Unudulmaz hünər və şücaət
Region

Unudulmaz hünər və şücaət

Vətən müharibəsində yağı düşmənə qan uddurub xalqımıza zəfər sevincini yaşadan  minlərlə qəhrəmanlardan biri də şəhid Valeh İsbat oğlu Məmiyevdir.

Valeh 1994-cü il martın 27-də Yardımlının Kürəçi kəndində anadan olub. Həyatının mənasını Vətəninə, xalqına xidmətdə görən  baş leytenant İkinci Qarabağ  müharibəsində haqq savaşımızda  tank bölüyünün komandiri kimi Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının azadlığı uğrunda böyük şücaət göstərib. Cəsur komandirin son döyüşü Qubadlı-Laçın istiqamətində olub. Bu ağır döyüşdə düşməndən qisasını almaqla əbədiyyətə qovuşur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsi və atəş nöqtələrini məhv etdiyi üçün  “Vətən uğrunda” və Cəbrayılın, Qubadlının azad olunmasına görə  medallarına layiq görülür.

Vətən müharibəsinin qalib şəhidi Valeh Məmiyevin  əziz xatirəsi ehtiramla anıldı.  Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisinin, ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvləri və müharibə iştirakçılarının  qatıldığı mərasimdə qəhrəmanın məzarı üstünə təzə  çiçək dəstələri  düzməklə   əziz xatirəsi yad olundu.

Çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan söhbət açdılar, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, Azərbaycana məxsus torpaqların  30 ildən sonra 44 günə işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Vətən övladlarının göstərdiyi  şücaətdən fəxrlə  danışdılar.

Axırda şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını bildirdilər.

Zəfər ORUCOĞLU.