Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıblar
Digər xəbərlər

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıblar

İyunun 5-də Dövlət Turizm Agentliyinin(DTA) təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün ölkəmizin destinasiya təqdimatı tədbiri keçirilib.

Qurumun mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə təşkil edilmiş tədbirdə Azərbaycanda fəaliyyət göstərən 60-dan çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların əməkdaşları, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

Təqdimatda Dövlət Turizm Agentliyin Aparatının rəhbəri Kənan Qasımov tədbirin Azərbaycanın turizm təcrübələrinin və həyata keçirilən fəaliyyətlərin bölüşülməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilib və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov çıxış edib.

Bəybala BƏYBALAYEV,

"Respublika".