini önə çəkərək bildirmişdir: "Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər". Bunun bariz nümunəsidir ki, illərin ən yüksək qəbul göstəricisi bu il - 2023/2024-cü tədris ilində 94,77 faiz olub.

Qarşıya qoyulmuş hədəflər uğurla həyata keçirilir. Yetərincə formalaşmış aqrar təhsili tədris edən professor-müəllim heyəti bazar iqtisadiyyatının tələblərinə uyğun, keyfiyyətli kadrların hazırlanması üçün ən mütərəqqi üsullardan istifadə edərək fədakarcasına çalışırlar. Universitetdə şəffaflıq, obyektivlik əsas meyardır. Universitet rəhbərliyi uğurlu kadr potensialının əldə olunmasında kənd təsərrüfatı müəssisələri ilə sıx əməkdaşlıq edir.

Dünyada artan əhali sayı və iqlim dəyişikliyi fonunda təbii ehtiyatların azalmasının mütəxəssisləri sərt addımlar atmağa vadar etdiyindən kənd təsərrüfatı sahəsində elmin və innovasiyaların inkişafının əhəmiyyəti böyükdür. Burada təkcə məhsuldarlığın artırılmasından söhbət getmir, həm də biomüxtəlifliyi artıran ekoloji təmiz təcrübələrdən, zərərvericilərin yayılmasının proqnozlaşdırılmasından, suvarmanın optimallaşdırılmasından və quraqlığadavamlı məhsulların yetişdirilməsindən gedir. Azərbaycan Dövlət Aqrar Universitetində fundamental bilikləri dərindən bilən alimlərin, müasir maddi-texniki bazanın və həvəsli gənc nəslin olması bu sahədə görüləcək işlərin müsbət gələcəyindən xəbər verir. Bəli, artıq innovativ texnologiyaların tətbiqi hesabına ənənəvi əkinçilikdən innovativ əkinçiliyə keçid edilib. Universitetin demək olar ki, dünyanın 20-dən çox ölkəsinin 100-dək reytinqli təhsil ocaqları ilə sıx əməkdaşlıq əlaqələri var. Bu gün də ADAU-da bazar iqtisadiyyatının tələblərinə uyğun, ixtisaslı kadrların hazırlanması üçün ən mütərəqqi üsullardan istifadə edilir.

Universitetdə Türkiyə, İsrail, Lesoto, Malayziya, Afrika, Konqo, Qazaxıstan və digər ölkələrdən olan tələbələr təhsil alırlar. Gənc, kreativ, perspektivli və xarici dil bilən mütəxəssislərin hesabına xarici vətəndaşların sayı əhəmiyyətli dərəcədə artmışdır. Əminliklə demək olar ki, Azərbaycan Dövlət Aqrar Universiteti qloballaşan dünyada sürətlə inkişaf edən ölkəmiz üçün bugünkü əmək bazarının tələblərinə cavab verən, ixtisaslı müasir və innovativ düşüncəli mütəxəssis hazırlığı istiqamətində fəaliyyətini uğurla davam etdirəcək.

Zahir ƏLƏSGƏROV,

ADAU-nun kafedra müdiri,

dosent, "Qabaqcıl Təhsil işçisi".