Region

"YAŞIL ARTIM"A DİQQƏT

Lənkəran

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ekoloji problemlərin diqqət mərkəzində olduğunu əyani göstərir. Bu münasibətlə respublikamızın hər yerində olduğu kimi, Lənkəran rayonunda da silsilə tədbirlər keçirilir. "Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda növbəti konfrans təhsil işçilərinin iştirakı ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbirdə müstəqil Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu öndərin, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva konfransda çıxış edərək bildirib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə xüsusi diqqət yetirilir. Çirklənmiş torpaqların bərpası, meşə ilə örtülü ərazilərin artırılması, yeni yaşıllıqların salınması, Xəzər dənizi sahillərinin, suların, canlı aləmin mühafizəsi, iqlim dəyişmələrinin zərərli təsirlərinin azaldılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Noyabr ayında COP29 kimi mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Ölkəmiz iqlim dəyişmələrinin azaldılması və "yaşıl enerji"dən istifadə sahəsində qlobal layihələrin təşəbbüsçüsü kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ətraf mühitin mühafizəsini, insanların sağlam təbii mühitdə yaşamasını və rifah halının yüksəldilməsini aparılan uğurlu sosial-iqtisadi islahatların tərkib hissəsi kimi dəyərləndirib. Ümummilli liderin ətraf mühitin mühafizəsi ilə əlaqədar gənclərə tövsiyələrindən, bu sahədə yeniyetmə və gənclərin fəallıqlarının artırılmasının vacibliyindən ətraflı söhbət açılıb.

Sonra "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız" adlı videoçarx nümayiş etdirilib. Ekoloji mövzuda təqdimatlar, rəsm əsərləri nümayiş olunub. "Ay lolo" folklor qrupunun və şəhər uşaq bağçasının balaca fidanlarının rəqsləri alqışlarla qarşılanıb.

Konfransda fəal gənclərin bir qrupu diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".