İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Taekvondoçularımızın uğurlu çıxışı

Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında ölkəmizi təmsil edən taekvondoçularımız bir qızıl və bir bürünc olmaqla 2 medal qazanıblar. 73 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Elcan Əliyev final mərhələsində qızıl medala sahib olub. Qız taekvondoçular arasında 49 kiloqram çəki dərəcəsində yarışan Nilufer Borji isə bürünc medal uğrunda görüşdə rusiyalı Kseniya Ustinovanı məğlub edərək yarışı 3-cü pillədə başa vurub.

Gimnastlarımız beynəlxalq turnirdə

İsveçrənin Arosa şəhərində keçirilən 52-ci Nissen kubokuna Azərbaycan gimnastları da qatılıblar. Yarışda ölkəmizi Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova təmsil ediblər. Kubok oyunları iyunun 29-da başa çatıb. Azərbaycan idmançıları 2-si qızıl, 2-si bürünc olmaqla 4 medal qazanıblar.

Boksçumuz finalda

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa çempionatında boksçumuz finala vəsiqə qazanıb. 48 kiloqramda çıxış edən Nihat Qasımov Serbiya təmsilçisini 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Aylin Nəzərova (48 kiloqram), Əminə Tağı (52 kiloqram) isə bürünc medalla kifayətləniblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".