Kənd əməkçilərinin qayğıları
Region

Kənd əməkçilərinin qayğıları

Beyləqan

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər "ağ qızıl"ın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xalid Məmmədov söhbət zamanı bildirdi ki, cənab Prezident pambıqçı əməyinə daim qayğı və diqqət göstərir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılıb. Pambığın alış qiymətinin hər il artırılması bu qayğının daha bir parlaq nümunəsidir. İndi məhsulun əkilib-becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinliklər yoxdur. İdarə rəhbəri bildirdi ki, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə alış qiymətləri 2023-cü ildən məhsulun hər tonuna 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti 780 manata, 3-cü növün qiyməti 740 manata, 4-cü növün qiyməti isə 700 manata qaldırılıb. Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlər bu mövsümdə 180 manat deyil, 190 manat subsidiya alacaqlar. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunur. Qeyd edək ki, Beyləqan rayonunda əkinəyararlı 49144 hektar suvarılan sahə var. Ötən təsərrüfat ilində rayonda 6673.7 hektar pambıq əkilib-becərilmiş, hər hektardan 32.4 sentner məhsul əldə edilmişdir. 2024-cü il üçün əkin sahəsi  8694.6 hektara çatdırılmışdır. Əkin sahələrində yüz faiz çıxış əldə olunub, hazırda 1660 hektar sahədə birinci becərmə işləri aparılıb, yüksək səviyyədə aqrotexniki qulluq göstərilməsi davam edir. Pambıq sahələrində dərmanlama işlərini vaxtlı-vaxtında həyata keçirmək üçün lazımi aqreqatlar hazır vəziyyətdədir. Rayonda "MKT İstehsal Komersiya" MMC və "Azərpambıq" MMC-də xam pambığın qəbulu həyata keçirilir. Qəbul vaxtı fermerlərə yüksək səviyyədə diqqət və qayğı göstərilir, verilən məhsulun növlərinin təyin edilməsi və qiymətinin dəyərləndirilməsində neqativ hallara yol verilmir. Digər müsbət hal budur ki, elə xam pambığın emalı da burada həyata keçirilir. Əlbəttə, fermerlər onlara yaradılan bu münbit şəraitə və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edir, məhsuldarlığın bu il daha yüksək olacağını bildirirlər.

Rayonda ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət rəhbəri tərəfindən göstərilən qayğını, dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına xüsusi maraq göstərirlər. Rayonda 2023-cü ilin məhsulu üçün 18134 hektar dənli bitki əkilmişdir. Onun 15944 hektarı buğda, 2189 hektarı arpadır. Cari ilin məhsulu üçün isə 16202.8 hektar sahədə dənli bitkilərin əkini aparılıb ki, onun 12727.8 hektarı buğda, 3475 hektarı arpa sahəsidir. Hazırda rayonda arpa biçininin başlanmasına hazırlıq işləri aparılır. Biçində 48 taxılbiçən kombayından, 220 ədəd qoşqudan istifadə ediləcək. Məhsul boldur, fermerlərin üzü gülür.

Mərkəzin direktoru söhbət zamanı bildirdi ki, rayonda baramaçılığın da zəngin ənənələri və böyük potensialı yaranıb. Bu sahənin inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdən biridir. Əsas məqsəd keçmiş ənənələri bərpa etmək və məhsul istehsalını artırmaqdır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" baramaçılığın inkişafına geniş imkanlar açıb. Dövlət Proqramı rayonda uğurla icra edilir. Proqram çərçivəsində görülən işlər bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, kənd yerlərində əhalinin məşğulluğunun təmin edilməsi və rifah halının yaxşılaşdırılmasına yönəldilib. 2023-cü ildə rayonda kümçülər tərəfindən yetişdirilən (1200) bir min iki yüz kiloqram məhsul "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Məhsulun bir kiloqramı dövlət subsidiyası ilə birlikdə emal müəssisəsinə 11 manata satılır. Cari mövsümdə 30 qutu barama toxumu yetişdirmək üçün kəndlərə paylanılıb. Kəbirli, Dünyamalılar, Təzəkənd, Bahar, Əhmədli kəndlərinin kümçüləri keyfiyyətli məhsul satışında daha çox fərqlənirlər.

Ərəstun ABDULOV,

"Respublika".